Bu gün Hikmət Hacızadənin dünyasını dəyişdiyi gündür. Tanışların birindən soruşuram: “Hikmət bəy haqda nə deyə bilərsən?” Cavab: “Qeyri-adi dərəcədə maraqlı adam idi”. “Məsələn?” deyə soruşanda mənə Hikmət bəyin müsahibələrindən bəzi parçaları göndərdi:
“…Amma ondan da maraqlı deyim var – “Adam “skromnı” olar” (gülür). Demək, “Demokratiyaya gediləsi uzun bir yol” kitabım təzə çapdan çıxmışdı. Birini götürüb anama apardım, fəxrlə, həvəslə təqdim elədim ki, bax, gör, oğlun necə kitab yazıb. Sonra da götürüb evin ən gözəgəlimli yeri kimi servanta qoydum. Səhərisi gün gəldim ki, kitab servantda yoxdu. Anama deyəndə bəs hanı kitab, soruşdu ki, hansı kitab? Sonra əli ilə nəhəng kitab şkafını göstərib dedi, həəə, o kitab? O dee, qoymuşam o birilərin yanına. Mən lap dəli oldum, dedim, ay ana, bu kitab ölkədə əl-əl gəzir, gətirmişəm, bir oxuyun, görün nədi, sən də aparıb gizlətmisən. Anam gördü ki, mən yaman əsəbiləşmişəm, qayıtdı ki, ay oğul, adam “skromni” olar (kişi təvazökar olar), camaat o qədər kitab yazıb ki… böyük iş olub (gülürük). İndi yeri düşəndə o sözü deyirəm”.
Digəri isə videomüsahibədir, ordan deyilən parçanı özüm çıxarıram:
“…Rusiya ilə münasibətləri düzəltməyə çalışmalıydıq, amma çətin idi (Rusiyada səfir olduğu dövrdən danışır – V.S.). Mən özüm, məsələn, Yeltsinin arvadının ad günü olanda gül göndərməli idim… Amma bir balaca addım atanda başlayırdılar: “Aya, niyə getdi? Hikməti gördük Yeltsinin yanında…”. Mən səfirəm, getməliyəm də, necə olmalı idi? Baxın, görün Nazarbayev necə edirdi? Gündə gedib Yeltsini qucaqlayırdı… Gərək biz də elə edəydik. Axı məcbursan sən… Bu barədə bir nəzəriyyə oxumuşam. Amerikanın böyük politoloq alimi siyasi mənəviyyat haqda nəzəriyyə irəli sürüb. Deyir ki, insanın mənəviyyatı dövlətin mənəviyyatından fərqlənir. İnsan “Öldü var, döndü yox” deyə bilər, “eləmirəm, ölürəm” deyə bilər. Amma dövlət belə edə bilməz. İstəmədiyin şeyi də etməlisən. Amma bizimkilər bunu etmədi. O vaxt həmin kitabı oxumamışdım, Əbülfəz bəyə deməmişdim.
Bir dəfə bizimkilər rusların gəmisini tutmuşdu. Guya sərhədi pozmuşdu. O vaxt sərhəd-zad da yoxuydu. Yeltsin Əbülfəz bəyə zəng edib ki, gəmiləri buraxmaq lazımdı-filan. Əbülfəz bəy qayıdıb ki, sən “vopşe” kimsən, sən mənimlə niyə lotu kimi danışırsan?
Yeltsin qayıdıb ki, mən Rusiyanın prezidentiyəm. Əbülfəz bəy bir “otboy” qoyub qulağına. Bunu da alqışlayıblar. İndi Yeltsinin böyüklüyünə baxın. 15 dəqiqə sonra bir də zəng edib, deyib, mən sənin dostunam, dost kimi xahiş edirəm. Əbülfəz bəy bu dəfə deyib, gəmiləri buraxın. Yenə alqışlar… Belə olmamalı idi. Lazım olanda ayıya da dayı deməlisən. Məcbursan. Yox, əgər adamsan, onda Koroğlu kimi deyərsən, kişiyəm, bığım da var. Amma dövlət başçısısansa, özünü başqa cür aparmalısan”.
Hikmət bəylə xalq hərəkatından tanış idik. O, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin “Svoboda” qəzetinin redaktoru, Baş nazirin müavini, Azərbaycanın Rusiyadakı səfiri, mənsə Ağstafadan AXC Ali Məclisinin üzvü idim. 90-cı illərin əvvəllərində arada görüşürdük.
Bəzənsə telefonla danışırdıq. Gürcüstanda Qamsaxurdiyanın hakimiyyəti dövründə azərbaycanlılara qarşı təzyiqlər də olurdu. Ağstafanın Sadıqlı kəndi
Gürcüstanla sərhəddə olduğundan azərbaycanlılar yaşayan bu və ya digər kəndə (adətən, Qardabani rayonunun Ulukişli və ya Candar kəndləri) hücum ehtimalı və milli zəmində açıq münaqişə olanda bizə müraciət edirdilər. Hətta təqib ehtimalı olduğu Gürcüstan azərbaycanlıları “Qeyrət” təşkilatının tədbirini də gəlib bizim kənddə, məktəb binasında keçirmişdilər. Kəndlərə hücum olanda mən xalq hərəkatının ovaxtkı liderlərinə məlumat verirdim. Bu, İsa Qəmbər də ola bilərdi, Hikmət Hacızadə də. Onlar Gürcüstan liderlərinə zəng edib, deyilən insidentlərin qarşısını almağı tələb edirdilər.
1991-ci ildə 17 mart referendumundan sonra iqtidar-müxalifət qarşıdurması daha da kəskinləşmişdi. Referendumda Azərbaycanın SSRİ-nin tərkibində qalmasının lehinə nəticə çıxarılmışdı. Həmin ilin payızında prezident seçkiləri keçirilirdi. Yadımda deyil, ya seçkiləri boykot, ya da parlamentin buraxılması tələbi ilə dəmiryol nəqliyyatının işini iflic etmişdik. Ağstafada Rusiyadan Ermənistana və Gürcüstana gedən bütün qatarları saxlamışdıq. AzTV dəmiryolunu kəsənləri əyyaş, narkoman adlandırırdı. Rayon təşkilatı çox güclü olduğundan yerli hüquq mühafizə orqanlarının hədələri nəticə vermirdi. Bir gün Bakıda Azadlıq meydanında mitinqdən sonra İsa Qəmbərə dedim ki, bizə mənəvi dəstək üçün AXC liderərindən kimsə Ağstafaya getsə, yaxşı olar. Hikmət bəyə dedi. O vaxt Hikmət bəyin yaxınlarından kimsə rəhmətə getmiş, qırxı hələ çıxmamışdı. Yorğun və yaslı olmasına baxmayaraq həmin gecə Ağstafaya yola düşdük. Səhəri gün mitinq keçirilirdi. Hikmət bəy çıxış etməyə başlayarkən bir nəfər yaxınlaşıb söhbətə başladı. Məlum oldu ki, həbs cəzası bitməmiş birisidir, xahiş edirdi ki, cəbhəyə göndərilməyinə kömək edim. Mən başımın hərəkəti ilə bu içkili adama təsdiqləyici cavab versəm də, gözüm Hikmət bəydə idi. O vaxt ona sui-qəsd edə və ya oğurlaya bilərdilər. Birdən Hikmət bəy gözdən itdi. Hərəkatçılara dedim, hamı həyəcanla onu axtarmağa başladı. Yarım saat sonra Ağstafa parkı tərəfdən gəldiyini gördük.
Belə təhlükəli vaxtda təkbaşına hara getdiyini soruşanda belə dedi: “Bayaq çayxanadan gələndə yaxşı pendir görmüşdüm, Bakıya aparmağa pendir alırdım”.
Belə sadə insan idi…
2006-cı ildən siyasi fəaliyyətimə son qoyduğum üçün əlaqəmiz olmurdu. Son
ünsiyyətimiz 2019-cu ilin noyabrında mesencerdə oldu. O vaxt erməni mənbələrinə istinadən xəbər yayıldı ki, Amsterdam Universitetinin tədqiqatçısı Sara Krombax “Ziya Bünyadovla Azərbaycanın uydurma keçmişi” adlı doktorluq dissertasiyası müdafiə edib. İnternetdə dissertasiya ilə tanış olandan sonra “Susmaq növbəsi kimindir və amsterdamlı alim bizimkilərə necə kələk gəlib?” adlı yazı yazmışdım.
Hikmət bəy bununla bağlı mesencerə yazdı.
– Vasif nəy, salam. Ziya Bunyadov (və onun obrazı) haqqında qızğın diskussiya barədə eşitmisənmi?
-Salam, Hikmət bəy… Harada olub o diskussiya?
(Sonra linki atdı və tanış oldum).
-Yox, bunları bilmirdim… Ziya müəllimin xarakterində qəribəliklər ola bilər. Amma Sara xatun (xanım) onun şəxsində bizim tarixşünaslıq elmini çıxdaş eləməyə çalışıb. Ermənilərə cilvə göstərib. Bizim səfirlikdən o tədbirdə kimsə iştirak etməyib, Görünür, söz sahibi adam da olmayıb. Səfirliklərin bir çoxu yarıtmaz fəaliyyət göstərir. Sara xanım (xatın) Ziya müəllimin şəxsi barədə məqalə-filan yazsaydı və qərəzsiz olsaydı, ona heç bir sözüm olmazdı… Çünki həqiqət hər kəsdən ucadır… Sara Krombax məsələsi ermənilərin planlı bir işinin bir hissəsidir. Qafqaz Albaniyasının tarixi barədə də bir dissertasiya müdafiəsi təşkil etdiklərini eşitdim. Məqsədim Tarix və Şərqşünaslıq institutlarını hərəkətə keçirməkdir. Çox zavallı görünürlər. Hadisələrin arxasınca sürünürlər
– Bəy, bəs sən bilirsən ki, Sara xanım (xatın) Amsterdamda Xocalı qətliamı haqqında böyük bir mərasin keçirib və erməniləri orada darmadağın edib?
-“AzərTac”da informasiya vardı, piano da çalıb, hamısını bilirəm, yazmışam.
– Bilirsənmi ki, Sara xanım (xatın) Azərbaycan simfonik musiqisi haqqında silsilə leksiyalar və konsertlər keçirib Hollandiyada? Özü də orada Fikrət Əmirovun piano əsərlərini ifa edib? Azərbaycan haqqında Hollandiyada daimi müsbət məlumatlar yayıb?
-Mən bir qayda olaraq insanları yox, hərəkətləri müzakirə edirəm. Sara şoğəribdi demirəm, bu məsələdə haqsızdır deyirəm.
-İndi onun dissertasiyası TARİX HAQQINDA DEYİL. SİYASƏTİN TARİXİ ARAŞDIRMALARA TƏSİRİNDƏN GEDİR. O ozü burada gördüyünü, eşitdiyini yazır. O, Azərbaycanın düşməni deyil. Elmin siyasiləşməsinin əleyhdarıdır. Belə…
-Kaş olmasın. Hər kəsin müsbət işinə müsbət demək lazım. Amma faktiki bu dissertasiyasının ümumi ruhu erməniləri sevindirəcək tərzdədir. O, Z.Bünyadovu “Azərbaycanın yalançı tarixinin əcdadı” adlandır. Əlbəttə, hamımız eyni cür qiymətləndirməkdə mükəlləf deyilik. Mən ideya davası edirəm. Sabah Sara xanım (xatın) düz yazanda onu təkbaşına olsa belə, müdafiə edəcəm.
-Həzrət Abbas bizə səbr versin. Oldu, bəy. Salamat qal.
-Sağ olun, Hikmət bəy….
…Keçən il bu gün bir ziyalımızı da itirdik. Elm və siyasət adamlarımızın çoxundan yaxşı mənada fərqlənən iddiasız, təkəbbürsüz, təvazökar, zəhmətkeş. əqidəli bir insanı. Allah rəhmət eləsin…