Dünya qəribəliklərlə doludur. Ağlar və qaralar, köklər və arıqlar, varlılar və kasıblar, gözəllər və kifirlər, adam balaları və şoğəriblər… Şumer antropomorfik miflərində deyilir ki, qədimlərdə tanrılar Enki və Ninmax insanları yeraltı dünyada okeanın palçığından düzəldirmişlər. “Məmulat” hazır olandan sonra günağaşıya qoyur, qurudur, sonra can üfürüb dünyaya yola salırmışlar. Bir gün bunlar içib-içib bərk kefləniblər və istehsal etdikləri məhsul – adamlar da çıxdaş, idbar, distrofik olublar. Pis adamlar belə yaranıb.
Mənə elə gəlir ki, Enki və Ninmaxın hazırladığı adam fiqurlarının bəziləri kölgədə qurudulub. Bunlar ağ adamlardır. Bəzilərinin gözünə gün düşüb – qıyıqgözlər belə yaranıb. Zəncilər isə yaddan çıxıb günün altında qalanlardan törəyib.
Həri. İnsanlar bir də bəxti gətirənlər və gətirməyənlərə bölünür.
Bəxti gətirənin bəxtinin gətirmədiyi boyu bəyan edər
Bir nəfər kafedə oturub. Qənşərində bir stəkan “Kola”. Çox müztəribdir, çox… Başını əllərinin arasına alaraq xəyalata cumub, vaxtaşırı dərindən ah çəkir. Bu vaxt kafeyə bir “krutoy” daxil olur. Bitəklif gəlib bunun masasına oturur, kişinin qarşı-sındakı “Kola”nı götürüb içir və soruşur:
– Bəradər, nə olub, kefin yoxdur?
– Bu gün heç bəxtim gətirmir.
– Danış görək, nə olub?
– Heç, səhər arvadımla dalaşdım. Boşanmaq qərarına gəldik. Başım davaya qarışdığı üçün işə gecikdim. Müdir məni işdən qovdu. Maşını hirslə sürdüyüm üçün qəza törətdim. Evə gedib intihar etmək istədim, kəndir qırıldı. Sonra tüfənglə özümü vurmaq istədim. Pistonlar nəm çəkibmiş, açılmadı…
– Sonra?
– Olan-qalan puluma siçan zəhəri alıb “Kola”ya atmışdım, onu da sən içdin…
Bəxti gətiməyənin bəxtinin gətirdiyi boyu bəyan edər
Bu lətifəni isə rusiyalı yumorist İqor Mamenko danışır. Bir kişinin bəxti heç vaxt gətirmirmiş. Bir dəfə Hindistana gedibmiş. Pulunu, kredit kartını, hər şeyini itirir. Acından ölməmək üçün zibillikdə eşələnirmiş. Birdən bir kuzə tapır. Fikirləşir ki, yuyub təmizləyib satsa, bir tikə çörək ala bilər. Sonrası hər vaxt olduğu kimi. Kuzənin içindən Cin çıxır və kişiyə deyir ki, məni xilas etmisən, nə arzin var, de. Kişi deyir: “İndiyədək heç zaman bəxtim gətirməyib, istəyirəm bundan sonra bəxtim gətirsin… ”. Cin deyir: “Yes…” Çox keçmədən kişi bir çamadan pul tapır. Restorana gedir, doyunca yeyib-içir, amma pul almırlar: “Sən bizim 1000-ci müştərimiz-sən”. Muzeyə gedir, pul almırlar – bu gün açıq qapı günüdür. Kazinoya gedir, bütün oyunları udur. Kazino sahibi müflis olur və intihar edir. Gəlir bir hotelə. Restorandakıların hamısının hesabını ödəyir, yeyir, içir, şənlik. Səhər oyananda görür ki, prezident otağındadır, yataqda da bir hind qızı. Sərxoşluqdan hələ ayılmayıbmış. Nə baş verdiyini anlamır. Qızın alnındakı yekə qırmızı xal diqqətini cəlb edir. Fikirləşir ki, görəsən, o, təbii xaldır, xınadır, yoxsa tatuajdır? Cibindən bir qəpik çıxarıb xalı silməyə başlayır. Xalın altından yazı çıxır: ”Mersedes Bens”…
İnsan nəyin xeyir, nəyin şər olduğunu çox vaxt bilmir. O kişi pulunu itirməsəydi, zibillikdə eşələnməzdi, zibillikdə eşələnməsəydi, o kuzəni tapmazdı. Ruhdan düşmək lazım deyil… İki həftədir, televizor xarab olub. Qasırğa da bir yandan. Axırı mütləq bir xeyirə bağlanacaq, inşAllah. Səbrlə gözləyirəm.
Xeyirli cümə axşamları…
2018 ?