- Cəmiyyət, Manşet

Vasif SADIQLI. Körpünün tarixi adı qaytarılmalıdır

Və yenə də Nayman-Ana pozulmuş yaddaşın o bağlı qapısını təkrar-təkrar döyəcləməyə başladı:
— Yadına sal kimsən? Adın nədir?

Ç.Aytmatov, “Gün var əsrə bərabər”

Sınıq körpü Azərbaycanla Gürçüstanın sərhədində, Xram (Təpədöy) çayının üstündə salınıb. Gürcülər ona  წითელი ხიდი (Tsiteli xidi) deyir. “Tsiteli” qırmızı, “xidi” körpü deməkdir. Amma Azərbaycanda bu körpünün adı Sınıq körpüdür. Bunu Gürcüstanda da bilirlər. Bu ölkənin mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda həmin körpüyə “Sınıq körpü” deyirlər (report.az).

XII əsrin abidəsi kimi geniş tədqiq edilən bu körpü bütün göstəricilərinə – məkan quruluşu, tikinti texnikası, bədii memarlıq üslubu və s. görə Azərbaycan memarlığının ən qiymətli abidələrindən hesab edilir. Gəncə, Xudafərin, Marağa və Ərdəbil körpüləri ilə eyniyyət təşkil edən abidə XVII əsrdə Şah Abbas tərəfindən əsaslı təmir etdirilib və bəzədilib (http://qazax.net/).

Rus şairi A.S.Qriboyedov Tiflisdən İrana gedəndə bu körpüdən keçib: “Aşırımın ortalarından dağların başına dolanan yol gətirib bizi Xramçayın sahilinə çıxartdı. Enişə enəndə dağlar arxada qaldı və əzəmətli bir körpü canlandı. Nə qədər heyrətamiz gözəllikdir, İlahi… Kərpicdən məharətlə hörülmüş bu möhtəşəm körpünün ətrafına dolanıb onu xeyli seyr etdim. Körpünün yarısı karvansaradır, çay o biri yarısının altından keçir. Dördtağlı bu körpü simmetrik qaydada fövqəladə bir ustalıqla və əla zövqlə tikilmişdir… Körpünün ortasından içəriyə enən qədim, dolama, sürüşkən pilləkən tağların üstündəki pəncərəli qalereyaya çıxır… Körpüdən aralanandan sonra haqqında xeyli düşündüm. Dilmancımız Şəmir bəyin yorğa atı yanımızda səkirdi. Mən ona etiraf etməyə məcbur oldum ki, Peterburq hətta Pavel Petroviç Svinin təsvirində nə qədər yaraşıqlı və əzəmətli olsa belə, yenə də buna çata bilməz”. (Eldar Nəsibli, “Azərbaycan” 2009, 14 aprel, s. 6.)

Bu körpünün hansı xalqın maddi mədəniyyət abidəsi olması şübhə doğurmur. Amma sovet dövründən rəsmi sənədlərdə körpünün adı rus dili vasitəsilə gürcü dilindən tərcümə edilərək Qırmızı körpü kimi yazılır.

1993-cü ildə II Şıxlı kəndinin ziyalıları məzkur körpünün adını daşıyan “Qırmızı körpü” gömrük məntəqəsinin adının dəyişdirilməsinə kömək etməyi xahiş etdilər. Onlarının xahişini Gömrük Komitəsinin sədri İbrahim Vəliyevə çatdırdıq və onun əmri ilə gömrük məntəqəsinin adı dəyişdirildi. O vaxtdan  həmin məntəqə Sınıq körpü adlanır. Amma istər dövlət strukturlarının, istərsə də dövlət informasiya agentliyinin rəsmi saytlarında həmin məntəqənin adı gah “Qırmızı körpü” , gah da “Sınıq körpü”  kimi keçir.

Dövlət Sərhəd Xidmətinin saytı. “”Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində Qazax rayonu ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını böyük səmimiyyətlə qarşılamışlar”. (http://www.dsx.gov.az/Ilham_Aliyev_nitq/1, (15 Iyun 2004-cü il)

Dövlət Gömrük Komitəsinin saytı. Maraqlıdır ki, bu qurumun saytında eyni layihənin adında körpünün adı gah “Qırmızı körpü”, gah da “Sınıq körpü” yazılıb. Eyni layihənin adında gah bu, gah da digər adın işlənməsi isə lap absurddur. “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin icrası ilə bağlı məsələlər müzakirə olunub”. (https://customs.gov.az/ru/faydali/xeberler/1633_azerbaycan-ve-gurcustan-arasinda-qirmizi-korpu-serhed-kecid-menteqesinin-inkisafina-destek-layihesin/
“Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək» layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib”. (https://customs.gov.az/az/xeberler/1897_/ )

Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsinin saytı. “… DİN Baş DYP İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Gürcüstan ərazisinə daxil olarkən gömrük məntəqələrində (Sarpi, Qırmızı Körpü, Kazbeqi, Sadaxlo) və digər sərhədlərə yaxın mərkəzi şöbələrdə (banklar, ödəniş qutusu, veb sayt və brokerlər məntəqələrində) həmin ölkədə qalacağı müddətə uyğun (15 gün, 30 gün, 90 gün, 1 il) sığorta paketini əldə etsinlər”.

“Azərtac” Agentliyi: “Kütləvi informasiya vasitələrinin bir qrup nümayən-dəsinin Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postuna səfəri təşkil edilib.

Möhtəşəm bir memarlıq incisinin adına olan laqeydlik, etinasızlıq, hörmətsilik acı təəssüf doğurur. Bu barədə 6 il əvvəl də yazmışdıq, belə getsə 6 il sonra da yazılacaq. Deyəsən, mədəniyyətimizə, tariximizə hörmət bir sıra dövlət strukturlarının prioritetləri sırasında ən son pillədə dayanıb. Bu gün Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin açıqlaması yenidən bu mövzuya qayıtmağa vadar etdi. Altı il sonra yenə bəhanə tapılar. Gücümüz pozulmuş yaddaşın bağlı qapısını təkrar-təkrar döyəcləməkdən başqa daha nəyə çatır ki…

Xeyirli çərşənbələr…