- Köşə, Manşet

Vasif SADIQLI. Çox hiddətləndim və ya İlham Pərisinin yubanmasının gerçək səbəbi

Dünən müsahibə hazırlayırdıq. Demək, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra”sı çapdan çıxıb. Söhbət gəldi çıxdı müəllifin milliyyətinə. Fars-tacik versiyası geniş yayılsa da, türk xalqlarının nümayəndəsi olduğunu iddia edənlər də var. Mən birinciyə daha çox inanırdım. Elə mənə pası da rəhmətlik Dövlətşah Səmərqəndinin özü verdi. Səmərqəndi təzkirəsində şeirin yaranma tarixindən bəhs edərkən dünyada ilk şeir deyən kəsin Adəm peyğəmbər olduğunu yazır. Buna səbəb isə oğlu Qabilin Habili öldürməsi imiş. Guya bu hadisədən kədərlənən və təsirlənən Adəm bu münasibətlə dünyadakı ilk şeiri deyib.

Çox maraqlıdır. Necə olur ki, Adəm baba “çərşənbə günündə çeşmə başında” Həvvanı görəndə zərrə qədər də ilham almır, Həvva üzünü hələlik naməhrəm olan kəsdən kənara çevirəndə “Ala gözlü, sərvi boylu dilbərim, Həsrətin çəkdiyim canan, bəri bax” tipində nəsə demir?

İlham Pərisinin gəlməsi üçün kimsə ölməli idi?

Yaxşı, bu qalsın. Evləndilər, uşaqları oldu. Həvva o çağa üçün iki kəlmə “Laylay dedim yatasan, qızılgülə batasan” tipində nəsə deyə bilməzdi?

İlham Pərisinin gəlməsi üçün kimsə ölməli idi?

Uşaqlar böyüdü, dili açıldı. Ata və ya ana “Balama qurban inəklər, balam nə vaxt iməklər?” tipində nəsə yazmaq üçün səbəb yox idi?

İlham Pərisinin gəlməsi üçün kimsə ölməli idi?

Həri. Səmərqəndi yazır: “…Buyurdu ki, elə ki o, göylərdən yerə endi, oranın havasını, torpağını, vüsətini, sonra da Qabilin Habili öldürməsini görüb aşağıdakı beytləri dedi:

Ölkələr və onlarda olanlar dəyişmişdir,
Yerin üzü eybəcər şəkildə tozla örtülmüşdür.
Hər şeyin rəngi və dadı dəyişmişdir,
Gözəl surətlərdəki şənlik də azalmışdır.
Əfsus mənim oğlum Habilə!
Qətl olundu, məzar onu öz ağuşuna çəkdi.

Yəni Adəm göylərdən enəndən Qabil Habili öldürənə qədər fani dünyada mütləq poeziya vakuumu olub. Sonanın yerişi, kəkliyin dururşu, ceyranın gözləri, kainatdakı qüsursuz nizam, Həvvanın “qələm qaş altından piyalə gözləri…” heç biri, heç biri Adəm babanın “gühəri-xəzaneyi-dil”i tonik, sillabik və ya sillabo-tonik şəkildə (lap cəhənnəmə, səc kimi, rəcəz kimi, antik yunanlardakı kimi qafiyəsiz şəkildə) inci kimi sapa düzməyə təhrik etməyib. Çünki poetik ilhamın mayası ahdı, ufdu, vaydı, şivəndi fəlsəfəsinə könül veribmiş…

Bəli. Bir adamın İlham Pərisinin yalnız yas olanda gəldiyini, incəsənətin bir növünün yaranmasına səbəbin yas olduğunu yalnız İran mədəniyyətindən qidalanmış olan şəxs iddia edə bilər.

Allah Dövlətşah Səmərqəndiyə rəhmət eləsin. Fars olmaq isə nöqsan deyil. Hər xalqın yaxşısı-yamanı olur. Sadəcə, bizə aid olmayana zorla türk demək də bir şey deyil. Rəhmətliyin təfəkkürü açıq mətnlə “Mən türk deyiləm” deyir…

Xeyirli bazar günləri

P.S. Hələ qurdalasan, məlum olacaq ki, dillərin mənşəyi ilə bağlı elmə məlum olan materialist “Əmək hıçqırıqları”, “Vau-vau”, “Səs təqlidi” nəzəriyyələri ilə yanaşı, sekulyar iranlıların da bir “Vay-vay” (və ya “ara, vay-vay”) nəzəriyyələri var. Yəni ilk dil, ilk sözlər də ağlaşmadan, vay-şivəndən yaranıb…

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova