Yəqin ki, hörmətli oxucu eyni sözü üç cür yazmağıma təəccüblənməyəcək. Vəziyyət hər kəsə məlumdur. 17 ildir, ortalığa normal bir orfoqrafiya lüğəti çıxara bilmirlər. 17 ildir, buna məsul qurumlar bir dəfə də olsun cəzalandırılmayıb. 17 ildə dövlətin vəsaiti ilə 3 orfoqrafiya lüğəti nəşr edilib, üçü də naqis, biabırçı səhvlərlə dolu. 17 ildir, yazıq sözlərin başına oyun açırlar, boynuna kəndir salıb o tərəf-bu tərəfə sürüyürlər. Artıq cəmiyyət eyni sözün bir neçə cür yazılmasına adətkərdə olub. Dəyişiklik olmayanda narahat oluruq: xudanəkərdə, bunların başına bir işmi gəlib? Zəng edib soruşmaq istəyirik: “Haran ağrıyır, Fazil? Nooluf sana, ürəyim arxeyin olmadı. Yox e, yalan danışma, sən Quran, nooluf?”.
Pis nümunə yoluxucudur deyirlər. Artıq bir neçə ildir, anarxiya söz vadisindən mürəkkəb ixtisarlar vadisinə keçib. Eyni strukturun adının qısaltması hətta eyni agentlik, dövlət qəzeti və ya nazirliklərin saytında gah azərbaycanca, gah da ingiliscə yazılır. Bunun adı məsuliyyətsizlikdir, dövlət dilinə hörmətsizlikdir. Buyurun, vəziyyətlə özünüz tanış olun…
Beynəlxalq Valyuta Fondu: BVF, yoxsa IMF?
“Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsi üzrə Missiya Azərbaycan barədə hesabatını yayıb”.
19 iyun 2021, “Azərtac”
“Azərbaycanda pandemiya dövründə icra olunan sosial dəstək paketi və əmək bazarı islahatları barədə BVF-nin missiyasına məlumat verilib”.
23 aprel 2021, “Azərtac”
“Beynəlxalq Valyuta Fondunun (IMF) ənənəvi “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır”.
8 iyul 2021, “Azərtac”
“BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 51 metodoloji material hazırlanıb”.
11 fevral 2022, “Azərtac”
“Beynəlxalq Valyuta Fondu (BVF) ilə iqtisadi münasibətlərin əsası 2001-ci ildən etibarən qoyulmuşdur”.
ARDNF-nin saytı (“oilfund.az”)
“Azərbaycan BVF-yə 1992-ci ilin 18 sentyabr tarixində üzv olmuşdur”.
Xarici İşlər Nazirliyinin saytı (“mfa.gov.az”)
Beynəlxalq Enerji Agentliyi: BEA, yoxsa IEA?
“Beynəlxalq Energetika Agentliyinin (BEA) rəhbəri qlobal tələbin artacağı təqdirdə …”.
22 aprel 2016, “Azərtac”
“AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb”.
16 may 2021, “Azərtac”
“Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Azərbaycanda səfərdədir”.
Energerika Nazirliyinin saytı (“minenergy.gov.az”)
“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol arasında görüş olub”.
Energerika Nazirliyinin saytı (“minenergy.gov.az”)
“Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir”.
13 iyul 2021, “vergiler.az”
“Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb”.
“Azərbaycan”, rəsmi dövlət qəzeti, 14 aprel 2021
“Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına əsasən, gələcəkdə təmiz energetikaya keçidi çətinləşdirə biləcək xammal qiymətlərinin artmasına baxmayaraq…”.
“Azərbaycan”, rəsmi dövlət qəzeti, 7 dekabr 2021
Avropa Yenidənqurma və İnkişaf Bankı: AYİB, yoxsa EBRD?
“Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan–AYİB Əməkdaşlıq Hesabı ilə əlaqədar Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”
13 fevral 2020, “president.az”
“İlham Əliyev AYİB Direktorlar Şurasının üzvü Verner Qruberi qəbul etmişdir”.
2 iyun 2020, “president.az”
“Noyabrın 22-də Böyük Britaniyanın paytaxtı London şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti keçirilib”.
23 noyabr 2019, Nazirlər Kabinetinin saytı (“cabmin.gov.az”)
“İyunun 29-da xarici işlər naziri Ceyhun Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri İvana Duarte ilə ölkəmizdəki fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb”.
29 iyun, “Azərtac”
“Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) pandemiya ilə əlaqədar iqtisadiyyata dəyən zərəri qarşılamaq üçün Özbəkistan iqtisadiyyatına 521 milyon dollar ayırıb”.
16 yanvar 2021, “Azərtac”
“Azərbaycan AYİB-ə 25 sentyabr 1992-ci ildə qoşulmuşdur”.
Xarici İşlər Nazirliyinin saytı (“mfa.gov.az”)
“Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda 8 layihəyə 34 milyon avro investisiya yatırıb”.
10 yanvar 2022, “Azərtac”
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu: AƏSF, yoxsa ADİF?
“Əmanətlərin Sığortalanması Fondunda (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC-yə məxsus daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək”.
28 yanvar 2022, “Azərtac”
“Azərbaycan Əmanətlərinin Sığortalanması Fondunun (AƏSF) yaranmasında məqsəd…”.
“azerbaijans.com”
“Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin kreditorlarına 3-cü müraciət ünvanlayıb”.
29 may 2020.“banco.az”
“Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) əmanətlərin sığorta sistemini genişləndirməyi və fərdi sahibkarların hesablarını əhatə etməyi planlaşdırır”.
27 sentyabr 2011, “trend.az”
“Bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb”.
11 fevral 2022, “report.az”
“Sığorta hadisəsi baş verdikdə, Fond tərəfindən hər bir müştəriyə, Bankda sığortalanan depozit üzrə onun 100%-i həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə, kompensasiya ödənilir (AƏSF).
11 iyun 2014, “trend.az”
Bir sözlə, anarxiya “bu gün də var, yarın da…”. Dövlət informasiya agentliyi və rəsmi dövlət qəzeti onun ən ön sıralarında…
Hələlik bu qədər. Xeyirli bazar ertələri…