“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif SADIQLI Rusiyanın Azərbaycan mədəniyyəti və dili portalı olan atalar.ru-ya müsahibəsində Azərbaycan dilinin mövcud vəziyyəti, ədəbi dilimizə olan təhdidlər və s-dən danışıb.
-Bu günlərdə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin təsis yığıncağı keçirilib. Bu qurumun yaradılması hansı zərurətdən doğdu?
– Azərbaycan ədəbi dili dövlətin və dövlətçiliyin mühüm atributlarından biridir. Onunla əlaqəli hər bir proses dövlətin nəzarətində olmalıdır. Praktika göstərir ki, bir sıra əlaqəli dövlət strukturları ədəbi dil normalarının pozulması hallarına qarşı gərəkli tədbirləri görmür. Xüsusən qloballaşma şəraitində Azərbaycan dilinin yad təsirlərdən qorunması istiqamətində fəaliyyət qənaətbəxş deyil. Buna görə belə bir ictimai birliyin yaradılmasına ehtiyac duyduq. Bu, zamanın tələbidir.
– 2018-ci il noyabr ayının 1-də dövlət başçısının imzaladığı fərmana əsasən, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradılıb. Belə bir quruma ehtiyac vardımı? Bəyəm indiyədək ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq mexanizmləri və buna məsul strukturlar yox idi?
-Əlbəttə, vardı. Amma onların fəaliyyəti qənaətbəxş deyildi. Prezidentin Fərmanında açıq şəkildə deyilir ki, “ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir”. Mexanizmlər də vardı. “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
Beləliklə, mövcud qanunvericiliyə əsasən, bu qaydalar pozularsa, müvafiq icra hakimiyyəti orqanı obyekt sahibinə xəbərdarlıq etməlidir. Qoyulan müddət ərzində tədbir görülməsə, deyilən lövhə, plakat və s demontaj edilməlidir. Amma qanun kağız üzərində qalıb və belə bir qurumun yaradılmasına ehtiyac yaranıb.
– Fərmanın icrası nə vəziyyətdədir?
– Maraqlıdır ki, Nazirlər Kabinetinə Monitorinq Mərkəzinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu iki ay, nizamnaməsini iki ay müddətində təsdiq etmək tapşırılsa da, Mərkəzin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu təsdiq etmək üçün Nazirlər Kabinetinə 4 ay 17 gün, nizamnaməsini təsdiq etmək üçün doqquz ay vaxt lazım olub.
– Yeni yaradılan qurumun ədəbi dil normalarının qoruması ilə bağlı hansısa müsbət fəaliyyəti nəzərə çarpırmı?
– Təəssüf ki, yox. Hazırda istər televiziya və radioların dilində, istərsə də paytaxtın xidmət, ticarət və ya digər obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdıran lövhələrdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin varlığına dəlil olacaq heç bir dəyişiklik yoxdur.
– Mərkəzin yarandığı bir ay ərzində hansı işləri görmüsünüz?
– Əvvəla, problemi ictimailəşdiririk. Bir ay yarım ərzində ədəbi dil normalarının pozulması ilə bağlı müxtəlif saytlarda 30-dək məqalə dərc edilib. Monitorinqlər zamanı “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun pozulması halları ilə bağlı 300-ə qədər fotoşəkil çəkilib, televiziya verilişləri monitorinq edilib. “Fəvvarələr bağı”ndan Kukla Teatrına kimi uzanan Rəsulzadə küçəsində yerləşən 42 ticarət və ictimai iaşə və digər xidmət obyektindən yalnız birinin üzərində obyektin adı və xidmət növü azərbaycanca yazılmasının şahidi olduq. Bu, şabalıd satılan kiçik bir köşk idi. Oxşar mənzərə ilə Şərifzadə küçəsi, 28 May küçəsi, 8-ci km bazarı adlanan ərazidə də üzləşdik. Monitorinqlər göstərdi ki, Azərbaycan Respublikasının Azərbaycan dili haqqında qanunları işləmir, prezidentin fərmanına etina edilmir. Televiziya verilişlərində ədəbi dil normaları kobud şəkildə pozulur, dialektizmlər və varvarizmlərdən geniş şəkildə istifadə edilir. Rəsulzadə küçəsindən görüntüləri çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz. Küçə musiqiçiləri də (üç yerdə rast gəldik) ingiliscə, rusca və türkcə mahnılar səsləndirirdi. Vəziyyət bu qədər acınacaqlıdır.
