- Dil, Manşet

Vasif SADIQLI. “Bunu başa düşməyənlər Rusiyanın düşmənidir”

Rusiyanın ukraynalılara qarşı assimilyasiya siyasətinə dair bəzi qeydlər (II hissə)

Keçən dəfə İnternet materialları əsasında hazırlanan yazımızda 1690-cı ildən Rusiya İmperiyasının ovaxtkı daxili işlər naziri P.A.Valuyevin Ukrayna dilində çapın dayandırılması haqqında əmrinə qədər (1863-cü il) Ukrayna dilinin yasaqlanması və ruslaşdırma istiqamətli fərman, əmr və s dekretlər haqda yazmışdıq. Rusiya imperiyasının ukraynalıların assimilyasiyası üçün tədbirlər buketində aşağıdakılar vardı: Ukrayna, Smolensk vilayəti, Baltikyanı ölkələr və Finlandiyanın ruslaşdırılmasına dair II Yekaterinanın göstərişinin icrası, Ukrayna kilsə kitablarının əhalidən müsadirə edilməsi, Ukrayna dilində ibtidai təhsilə tam qadağa qoyulması, kilsə xidmətlərində Ukrayna dilindən istifadənin və Ukrayna dilində tədrisin qadağan edilməsi, məhkəmə işlərinin Ukrayna dilində aparılmasınının qadağan edilməsi, Ukrayna bazar günü məktəblərinin bağlanması. Valuyev sirkulyarında açıq şəkildə deyilirdi: “Ukrayna dili olmayıb, yoxdur və ola da bilməz. Bunu başa düşməyənlər Rusiyanın düşmənidir”.

Valuyevin əmrindən 13 il sonra – 1876-cı il mayın 18-də (30-da) Almaniyanın Bad Ems şəhərində istirahətdə olan İmperator II Aleksandr sonralar Ems Fərmanı adlanan sənəd imzalayır. İmperator hesab edirdi ki, bu sənəd imperiyanın vahid və bölünməz obrazına xələl gətirən Ukrayna faktorunu siyasi səhnədən sıxışdırmalıdır. O vaxt Rusiyanın hakim dairələrində “ukrainofillik” deyilən bir fobiya olub.

Almaniyanın Bad Ems şəhərində İmperator II Aleksandra abidə

Ukrayna xalqının milli identiklik davası imperiyanın maraqlarına uyğun deyildi və II Aleksandrın imzaladığı fərman üçün əsaslandırma hazırlayanlar onları qəzəbləndirən bir sıra faktları qeyd ediblər. Məsələn, Pavel Çubinskinin hələ 1863-cü ildə Lvovda “Meta” qəzeti tərəfindən dərc edilmiş “Ukrayna hələ ölməyib” şeiri ciddi narahatlıq doğurmuşdu:

Ay Boqdan, Boqdan,
Şanlı getmanımız!
Biz Ukraynanı niyə verdik
Pis moskallara?!
…Şərəfimizi qaytarmaq üçün,
Başımızı yerə qoyaq,
..Hey-hey, əziz qardaşlar,
Gəlin, işə başlayın!
Hey-hey, qalxmaq vaxtıdır,
Azadlığı əldə etməyin vaxtıdır!

Maraqlıdır ki, Ems fərmanının qəbul edilməsinə “Taras Bulba”nın Ukrayna dilinə tərcüməsinin daha bir səbəb olduğu bildirilir. Tərcümədə “rus” sözləri “Ukrayna” ilə əvəz edilib. Buna görə də əsərin sonunda “Rus çarı” ifadəsi “Ukrayna çarı” kimi gedib. Bu, təbii ki, çar məmurları tərəfindən Ukrayna separatizmi kimi şərh edilib.

