- Manşet, Müsahibə, Xəbərlər

Vasif SADIQLI: “Kəsrətin (çoxluğun) içində tənhalığın da öz gözəlliyi var”

 

– Ad gününüz mübarək, Vasif bəy. Müsahibəyə razılıq verdiyinizə görə təşəkkür edirəm. Ümid edirəm, hə-yox kimi növbətçi cavablarla məni yola verməyəcəksiniz.

– Çox sağ olun, yaxşı, ümid edək (gülür).

– Sizə “müəllim” deyəndə xoşunuza gəlmir. Bildiyimə görə, bir müddət müəllim kimi fəaliyyət göstərmisiniz. Bəs niyə Sizə müəllim deməklərini istəmirsiniz?

– Müəllimlik çox gözəl peşədir. İlk dəfə müəllim kimi məni sinfə az qala itələyib salıblar. Amma sonuncu dəfə az qala dartıb çıxarıblar. Yaxşı məktəb, yaxşı sinif olanda bəzən elə dərslər alınırdı ki, fikirləşirdim, buna görə müəllimə maaş vermək yox, ondan pul almaq lazımdır. Amma 20 ilə yaxındır, müəllim deyiləm. Dezinformasiyaya nə ehtiyac? Məntiqlə, kişilərə hörmət əlaməti olaraq “müəllim” deyiriksə, onda gərək ya qadınlara “müəllimə” deyək, ya da ki “bəy” və “xanım” sözlərindən istifadə edək. …“Bəy” sözünə proletkultçuluq dövründə müharibə elan edilib. Amma ala-yarımçıq iş görüblər: gərək “atabəy”i – “atamüəllim”, “meşəbəyi”ni “meşəmüəllimi”, “təzəbəy”i “təzəmüəllim”lə əvəz edərdilər… Son onilliklər bir müşahidəm var. “Müəllim” xitabını çox vaxt ona layiq olmayanlara edirlər. 90-cı illərin əvvəlləri olardı. Parlament seçkilərində bir namizədin vəkili idim. O, sadəliyi ilə seçilən bir insan, universitet müəllimi idi. Seçicilərlə görüşə qısaqol köynək və yay ayaqqabısında (“bosonojka”) gəlmişdi, qalstuk taxmamışdı. Yaşlı seçicilərdən biri: “Namizəd nə vaxt gələcək?” deyə soruşdu. Müəllimi göstərdim, başdan ayağa süzdü, sonra üz-gözünü turşutdu, başını bulayıb getdi. Kütlənin, hətta kütlədən kənar da bir çoxlarının qənaətincə, müəllim ortasına örkən dolanmayan, gözlərinin ətrafında yediyi haramın təsiri dislokasiya olunmuş, qalstuklu, sifəti məhkəmə divarı kimi boz və hissiz, fısıltısı qonşu “kvartal”da eşidilən (pardon) birisi olmalı. Belə adamları bəzən məhz qırımına görə “şəxsiyyətli” deyə də vəsf edirlər… Xüsusən əyalətdə.

– Ad gününüzə xeyli qalmış bu günə yaman işarələr edirsiniz. Diqqət mərkəzində olmağı xoşlayırsınız?

– Xeyr, həyatda istəmirəm, sıxılıram, soşəbdə (sosial şəbəkələrdə) sanki eləyəm. “Yaman işarə etməyimə” gəlincə, bunu hiss etmirdim. Niyə belə etdiyimi özüm də bilmirəm. Sizcə, niyə belədir?

İyun başlayandan aprel bitənə qədər may ayına və mayda doğulanlara tərif demək işarə deyil, Sizcə? Onda belə deyək: yəqin, fiziki olaraq diqqət mərkəzində olmaq istəməsiniz də, arxa planda durmağa üstünlük versəniz də, düşüncələrinizi yalnız mərkəzdə görmək istəyirsiniz.

– Məncə, doğru təsbitdir, istisna etmirəm…

– Ad günündə sevənlərinizdən yaman çox təbrik aldınız. Bu qədər sevgidən başınız dumanlanmır?