– Bir dəfə demişdiniz ki, Sovet dövründə Bakının siması reklam lövhələrinin dili baxımından daha “azərbaycanca” idi.
– Bəli. O fikrimdə qalıram. Bu yaxınlarda FADMM üzvlərindən biri çox gözəl qeyd eləmişdi: “Sovet dövründə “Amfibiya adam” filmini çox vəsait aparmasın deyə İtaliyada yox, Bakıda çəkmək barədə qərar verilmişdi. Bakını xarici şəhərə bənzətmək məqsədilə obyekt və müəssisələrin adları xarici dildə yazılmışdı. Amma bu gün istənilən xarici filmi Bakıda çəkmək lazım gəlsə, bu məqsədlə pul xərcləməyə ehtiyac yoxdur. Əksinə, Bakıda Azərbaycan şəhərini əks etdirməli olan film çəkilərsə, o lövhələr yenilənməlidir”.
– Bəs niyə tədbir görülmür?
– Bir neçə il əvvəl Dilçilik İnstitutunun əməkdaşları Bakıda, şəhərin mərkəzi hissəsində ədəbi dil normalarına riayət olunmasının monitorinqini keçirmişdilər. Monitorinq iştirakçılarından biri dedi ki, “Torqovı” adlanan Ticarət küçəsində reklamlarda Azərbaycan dilindən istifadə edilməsi ilə bağlı ciddi pozuntular aşkarlayıblar. Bu barədə müvafiq strukturlara məlumat verilib. Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi deyib ki, o obyektlər elə şəxslərə məxsusdur ki, BŞİH onlara təzyiq edə bilməz.
– Əcnəbi dildə yazıların şəhərin mərkəzini işğal etməsinin səbəbi nədir?
– İlk baxışdan bunlar nüfuzlu xarici brendlərdir və məqsəd daha çox müştəri cəlb etməkdir. Əslində arxa planda daha ciddi məqsədlər gizlədilib… Ədəbi dil normalarının kütləvi şəkildə pozulması hallarının qarşısının alınmaması əvvəlcə ictimai məyusluq, sonra isə dissosiasiya yaradır.
– Yəni….
– Dissosiasiya psixoloji müdafiə mexanizmlərinə aid edilən psixoloji prosesdir. Bu mexanizm işə düşəndə insan öz başına gələnləri bir başqasının başına gəlmiş kimi qəbul edir. Əslində cəmiyyət bu məsələdə üç yerə bölünüb: aktiv müqavimət göstərənlər (azlıq), etinasızlar (çoxluq), qarşı tərəfə – Azərbaycan dilini sıradan çıxarmaq istəyənlərə xidmət edənlər (azlıq). Əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməyi hədəfə alan linqvistik ekspansiyadır. Bu, çox ciddi məsələdir və təhlükəsilik orqanlarının diqqətindən yayınmamalıdır.
– Lövhələr daha çox hansı əcnəbi dillərdə yazılır?
– Təbii ki, ingiliscə. Təkcə lövhələr, reklam və elanlarla iş bitmir. Bəzi nəşriyyatlar çap etdikləri kitablarda xarici müəlliflərin ad və soyadını transliterasiya etmədən, mənbə dildəki kimi yazır. Bundan əlavə, bəzi saytlar hətta coğrafi adları, şirkət və şəxs adlarını tranliterasiya etmir. Türkiyə türkcəsində yazılar da az deyil. Qardaş ölkədən olan bir sıra sahibkarlar Azərbaycan qanunlarına hörmətlə yanaşmır. Monitorinqimiz zamanı çoxlu faktlar aşkarlamışıq,
– Bu da linqvistik ekspansiya cəhdidir?