Rusiyanın təkcə siyasi elitası yox, ziyalıları arasında da imperiya təfəkkürü müəyyən qədər hakim olub və Ukrayna xalqının milli identiklik davasına münasibətləri o vaxtlar tanınmış rus yazıçısı və publisist İ. S. Aksakovun nəşr etdiyi “Den” qəzetinin səhifələrində gedən materiallarda aydın görünür. Qəzetdə bu tipli fikirlərə rast gəlmək olurdu:

“… Xoxlomanların uydurduğu malorus dili boş şeydir, əsl məqsəd xüsusi malorus dövlətidir. “Malorus dili əvvəlki kimi qalacaq, o, nə hökumət, nə təhsil dili, hətta təhsilli cəmiyyətin ünsiyyət dili ola bilməz”, “… hazırkı ədəbi dilimiz velikorus və malorus yazıçılarının birgə səyləri ilə yaradııb, buna görə də malorusların yeni elm və təhsil dili yaratmağa ehtiyacı yoxdur” və s. Bu tipli iddialar da qütbləşməni daha da gücləndirirdi.

Beləliklə, Ems fərmanı imzalandı və fərman bunları qadağan edirdi:

  • xüsusi icazə olmadan Ukrayna dilində yazılmış kitabları xaricdən Rusiya imperiyasının ərazisinə gətirmək;
  • orijinal əsərlər nəşr etmək və xarici dillərdən tərcümələr etmək. “Tarixi sənədlər və abidələr” bir sıra qeyd-şərtlərlə (məsələn, Ukrayna kulişovka orfoqrafiyası qadağan edilir və yalnız “ümumrusiya yazısı” – yarıjkaya icazə verildi) istisna olunurdu, amma ilkin senzuraya məruz qalmaq şərtilə;
  • Ukrayna teatr tamaşalarının səhnələşdirilməsi (qadağa 1881-ci ildə yumşaldıldı), Ukrayna mətnləri ilə notlar çapı;
  • Ukrayna mahnıları ilə konsertlər təşkil etmək;
  • ibtidai məktəblərdə ukrayna dilində tədris.

Almaniyanın Bad Ems şəhərində Ems Fərmanına həsr olunmuş xatirə lövhəsi

Beləliklə, bu fərmanla Ukrayna dili vətəndaş həyatının ən yüksək sferalarından sıxışdırılır. Elm sahəsində istifadə olunmur, ali və orta təhsil ocaqlarında, hətta ibtidai siniflərdə tədris olunmur. Ukrayna dili artıq savadsız və cahil kəndlilərin dili kimi görünməyə başlayırdı.

Maraqlıdır ki, bu fərman elə XIX əsrdə Avropada ciddi tənqidlərə məruz qalıb. 1878-ci ildə Parisdə keçirilən Birinci Beynəlxalq Ədəbiyyat Konqresində faktiki sədrlik edən İ.S.Turgenevin (de-yure sədr Viktor Hüqo idi) köməkliyi ilə deputat Draqomanovun Ems Fərmanının pisləyən yazısı nümayəndələr arasında paylanmışdı. Bir çox avropalı yazıçı və alim Emski fərmanının Ukrayna dilini qeyri-qanuni şəkildə məhdudlaşdıran bir sənəd kimi qəbul edib və onun əleyhinə çıxış edib.

Məşhur alman slavyanşünası və Köln Universitetinin tarixçisi Gerhard Simon Ems Fərmanının 140-cı ildönümündə haqlı olaraq qeyd edir: “Dəhşətlisi odur ki, bizim çoxdan aradan qalxdığını düşündüyümüz problem hələ də qalmaqda davam edir. 19-cu əsrdə kök salan vahid böyük rus xalqı haqqında feodal ideologiyası hərbi müdaxilə üçün ilkin şərt və əsaslandırmadır. Rusiya Federasiyasının əhəmiyyətli dairələrində siyasi şüur ​​hələ də 19-cu əsrin düşüncə paradiqmasından imtina etməyə hazır deyil”.

https://zn.ua/HISTORY/emskiy-ukaz-yazyk-za-reshetkoy-317899_.html 

(Yazı İnternet materialları əsasında hazırlanıb)

Xeyirli cümələr