– Sağ olsunlar. Mənəvi dəstəkdir. Məncə, hər kəsin arada mənəvi akkumulyasiya ehtiyacı olur. Təbrik bir hüsni-zəndir. Ən azı “sənin varlığının mənə ziyanı yoxdur” deməkdir, ən çoxu “nə yaxşı ki, varsan” deməkdir.
Təbrik bir avansdır, yaxşı olmağa təhrikdir. Duman barədə deyilənlər həqiqəti əks etdirmir… Məmnunluq olur, əlbəttə.
–  Təvazökar təəssüratı bağışlamırsınız. Səhv edirəm?

– Əlbəttə, yox. Bir dəfə dostlardan biri yazmışdı ki, deyəsən, elə də təvazökar deyilsiniz. Gecə vaxtı gedib əl(lər)ini sığmaq istəyirdim. Sonra fikirləşdim ki, pandemiyanın tüğyan etdiyi vaxtdır, elə bilərlər, məkrli niyyətim var, özüm yoluxmuşam, qarşı tərəfi də yoluxudrmaq istəyirəm (gülür).
… Elə şeyi hər kəs üzə deməz. İnsanın xətrini istəyənlər və doğru sözlü adamlar deyər. Bunu deyən dərin zəkalı biri idi (Sizdən dərin zəkalı olmasın). Bu hərəkəti çox xoşuma gəldi. … Əslində, mənim “bu hərəkətim və ya hərəkətsilziyim insanlarda hansı təəssürat yaradar?” deyə qayğım yoxdu. Doğru bildiyimi etməyə çalışıram. Amma təvazökarlığımın nəfinə də arqumentlər gətirə bilərəm. Onları demək qeyri-təvazökarlıq deyilsə…

– Onsuz da düşündüklərinizi deyən insansınız, məndən niyə təsdiq istəyirsiniz? Buyurun arqumentlərinizi.

–  İlk qəzeti 1991-ci ildə çıxarmışam. O vaxtdan qısa fasilələrlə mətbuatdayam. Hələ də dəqiq bilmirəm, məncə, köşə yazılarımın yarıya qədəri başqa imza ilə gedib. Onların mənə məxsus olduğunu iş yoldaşlarım və beş-üç tanışdan başqa kimsə bilməyib, bu bir… Sonra, canım Sizə desin. Haqqımda yazılan və məni ictimai rəyə yaxşı insan kimi təqdim edən bir neçə yazını sayta verməmişəm. Bu iki… Bir neçə belə yazını isə qəddarcasına doğramışam. Atalar üçdən deyib…

– Sizi tanıyandan hey mübarizə aparan görmüşəm. Belə düşünürəm, FADMM bu mübarizənin başında durur. Bakı küçələrini işğaldan qurtarandan sonra boşluğa düşməkdən qorxmursunuz?

–  Siz məni tanımayandan da aparıram (gülümsəyir). Desəm, qeyri-təvazökarlıq olmayacaq?

– Yox. Amma hiss edirəm təvazökarlıq haqqında sualım bütün beyninizi işğal edib… Buyurun.

– 1977-ci ildə “Azərbaycan gəncləri” qəzetinə “Azərbaycanda familiya islahatı aparılmalıdır” adlı bir məqalə yazmışdım. Hansı təqiblərə rast gəldiyimi sadalamaq istəmirəm. “Qara dəftər”ə düşdüm və karyeramı məhv etdilər…
Sözə qarşı uşaqlıqdan həssas olmuşam. Bir dəfə uşaq vaxtı bir qıza “a qızlar” deyə müraciət ediləndə etiraz etmişəm: “Orda bir qız var, niyə qızlar deyirsiniz?” FADMM-dəki fəaliyyətimizə gəlincə, əcnəbi dillərin Bakı küçələrindəki təkəbbürünü görüb susanlardan olmaq istəmədik… Boşluğa düşməkdən qorxmuram, küçələr azad edilər, mübarizə üçün tv bayağılıqları problemi var, Bakının “Red Light District” müşkülü var…

–  Hərdən mənə elə gəlir ki, incə yumor pərdəsi arxasında çox ciddi, güzəştə getməyən bir Vasif Sadıqlı var. Haqlıyam?

