- Köşə, Manşet

Vasif SADIQLI. Günah jurnalistdədir, amma deputatı da qınayıram…

Bu günlərin ən çox müzakirə edilən mövzularındandır. Jurnalist deputata sual verib ki, un ucuzlaşıb, amma çörək ucuzlaşmır. Niyə? Deputat da qayıdıb ki, “mən elmlər doktoru, professoram, millət vəkiliyəm, xahiş edirəm mənimlə qlobal sual olanda danışın”.

Jurnalist də gedib qlobal sual olanı gözləməyə. O jurnalisti şiddətlə qınayıram. Sən bilmirsən ki, məzkur deputat III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, GUAM-ın Elm, Mədəniyyət və Təhsil üzrə Komitəsinin üzvüdür? Sən bilmirsən ki, o, iqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professorudur? Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin Ekspert Şurasının üzvü, MDB PA-nın İqtisadiyyat Ekspert Şurasının üzvü olan, üç dili  (Azərbaycan, rus, ingilis) mükəmməl bilən deputata belə mənasız sual vermək ayıb deyil?

Belənçik suallara cavab vermək elə deputata da ayıbdı. Özünə hörmət edən elmlər doktoru, professor, millət vəkili heç vaxt belə suallara cavab verməz. Cavab versə, ona heç kəs hörmət etməz, salam verməz, salam verəndə almazlar, “saboun xeyir” deyəndən “hər vaxtın xeyir” deməzlər.

”Nikolay vaxtı” kəndimizdə Qara Səməd adlı bir kişi olub. Rəhmətliyin könlündən çimmək keçəndə ağzında yanan qəlyan vannanın ortasında oturar, arvadına əmr edərmiş ki, onu çimizdirsin. Amma şərti də varmış: çimmə prosesində qəlyana bir damcı da su düşməməlidir. Tənbəkiyə su damcısı düşüb cızıldadımı Tamam nənənin başına yumruq dəyərmiş: “Köpəyin qızı, gözün kordu…?” Amma Tamam nənə bundan bir cıqqan da inciməzmiş. Hesab edərmiş ki, Səməd əsl kişidir. Bu, Səmədin haqqıdır, sevgisinin təzahürlərindən biridir. Qara Səməd bu cür gözəl tapıntıları ilə yüz il bundan öncənin TV-siz, internetsiz, İliç lampasız günlərində həyatın rənginə rəng qatarmış…
Həri. Qara Səməd əmi yaşasaydı və bilsəydi ki, elmlər doktoru, professor, millət vəkili olan bu zat jurnalistin un və əppək haqqında sualına cavab verib, deputat onun gözündən düşərdi, “European Tobacco-Baku” ASC-nin maxorkasını almazdı. Gedib quru palıd yarpağını eşib, maxorka düzəldərdi, “European Tobacco-Baku” ASC-nin maxorkasını almazdı, saman çöpü çəkərdi, amma onların maxorkasını almazdı, çünki elə deputatın İdarə Heyətinin sədri olduğu şirkətin maxorkasını almaq ayıbdı…

Maraqlıdır ki, İqtisad elmləri doktoru, professor, üç dili  (Azərbaycan, rus, ingilis) mükəmməl bilən deputatın xalqın başını piyləmək kimi (ifadə Mirzə Cəlilə məxsusdur) şakəri də varmış. Cənab Rüfət Quliyev çox zəkidir, nə vaxt, hansı budaqda oturub, hansı nəğməni oxumaq lazım olduğunu yaxşı bilir. 2016-cı ildə qaz və elektrik bahalananda deyib ki, “istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyəti “kombi” istilik sistemindən istifadə etmir. Ona görə bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”. Adamın sözünü qəribçiliyə salmayın. Xüsusən qış aylarında qeybdən qulağınıza guppultu gəlsə, bilin ki, o,  kasıba dəyən zərbənin səsi deyil, saman çuvalından çıxan səsdir.

Sonda onu qeyd edim ki, özünü müsahibələrinin birində “kefqom” adlandıran deputat bəy, deyəsən, yetərincə “kefqom” deyil. Əks təqdirdə ona sual verən jurnalistə “Ölmürsən utanmığdan, millət vəkilə belə sual verirsən?”, – deyib daha populyar ola bilərdi…

Xeyirli bazar günləri…

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova