- Köşə

Vasif SADIQLI. İliç bağı necə “Muğan bağı” oldu?

Dilarə Əliyeva küçəsi ilə 28 May küçəsinin arasında iki bağ var. Bu iki bağ Puşkin küçəsi ayırır. Birinci bağ elə sovet dövründən Səməd Vurğun bağı adlanır. İkincisi spvet dövründə İliç bağı adlanırdı, müstəqillik dövrünün ilk illərində adsız qaldı, sonra “Muğam” bağı adlandı. Bu adın da maraqlı tarixçəsi var. 90-cı illərdə Dəmiryol Vağzalı və ətrafa yayılmış küçə ticarəti bu bağları da yaman günə qoymuşdu. Sonradan ərazidə ticarət qadağan olundu və onlar təmir edildi. Günlərin bir günü BŞİH-in ovaxtkı şefi H.Abutalıbov əhaliyə muştuluq verdi:
“Bakımızda dünyada analoqu olmayan fəvvarə istifadəyə verilib. Fəvvarə çağladıqca muğam səsləndirilir”. Maraq bizi bürüdü. Dedik, bəlkə, dünyada geniş yayılmış müsir musiqili fəvvarələrdəndir. Bu cür fəvvarələr çox vaxt mahnı oxuyan və ya rəqs edən fəvvarələr adlanır, çünki su şırnaqlarının dinamikası musiqidən asılı olur. Musiqiyə uyğun olaraq suyun təzyiqi və axın istiqaməti dəyişir.

Amma ora gələndə başqa mənzərənin şahidi olduq. Keçmiş İliç bağının Puşkin küçəsi tərəfində quraşdırılan fəvvarənin yanında təmizlik işçilərinin geyimi, fəvvarələri təmizləmək üçün avadanlıqları qoyulan balaca otağın dəmir qapısında qaynaq aparatı ilə çox deşiklər açıb, arxasına dinamik qoymuşdular. İşçilər fəvvarənin motorunu işə salanda maqnitofonu da işə salırdılar və “dünyada analoqu olmayan” fəvvarədən adi qaydada su axır, yaxınlıqdakı otaqdan isə muğam səsi gəlirdi. Görünür, elə bu səbəbdən həmin bağ Muğam bağı adlandırılıb. Onun adının belə olduğunu rəsmi informasiyalar da sübut edir:

“Prezident İlham Əliyev Bakıdakı Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən Bakıdakı Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov  Prezident İlham Əliyevə bu istirahət guşələrində aparılan yenidənqurma tədbirləri barədə ətraflı məlumat verib” (“Yeni Azərbaycan” qəzeti, 29.12.2009 [10:38]).

Amma nədənsə yaxınlıqdakı ərazilərdəki ad göstəricilərində bağın adı MuğaN bağı kimi verilib. Bakı Şəhər İcra Hakimiyyətində “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sorğusuna cavab olaraq bildiriblər ki, həmin lövhələrə Bakı Nəqliyyat Agentliyi cavabdehdir. Elə həmin gün Agentliyə müraciət edildi və bir həftəyə yaxındır ki, onlardan cavab gözləyirik. Belə səhlənkarlıqlara nə vaxt son qoyulacaq? Sanki Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ad göstəriciləri hazırlayarkən informasiyanı rəsmi qaynaqlardan yox, təsadüfi və qeyri-mötəbər mənbələrdən alır…