– Yüz faiz. Kaş o biri suallarda da bu qədər haqlı olardınız (gülür). İnsan mühitlə konfliktə girəndə, onu qəbul etməyəndə ya təcrid olunub “künci-qəmxanədə bir surəti-divar”  olmalı, ya da meydanda olmalıdır. Yumor də etirazın bir formasıdır, yumşaq tənqiddir, amma yumşaq güc kimi təsirlidir və çox vaxt dərin mətləblərə toxunur. “Qarqantua və Pantaqruel” əsəri yadınızdadı? Rable girişdə belə yazır: “Platon öz müəllimi Sokratı silenə bənzədirdi. Bilirsiniz silen nədir? Balaca əşyalardı. Onların üstündə qəribə rəsmlər olardı: məsələn, buynuzlu quş, Asiya yarasası, yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi, arabaya qoşulmuş maral və başqa gülüş doğuran cızma-qaralar. Bu şəkillər adamlarda gülüş doğurardı – xeyirxah Baxusun müəllimi Silen də belə olub. Bu söz oradandır… Onların içində isə nadir dava-dərman: Məkkə balzamı, ənbər, amom, müşk, tsibet, qiymətli daşların tozu və sair və ilaxır olardı…”. Məncə, cavab verdim…

Hə, az qala yadımdan çıxmışdı, yumorun bir xoş “yan təsiri” də var. Dünyada qəlbi sınıq insanlar çoxdu. Hesab edirəm ki, bəzən bir saf təbəssüm bir qaralmış dünyanı işıqlandırar, bir dağılmış dünyanı bərpa edər, bir “zalım qədər”i kökündən dəyişər. Bunun əksi isə səbr kasasının dolması ilə nəticələnə bilər. Bir dəfə oxumuşdum, ABŞ-da metrolarda “çıxış yoxdur” sözləri yazılmır, “çıxış bu tərəfdədir” yazırlar, çünki o söz intiharın bir addımlığında olan adamın intihar etməyin lehinə qəti qərar verilməsi üçün son “arqument” ola bilər. Güzəştə gəlincə, bəli, bəzən o zavallının şansı olmur. Şaban demiş: “Sərtim, amma kibarım” (gülür).

– Əgər yumor da etirazın bir növüdürsə, deməli, bəzi suallarıma gülməklə həm də etiraz edirsiniz (gülür)

– Gülüş demədim, yumor – yumşaq tənqid…

– Yazılarınızdan, məsələlərə münasibətinizdən təcrübəli birinə bənzəyirsiniz. Həm də acı təcrübə. Peşman olduğunuz addımlar yadınıza düşəndə yalnız o addım xətrinə təkrar bu həyat yolunu keçmək istəyərsiniz? Nəzərə alın ki, həmin addımı düz atanda başqa düz addımlarınız səhvə yönələ bilər.

Vaxt olub ki, cılızlara, naşı qoluzorlulara, korazehinlərə qarşı çox kinli olmuşam. Sonra anladım ki, onlar da yaşadığımız dünyanın zəruri struktur vahidləridir. Təkamülün daha sonrakı mərhələsində isə bu qənaətə gəldim ki, onların varlığı Allahın lütfüdür. Aləmlərin Rəbbi pis adamları bir özümüzü yaxşı hesab edək deyə yaradıb. Peşmanlıq nə qədər desəniz, olub. Amma şərə qarşı etdiklərimin heç birindən peşman deyiləm. Peşman olduğum etmədiklərimdəndir. Təkrar bu həyat yolunu keçmək yox, bundan sonra analoji səhvləri etməmək barədə düşünürəm. Peşmanlıqlarımın çoxu yaramazlara etdiyim yaxşılıqlarla bağlıdır. Acı təcrübəyə gəlincə, kimdə olmur ki? İnsanı yıxmayan acı onu daha da gücləndirir.

– Deyəsən, uşaqlığınızla, gəncliyinizlə tez vidalaşmısınız, doymamısınız. Ömər Kamil belə deyir.

