- Dil, Köşə, Manşet

Vasif SADIQLI. Ey yari-bivəfa Dövlət Reklam Agentliyi!

Allah Mirzə Cəlilə rəhmət eləsin

Ey yari-bivəfa Dövlət Reklam Agentliyi! Yadınızdamı, ötən il iyulun 3-ü idi, şoğərib COVİD 19 üzündən tətbiq edilən sərt karantin rejimi şəraitində Bakı Şəhər İcra Hakimiyyətində ziyalılarla görüş təşkil olunmuşdu. Səbəb 800-ə yaxın ziyalının Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib paytaxtın əcnəbi dillər tərəfindən “işğalına” son qoymağı xahiş etməsi idi. Eldar Əzizovun tapşırığı ilə məsələ kollegiya iclasında müzakirə edilmiş və mövcud problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilmişdi. Görüşdə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, professor Qulu Məhərrəmli, mən, dosent İradə Musayeva, dosent Nuridə Novruzova və hüquqşünas Səməd Vəkilov; qarşı tərəfdən Bakı Şəhər Reklam Agentliyinin rəisi Mehdi Ağayev, Bakı Reklam Fəaliyyətinə Nəzarət şöbəsinin rəisi Tacəddin Əliyev, Reklam Agentliyinin Hüquq şöbəsinin rəisi Ceyhun İsayev, İcarə və razılaşdırma şöbəsinin rəisi Zaur Qənbərov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Bakı Şəhər Ticarət Departamentinin sədri İntiqam Məmmədov iştirak edirdi. O görüşün sonunda problemin həlli üçün Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin vacib vücudları ilə görüş vəd etmişdiniz. Nə oldu?

Ey yari-bivəfa Dövlət Reklam Agentliyi! Aradan bir ilə yaxın vaxt keçib, çox sular axıb, sərt karantin rejimi ləğv edilib, amma sizdən xəbər yox. Su demişkən, siz o vədi verəndən sonra isti yay günlərinin birində Xaşal Qurbanı sel aparmışdı, yadınızdamı? Sonra Xaşal Qurbanın çərhəya anası selin yeddi arxadan dönənini söydü, qarğadı, söydü, qarğadı, söydü, abırını göy əskiyə bükdü. Sel məcbur olub Xaşal Qurbanı geri qaytardı. Amma anası əl çəkmədi, dedi, uşağın başında “beysbolka” var idi, onu da qaytar… Sel məcbur olub onu da qaytardı, amma siz bir görüşü təşkil edə bilmədiniz. Nə oldu?

Ey yari-bivəfa Dövlət Reklam Agentliyi! Boğazca Fatma yadınızdamı? Beyrək Burla xatuna: “Xanım, məqsudım oldur ki, ərə varan qız qalqa oynaya, mən qopuz çalam”, – deyəndə Boğazca Fatma ona: “Çal, mərə, dəlü ozan! Ərə varan qız mənəm, oynayayım”, – demişdi. Yadınızdamı, Beyrək isə ona:
And içəyim, bu gəz boğaz qısrağa bindigim yoq,
Binübəni qazavata varduğım yoq.
Eviniz ardı dərəcik degilmiydi?
İtüniz adı Bıraqcuq degilmiydi?
Sənin adın Qırq Oynaşlu Boğazca Fatma degilmiydi?
Dəxi eybin açaram, bəllü bilgil! –
demişdi. Həmin Boğazca Fatma hər dəfə o qırx oynaşdan biri ilə görüşürdü. Bir dəfə “Elif bakeri Cafe”də, o biri dəfə “Manqaliya. Fast casual restaurant”da yemək yeyir, “dost”larının birinə “Gueen Flowers”də, digərinə “Love Flowers”də gül  aldırırdı. Nəhayət, birini hərifəyib ”Humariff Wedding Boutique”də geyim aldırdı və ərə getdi. Hələ mətbuata açıqlama da vermişdi: ”İndiki ərim əvvəlkindən yaxşıdı. Əzrayılın pisliyi özünə qaldı”. Bax, həmin Boğazca Fatma siz bizə Əqli Mülk Agentliyi ilə görüş vədi verəndə ərə getdi, iki ay əvvəl bari-həmlini yerə qoydu, uşağın qırxı çıxıb, artıq dost-tanış növbə ilə gedib o körpənin burnundan basıb “bipp” eləyir. Uşaq isə anasının qucağında “Hi Mommy”dən çıxır, “Happy Baby”yə girir. Bir neçə ay sonra “Golden Ring Saray”da, ya da “Romance Palace”da kiçik toyunu edəcəklər və ziyafət əhlinə dondurma veriləndə dəllək ülgücünü çəkib mərasimə son nöqtəni qoyacaq. Amma siz hələ də bir görüşü təşkil edə bilməmisiniz. Niyə?

Ey yari-bivəfa Dövlət Reklam Agentliyi! Yaquar Pəncəsi adı verdiyim pişik vardı ee, o da iki partiya balaladı. Söz vermişdim ki, Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin vacib vücudları ilə görüş baş tutandan sonra ona şokoladlı pudinq alacam. Yaquar Pəncəsi toyuq içalatı yeməkdən bezmirdi, sadəcə, ağzının dadını dəyişmək istəyirdi. Amma gəlib-getməkdən bezdi, axırda qonşu qadının ona “Anaxanım” dediyini bəhanə edərək (əslində sizin vədə inanmadığı üçün) getdi və bir daha gəlmədi.   

Ey yari-bivəfa Dövlət Reklam Agentliyi! Siz bizə vəd verəndə isti ölkələrdən gəlib Azərbaycanda yuva quran və intensiv şəkildə reproduksiya ilə məşğul olan üçtelli, dördtelli, beştelli durnalar çoxalma zövqünü və bala böyütmə sitəmini yaşayıb vətənlərinə getdilər, bu il yenə qayıtdılar və indi balaları da reproduksiya ilə məşğul olur, amma siz hələ də bir görüşü təşkil edə bilməmisiniz. Niyə?

Ey yari-bivəfa Dövlət Reklam Agentliyi! Müzəffər Azərbaycan ordusu Qarabağda 30 il möhkəmlənmiş düşməni 44 gündə süpürüb atdı. Amma siz Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi üçün 344 günə bir görüşü təşkil edə bilmirsiniz və ya istəmirsiniz. Niyə?

Amma əslində düz edirsiniz. 800 ziyalı kimdir ki? Deyinib, deyinib yorulacaqlar. Onlara görə ərbabi-ğinaları – böyük mədə və udlaq sahiblərini narahat etmək olmaz. Əks təqidirdə “Dalğa Plaza”dakı yeriniz laxlayar. Amma nə olar, yenə koronavirus aman vermir deməyin, yoxsa camaat elə bilər ki, COVİD 19 virusları gündə milyonlarlarla adamın alış-veriş elədiyi şəhərdə eksklüziv olaraq ADRA əməkdaşlarını hədəfə alıb qarabaqara izləyir…

Xeyirli bazar günləri