- Köşə

Vasif SADIQLI. “Bu cümlə rusca yazılıbdır”

Ana Dili Günündə “Ədəbiyyat qəzeti”ndə Milli Məclisin deputatı Elnarə Akimovanın yazısı dərc olunub.  Vikipediyaya baxdım, E. Akimova siyasətçi, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami adına Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri (2018), “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü imiş.

Mən hörmətli E.Akimovanı savadlı bir şəxs hesab edirəm. Ana Dili Günündə onun “Rişədən başlamalı”, yaxud dilimiz, mücadiləmiz” adlı məqaləsi diqqətimi cəlb etdi. Yazıdakı bir sıra mübahisəli məqamları (oxucuda belə qənaət yaranır ki, osmanlıcanı ədəbi dil kimi sırımaq istəyənlərlə möllanəsrəddinçilər üz-üzə yox, bir cəbhədə olublar) kənara qoyub, məqalənin dilindəki səhvlərlə bağlı (onlar isə az deyil) bircə qeydimi diqqətinizə çatdırmaq istərdim.

Şübhəsiz, ana dilinə sevgi aşılamaq, onu sevdirmək, kənar dillərin təsirindən qorumaq istiqamətindəki bütün fəaliyyətlər təqdir edilməlidir. Amma Ana Dili Günündə ana dilindən yazanda, “rişədən başlamağı”, ana dilinin saflığı uğrunda “mücadiləni” tövsiyə, təbliğ, təşviq  edəndə ədəbi dil normalarını kobud şəkildə pozmaq, o cümlədən rusca düşünüb, sonra rus dilinin konstruksiyası əsasında formalaşdırdığın cümlənin kalkasını yazmaq heç yerinə düşmür.

Məqaləni oxumağa hövsələsi çatan hər kəs deyilən yazıda ədəbi dil normalarının pozulması ilə bağlı çoxlu səhvlərin şahidi ola bilər. Sizi yormaq fikrim yoxdur və diqqətinizi bircə cümləyə cəlb etmək istərdim:

Elnarə Akimova yazır: “Təsəvvür edin kiçik yaşlarından fərddə formalaşmış baza, hansı ki, orada nə Nizami, nə Füzuli, nə Sabir var…”. Cümlə beləcə də bitir… Bu heç. Əsas diqqəti ruscadan kalka edilmiş hansı ki sözünə yönəltmək istərdim. Bu sözlə qurulan cümlə konstruksiyalarının rus dilinin sintaksisinin təsiri ilə yarandığını və ədəbi dil normalarımıza zidd olduğunu görkəmli ziyalılarımız hələ bir əsr əvvəl qeyd ediblər. Məsələn, Üzeyir Hacıbəyli “Müəllim Əli cənablarına” başlıqlı məqaləsində yazırdı:

“…Biz müəllimlər isə öz türk dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi daha da xarab edirik. Hələ yaxşı ki, siz ilə mən bir qədər savadlıyıq, amma yüzlərcə müəllim var ki, türk dili cəhətincə sırf bisavaddırlar; bədbəxtlik burasındadır ki, öz türk dilimizi öyrənmək həvəsi də biz müəllimlərdə yoxdur. Sizin həmin bu məqaləniz, əfəndim, (mən yazan məqalələr kimi) türkcən yazılmayıbdır, ruscadan tərcümə edilibdir, yəni siz (və mən) əvvəlcə rusca fikir edib sonra həmin fikrimizdəki rus sözlərinin tərcüməsini bura yazıbsınız; o səbəbdəndir ki, məqalənizin bir çox yerləri türk dilinin, hətta avamlarımız arasında istemal olunan dilin də ruhuna biganə olduğunu hətta mən də anlayıram. Məsələn, yazırsınız:

«Unutmamalı ki yoldaşımız… şu rusca hekayəni o şagirdlərə təlim edir, hansılar ki, hekayənin heç bir sözünün mənasını bilmir…»

Bu cümlə rusca yazılıbdır, ancaq rus sözlərinin əvəzinə onların türkcə tərcüməsi qoyulubdur. Bax ruscasını yazım, bir-birinə tutuşduraq:

«Ne nujno zabıvat, çto tovariş… etu skazku po russki prepodaet tem uçenikam, kotorıe ne znayut znaçenie ni odnoqo slova…»

Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişlər ki, türk dilində «hansı ki», «hansılar ki» sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulilə dərs verən müəllimlər, rusun «kotorıy» kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar; onun istemalı lüzumsuz bir ağırlıqdır.

Haman mətləbi bu cürə demək olardı: diqqət yetirməli; Üzeyir cənabları şagirdlərə rusca bir hekayə təlim edir ki, şagirdlər o hekayədəki sözlərdən heç birinin mənasını bilmirlər…”.
Belə. Əlbəttə, “rişədən başlamaq” lazımdır. İşdi-şayəd əgər rişədən başlamayıbsansa və sonradan da o boşluğu doldurmayıbsansa, bir qədər diqqətli olmaqda fayda var…
Beləcə bir Ana Dili Gününün də sonuna gəldik.
Qarşı yatan qara dağlarımız yıxılmasın!
Kölgәlicә qaba ağacımız kәsilməsin!
Qamәn axan görklü suyumuz qurumasın!
Çaparkәn ağ-boz atımız büdrәməsin!
Allaһ verәn umudumuz üzülmәsin.

Vəssalam, namə tamam…

Xeyirli cümələr…