– Xeyr, vidalaşmaq hardan çıxdı? Day o qədər vəfasız deyiləm. Onlarla birlikdəyəm və bundan məmnunam. Məncə, uşaq kimi qalmaq çox gözəldir. Belə bir rəvayət var. Ustad şagirddən soruşur:
– Canlılar neçə növə ayrılır?
– Dörd növə ayrılır, ustad.
– Mənə səhv kimi göründü, sadala görüm.
– Bitkilər, heyvanlar, insanlar, uşaqlar.
– Uşaqlar da insan deyilmi?
– Haqlısınız, onda canlılar üç növdür.
– Yaxşı, say görək.
– Bitkilər, heyvanlar və uşaqlar.
– Oğlum, insanlara nə oldu?
– Düşünə bilənləri uşaqlıqda qaldı, düşünə bilməyənləri heyvanlaşdılar.

…Hərçənd uşaq kimi qalmaq da asan deyil. Bəziləri bunu zəif cəhət kimi qəbul edir, fürsət tapıb hisslərini istismar etməyə, aldatmağa çalışırlar. Seneka «Lusilliyə tərbiyəvi məktublar»ında yazır ki, hər kəsə inanmaq və heç kəsə inanmamaq: hər ikisi nöqsandır. Birincisi nəcib nöqsan, ikincisi isə zərərsiz nöqsan”. Mən nəcib nöqsanı tərcih edirəm. Aldadan olmaqdan aldanan olmaq yaxşıdır.

 – Hazırcavab birisiniz. Hazırkı Vasif Sadıqlını bir kəlmə ilə necə təsvir edərdiniz?

–  Edə bilmərəm. Kəlməyə sığmır. Əslində hələ özüm tam tanımamışam. Mürəkkəb adamdır. Yaxşı cəhəti budur ki, “səmimi şəkildə sevir, dürüst şəkildə nifrət edirəm” prinsipinə sadiq qalmağa çalışır. Həm də buğa bürcünün bir sıra əlamətləri var. Buğalar çox dinc, kimsəyə şurü şəri dəyməyən olur. Amma hiddətləndirsən, gəmiləri yox, limanları yandırırar.

– Nə qədər açıq bir insan təsiri bağışlasanız da, qapalı birisiniz. Açdıqlarınız çoxdur, ya gizlətdikləriniz?

– İnsanın simpatiya və antipatiyasının çərçivə prinsipləri dəqiq və aşkar olmalı, başqaları ona etimad göstərməlidir. Bu prinsiplərə xəyanət etmədən bəzi improvizasiyalar etmək mümkün və gözəldir. Tam dərk olunmaqdan qaçmağa çalışıram. Yoxsa adam çox primitiv, bəsit və darıxıdırıcı olar. Məsafə saxlamağı çox xoşlayıram. Nəqşbəndilikdə xəlvət dər əncümən deyilən bir şey var – kəsrətin (çoxluğun) içində tənhalıq. Bunun da öz gözəlliyi var. Bu zaman sərhədlərin dəqiq demarkasiyası çox mühümdür. Sərhədi sayıqlı1la qorumasan, qarşı tərəfə – qəbul etmədiyin, içində ərimək istəmədiyin çoxluğa güzəştə getsən, bir də gördün o sızıb ayrı-ayrı sektorlarda dislokasiya olundu, hətta oraları öz ərazisi elan etdi… Daha çox elə bir tənhalığım var. Deyib-gülmək, ekstravert imitasiyası və ekstravertcəsinə tutum isə, bəlkə də, özünüqoruma funksiyasının tələbidir. Məncə, açıqlığım daha çoxdur. Əlbəttə, gizlinlərim də var və təxsisati-məsturə kimi konfidensial qrifi ilə qorunur. İdeal insanam deyə iddiam isə heç zaman olmayıb…

Müsahibəyə görə təşəkkür edirəm. Suala sualla cavab verməyiniz xüsusilə xoşuma gəldi. Cavabdan yayınmaq üçün əla üsuldur. Mənə sualınız varmı?

– Mən təşəkkür edirəm. Hücum ən yaxşı müdafiədir. Sualım yoxdur, proqnozum var. Məncə, növbəti müsahibədə sual verənlə cavab verən yerini dəyişəcək. Necə deyərlər, dişə diş, gözə göz, suala sual…

Nilufer
Nilufər ZƏMİN