“Aprelin 20-də mindən artıq ziyalının Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciətinə Dövlət Reklam Agentliyindən cavab almışıq”. Bunu “kamilinfo”ya açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı deyib. Mərkəzin sədri bildirib ki, aprelin 14-də Fərəh xanım Əliyevaya təkrar müraciət edilib və Dövlət Reklam Agentliyinin cavabı ilə bağlı yaxın günlərdə açıqlama veriləcək.
ADRA-nın cavab məktubunu təqdim edirik:
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri cənab Vasif Sadıqlıya
Hörmətli Vasif müəllim,
Bakı şəhərinin mərkəzi prospekt və küçələrində yayımlanan reklamlarda dövlət dili ilə bağlı normaların pozulması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş kollektiv müraciətinizə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (bundan sonra Dövlət Agentliyi) baxılmışdır.
İlk öncə, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (bundan sonra İctimai Birlik) dövlət dilinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, bu sahədə mövqeyini və mövcud çatışmazlıqlarla bağlı narahatlığını təqdirəlayiq hesab edirik.
Bundan əlavə diqqətinizə çatdırırıq ki, cari ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətinin və Dövlət Agentliyinin əməkdaşları tərəfindən İctimai Birliyin nümayəndələrinin iştirakı ilə Bakı şəhər, Səbail rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşdirilən reklamların reklamların dövlət dili ilə bağlı qanunvericilik aktlarının tələblərinə uyğunluğunun yoxlanılması çərçivəsində monitorinq həyata keçirilmişdir. Həmçinin monitorinq zamanı bir sıra nöqsanların aşkar olunması ilə yanaşı, xarici dildə yayımlanan reklamlarla bağlı aidiyyəti reklam yayıcılarına məxsus rəsmi sənədlər (əmtəə nişanı haqqında şəhadətnamə, françayzinq, distribütor və dilerlik müqavilələri və s.) İctimai Birliyin nümayəndələrinə təqdim edilmiş, bu barədə qüvvədə olan qanunvericilik aktlarının tələbləri onların diqqətinə çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci maddəsinə, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 7.1-1-ci maddəsinə əsasən, reklamvericinin tələbinə əsasən, reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı, digər dillərdən istifadə edilə bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə olan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir.
Eyni zamanda, açıq məkanda yayımlanan reklamlara nəzarətin həyata keçirilməsi çərçivəsində Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır ki, bu zaman dövlət dili ilə bağlı normalara uyğun olmadan yerləşdirilən reklamlar aşkar edildikdə, onların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür (xəbərdarlıq məktublarının ünvanlanması, müvafiq reklamların yayımının dayandırılması və s.).
Qeyd olunanlarla yanaşı, Bakı şəhərinin ərazisində yerləşdirilən reklamlarda dövlət dili ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsi, bu sahədə təxirəsalınmaz tədbirlərin icrası, eləcə də qaldırılan məsələlərin yerində araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Agentliyinin əməkdaşlarından ibarət birgə komissiyanın yaradılması istiqamətində işlər görülür.
Nəzərə almağınızı xahiş edirik.
Hörmətlə, İdarə Heyətinin sədri Aydın İbadov”