Bir dəfə FADMM üzvlərindən biri Bakını əcnəbi dillərin işğalından xilas etmək üçün Milli Məclisin üzvünə müraciət etmişdi. Həm də akademik olan MM üzvü ona belə cavab vermişdi: “Dünyanın hər yerində belədir”.
Hamımız bilirik ki, dilçi, akademik, xüsusən millət vəkili olan zat heç vaxt yalan danışmaz… Əgər o, belə deyirsə, bundan belə bir əqli nəticə çıxarmaq olar:
1. Məzkur zat (deputat) dünyanın hər yerində (əgər hər-dən az olsaydı, yazardı, məsələn, hər çıxaq bir və ya hər çıxaq 2 yerində) olub. Hər o deməkdir ki, Nauruda da, Tuvaluda da, Sent-Kits və Nevisdə də, Antiqua və Barbudada da, Kiribatidə də, canım sizə desin, San-Tome və Prinsipidə də – hammmısında olub.
2. Məzkur deputat dünyanın hər yerində reklam və lövhələrin əcnəbi dildə yazıldığını öz gözləri ilə görüb.
İkincini ona görə yazdım ki, bir deputatın dünyanın hər yerində olması onun reklamlara baxması anlamına gəlməz. Mümkündür ki, adam təsəvvüfdəki “nəzər bər qədəm” prinsipini rəhbər tutub müdam yerə baxır və başını yuxarı qaldırmır. Və ya mümkündür ki, kimsə ona deputat olmağın qızıl qaydalarını xatırladıb:
Ey dep, dəxi dinmə və sükut et, səni Tarı,
Lal ol və danışma,
Sal başını aşağa və heç baxma yuxarı,
Mal ol və danışma…
Bu da mümkündür ki, adam peydərpey göyə baxır və ətrafından xəbəri olmur. Olur elənçik adamlar, uşaq vaxtı biz yeriyərkən ayağımızı düz qoymayanda belə deyərdilər: “Ay bala, gözün ayağının altına baxsın, Maral Abdulla kimi niyə göyə baxırsan?”. Amma bu adam baxıb-görüb ki, deyir – deputat yalan danışmaz. Bir şey qaranlıqdı, deputatın dünyanın 200-dək ölkəsinə getməsinin və onları görməsinin məqsədi nə olub? Məncə, qəsdən göndəriblər. Göndəriblər ki, get öz gözünlə gör, sabah, xudanəkərdə, “Aya, Bakının küçələrində bu yazılar niyə yalnız əcnəbi dillərdədir?” deyən ziyalılar peyda olsa və Dövlət Reklam Agentliyinin əməkdaşları nə illah eləsə ki, onları başa salsın və başa sala bilməsə və ADRA əməkdaşları xarakiri eləmək həddinə çatsalar, “Şenidən key bovəd manəndi didən” (görməyin yanında eşitmək nəmənədir?) deyibən dünyanın hər yerini gəzən və dünyanın hər yerində belə olduğunu görən deputat Simurq quşu kimi peyda olub i-nin üzərinə nöqtəni qoysun.
Amma bir şey, başqa bir akademik demişkən, qəribəmə gəlir: Necə olur ki, biz özümüz və dostlarımız Gürcüstana, Rusiyaya, Türkiyəyə, ABŞ-a, Pakistana, Çinə, Yaponiyaya, Malayziyaya gedəndə o ölkələrdə bütün yazılar öz dillərində, yəni dövlət dilində, deputat o ölkələrə gedəndə əcnəbi dillərdə olur? Məsələn, götürək Gürcüstanı. Bizim kənd Gürcüstana çox yaxındır. O qədər yaxındır ki, yayda evdə isti olanda nəfəsliyi (fortoçka) açıb əlimi bayıra çıxaranda orta barmağımın ucu Gürcüstan ərazisinə keçir. Onda görürsən ki, sərhədçilər səsləndilər: “Batono, genatsvali, barmağın ölkəmizin ərazisinə keçib. Bir az geri çək”. Həri. Bakıda olanda rayona zəng edirəm, deyirəm, gedin baxın, Gürcüstanda vəziyyət necədir? Gedirlər, baxırlar və deyirlər ki, gürcücədir. Amma deputat gedəndə əcnəbicə olur.
Və ya bir başqa tanış Gürcüstana gedir, deyirəm, səni and verirəm Akademiyanın qabağında söykənib selfi çəkdirdiyin o əyri ağaca, nə olar, bax gör orda reklamlar nə dilindədir? Qayıdır və yazır ki, gürcücədir. Amma deputat gedəndə əcnəbicə olur. Digər bir tanış gedəndə deyirəm, səni and veriəm bir deputatın e-poçt ünvanını istəyəndə sənə telefonda çəmkirən deputat köməkçisinin əziz canına, orda bax görə reklamlar nə dilindədir? Qayıdır və yazır ki, gürcücədir. Amma deputat gedəndə əcnəbicə olur.
Qışda motal papağımı, yaz-payızda çeçenkamı, yayda qonşunun sombrerosunu qənşərimə qoyub xəyalata cumuram ki, aya, niyə belə olur? Əvvəllər belə düşünürdüm ki, bu adamı qarabaqara izləyirlər və bir yerə gedəndə həmin ölkədə dərhal tapşırıq verirlər ki, dəsfaha reklamları dəyişin, hansı dildə olursa-olsun, itin-qurdun dilində olsun, bircə öz dilimizdə olmasın.
İndi mənə əyan oldu ki, belə deyil, kor atı minib köndələn gedirəmmiş. Demə, deputatın o yazıları qeyri-milli dildə görməsi şeytan vəsvəsəsi imiş (görünür, deputatla yanaşı, bir şeytan da ezam edilirmiş). Belə situasiyalar çox olub. Hind mətnlərində, səhv etmirəmsə, “Mahabharata”da, “Xitopadeşa”da, ya da hansısa başqa mətndə elənçik situasiyadan bəhs edən bir süjet var: Aldadılan adam ağacın başına çıxıb baxanda bir şey görür, ağacdan düşəndə başqa şey görür, çıxır, başqa şey görür, düşür, başqa şey görür… Bokkaçço da həmin süjeti “Dekameron”unda plagiat edib. Amma məlum mülahizələrdən – xətərnak söhbət olduğu üçün təfərrüata varmıram…
Bütün bunlar gözlənilən idi, çünki Rəşidəddin Fəzlüllah da “Came ət-Təvarix”də yazıb ki, “və Məclisi-xamuşanın üzvü olan bəzi zatlar kafir ölkələrinə gedəndə şeytan onlara vəsvəsə verəcək və məskun xalqın zəbanında yazılan lövhələri əcnəbi dilində yazılmış kimi göstərəcək…”
Xeyirli çərşənbə axşamları…