– Təbii. Hardasa iyirmi il əvvəl Türkiyə filmlərinin dublyaj edilmədən efirə verilməsi kütləvi hal almışdı. Sonradan haqlı olaraq bunun qarşısı alındı. Elə həmin vaxt qardaş ölkədə bəzi dairələr bunu hətta qardaşlığa zərbə və s kimi qiymətləndirməkdən çəkinmədilər… Türkiyədə ayrı-ayrı dairələrin Azərbaycan dilini sıxışdırıb sıradan çıxarmaq istəyi şübhə doğurmur. Maraqlıdır ki, ölkəmizdə də onlara xidmət edənlər yetərincədir. Bir neçə il əvvəl irəli sürülən ortaq dil və əlifba ideyası da bu məkrli plana xidmət edir. Hansı cəlbedici, baş gicəlləndirici ideyanın arxasında gizlənsələr də, hədəf Azərbaycan dilini substrat dilə çevirməkdir. Buna heç bir şübhə yoxdur. Bu ideyanın dəstəkləyənlər və aktiv icraçıları arasında Dövlət Dil Komissiyasının üzvləri də var…
– Ortaq dil və əlifbanın vacibdbliyini nə ilə əsaslandırırlar?
– İmperiya xülyasıdır. Ortaq keçmişə istinad edirlər. Etnik fundamentalizmdə olduğu kimi, əski dövrlərə qayıdış tipli təbliğat da var. Araşdırıcıların fikrincə, mədəni-linqvistik ekspansiya bir sıra hallarda ilkin mərhələdə ictimai şüura ekspansiya subyekti və obyekti olan etnik qrupların dillərinin və mədəniyyətlərinin ortaq tarixi keçmişi, dilləri və mədəniyyətləri ideyasını təqdim edir. Yəni hər şey düşünülüb, planlıdır…
Ortaq dil ideyasının həyata keçirilməsi üçün hüquqi zəmin də yaradılıb. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda (2013-2020-ci illər) “ortaq əlifba… və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması”nı nəzərdə tutan maddə var (6.3.3). Bu ideyanı dəstəkləyənlər arasında tanınmış profesorlar, xalq şairi var. Onlar ortaq dillə yanaşı, əlifbamızdan üç hərfi çıxarmaq üçün ciddi təbliğat da apardılar.
– 2020-ci il yarıya çatır. Amma Dövlət Proqramı sanki baş tutmayıb…
– Bu istiqamətdə həlledici addımlardan biri qoşa “y” samiti ilə yazılan sözlərdə bu samitlərdən birinin ixtisarı idi. Cəmiyyətin bu məsələyə etirazı çox kəskin oldu. Aralarında onlarla professor, yazıçı və digər ziyalıların olduğu 165 nəfərdən ibarət heyət dövlət başçısına müraciət edərək bu yanlış addımın qarşısını aldı. Qərarın qəbul edilməsinə bir gün qalmış Orfoqrafiya Komissiyasının sədr müavininin “məsələyə azərbaycançılıq ideologiyası çərçivəsində baxılacaq” məzmunlu bəyanatı “yuxarıların” ortaq türk dili ideyasını dəstəkləmədiyini göstərirdi. Başqa cür ola da bilməzdi. Akademik Tofiq Hacıyevin sözləri ilə desək, ortaq türkcə rəsmi azərbaycançılıq ideologiyasından imtina deməkdir. Bu məsələ I Türkoloji qurultayda da (Bakı, 1926-cı il) qaldırılmışdı. Əslində Moskvanın belə bir qurultayı təşkil etməsi xoş niyyətli deyildi. Məqsəd yeni nəsillə keçmiş yazılı mənbələr aasında uçurum yaratmaq və xalqı öz mədəni-tarixi irsindən ayırmaq idi.
– Bundan sonra deyilən cəhdlər səngidimi?
– Belə demək olmaz. Bir neçə gün əvvəl qarşıma bir yazı çıxdı. Tofiq Hacıyev haqda məqalədə açıqca sitatlarla yazılır ki, mərhum akademik ortaq dilin əleyhinə olub, ortaq ünsiyyət vasitəsini məqbul sayıb. Amma məqaləyə yazılan girişdə “İmperiya yaradılması boş xəyal olduğu kimi, ümumi dil yaratmaq da bir heçdir”, “yeni türk dili yaratmağı donkixotluq sayıram” deyən böyük alimimiz cəmiyyətə ortaq türk dili tərəfdarı kimi təqdim edilib. Bunu təsadüf saymaq çətindir. Maraqlıdır ki, həmin yazı müvafiq girişlə “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” qəzeti tərəfindən olduğu kimi tirajlanıb. Mərhum akademikin fikirlərinin təhrif edilməsi ilə bağlı deyilən KİV rəhbərlərinə ünvanladığımız məktuba hələlik cavab verilməyib.
Bundan başqa, məlumdur ki, ekspansiya subyektləri bir qayda olaraq həm də digər dövlətlərin mədəni və dil modelləri ilə rəqabət etməyə başlayır. Konkret halda qardaş Türkiyədə Akop Dilaçarın ideya müəllifi olduğu ərəb-fars mənşəli sözlərlə müharibə indi Azərbaycanda davam etdirilir. Digər bir hədəf isə dildə oturuşmuş başqa bir qisim sözləri rusların mirası kimi hədəfə alıb dildən çıxarmaq cəhdidir. Artıq bu ideyanın tərəfdarı olan müəyyən dairələr yetişib və onlar təkcə ölkəmizdə yox, xaricdə də bu istiqamətdə işlər aparır, öz kökümüzə, dəyərlərimizə balta vururlar.
Məşhur etnoloq, filosof Klod Levi-Stros yazırdı ki, «…dil eyni zamanda həm mədəniyyətin məhsulu, həm onun vacib tərkib hissəsi, həm də mədəniyyətin mövcudluğunun şərtidir. Hətta dil mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur». Bir daha vurğulamaq istərdik, linqvistik ekspansiya cəhdləri təkcə mədəni yox, həm də siyasi təhdid ünsürləri daşıyır. Bir qədər sərt görünsə də, bu ideyanın dəstəklənməsini linqvistik kollaborasionizm adlandırmışıq. Bir xalqın ən böyük mədəni dəyərlərindən biri, bəlkə də, birincisi olan ana dilini sıradan çıxarmaq istiqamətində fəaliyyətlərə başqa ad vermək olmaz.
– Bəs hədəf nə olmalıdır?
– Dünyada 50 milyona qədər azərbaycanlı yaşadığı deyilir. Hədəfimiz onların vahid leksika, qrammatika, orfoqrafiya, punkuasiyadan istifadə etməsinə nail olmaqdır.
– Monitorinqlərinizin nəticələri ilə bağlı aidiyyatı qurumlara müraciət etmisinizmi?
– Hələlik yox. Pandemiya ilə bağlı ölkədə xüsusi karantin rejimi tətbiq olunduğundan həmin obyektlər işləmir və buna görə obyekt sahiblərinə xəbərdarlıq ediliməsi, lövhələrin dəyişdirilməsi praktik olaraq da mümkün deyil.
– Nəyəsə nail olacağınıza inanırsınızmı?
-Əlbəttə. Bakının mərkəzində adam özünü qərib kimi hiss edir. Burda Azərbaycan ruhu, koloriti hiss edilmir. Buna etinasız qala bilmərik. Kimsə özünün biznes marağı və ya məkrli niyyətlərini Azərbaycan xalqının iradəsinə qarşı qoyub uğur qazana bilməz. Əgər qanunvericlik aktlarında boşluqlar varsa, millət vəkillərinə müraciət edib, onların qanunvericilik təşəbbüsü hüququndan yararlanmağa çalışacağıq. Bu yaxınlarda Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 533-1 maddəsinə dövlət dilinin normalarını pozanların cərimələnməsini nəzərdə tutan düzəliş müzakirə edilərək birinci oxunuşda qəbul edilib. Bu da müəyyən ümidlər yaradır. Paralel olaraq başqa təsir vasitələrindən də istifadə edə bilərik.
-Məsələn?
– Azərbaycan qanunlarına, dilinə hörmət etməyən ticarət, ictimai iaşə və digər xidmət obyeklərini boykot etmək, onlardan heç nə almamaq, xidmətlərindən istifadə etməmək, ədəbi dil normalarının pozulmasının kütləvi hal aldığı telekanalların izlənilməməsinə çağırışlar etmək.
atalar.ru
28.04.2020