Sevgili cütlüklər haqqında hekayələr dünyanın bir çox ədəbiyyatında çox geniş yayılıb. Bu mənada ərəb ədəbiyyatı da istisna deyil. Cahiliyyə dövrü və islamın ilk zamanlarında eşq üzündən dəli kimi çöllərə düşən bir sıra ərəb şairlərinin böyük bir siyahısı var. Cahiz bir risaləsində bədbəxt aşiqlər haqqında çoxlu hekayətlərin mövcudluğunu yazır: “Şairlər arasında, xüsusən də İslam dövrünün şairləri arasında eşqin öldürdükləri az deyil: məsələn, Cəmil ibn Mə`məri Buseynənin eşqi, Quseyyiri Əzzaya olan eşqi, Urvanı Əfraya olan eşqi, bənu Əmr qəbiləsindən olan Məcnunu Leylaya olan eşqi, Qeys ibn Zərixi Lübnəyə olan eşqi, Abdullah ibn əl-Əclanı Hində olan eşqi, əl-Qəmrə ibn Dararı Cümlənin eşqi öldürdü. Və siyahı bununla bitmir”
Bu dəfə Urva ibn Hizam haqda danışmaq istəyirik. Urvanın anadan olduğu tarix dəqiq bilinmir. Xəlifə Osmanın dövründə vəfat edib. O, Mədinənin dini elmlərdən, fiqh və hədis elmindən başı çıxan mömin şəxslərindən olub. Deyilənə görə, atadan-anadan yetim olan Urva əmisinin himayəsində yaşayıb və əmisi qızını sevib. Amma kasıb olduğundan əmisi Əfranı başqa bir qohumuna verir. Bundan sonra Urvanın faciəli günləri başlayır. Urva eşqdən huşunu itirəndə üzünə Əfranın yaylığını salırlarmış. Bu zaman o, Əfranın ətrini duyub ayılırmış. Urvanı cin vurmuş hesab edərək Yəməməyə təbibin yanına aparırlar. Təbib onun eşqdən xəstə olduğunu bildirir. Bundan sonra Hacr həkiminin, daha sonra isə məşhur ərraf Riyah ibn Kəlhabənin yanına gedirlər. Amma Urvanın dərdinə çarə tapılmır. Şairin özü bu barədə belə yazır:
Məni əl-Yəməmə və Hacr ərraflarının yanına apardılar ki,
onlar mənə şəfa versinlər.
Onlar oxunmamış dua qoymadılar mənə,
içirtmədikləri şərbət qalmadı.
Onlar “Allah sənə şəfa versin.
Sənin bədənindəki bu xəstəlik bizim əlimizdə deyil”, – dedilər.
Ərrafların yanından dönəndə o qədər çaşqın idim ki,
əmmaməm belə başımdan düşdü.
Yanımda ürəkdən bağlandığım iki dostum var idi.
(O qədər arıq idim ki,) onlar iki qolumdan tutub
məni yıxılmağa qoymurdular.
Ey ərraf! Sən heç özünü bircə gün mənim yerimdə təsəvvür edə bilərsənmi?
Məgər vəziyyətimi görmürsənmi?
Sən mənim halımı duymadın.
Qulaqlarını başıma gələnlərin qorxusu kar etmişdi.
Əgər dünyada bütün insanlardan və cinlərdən olan həkimlər
yığışıb dərdimə dərman etmək istəsələr belə,
Afranın dərdindən düşdüyüm xəstəlik sağalan deyil.
Urva həm də yaxşı suverən şair olub. Və bu zaman baxmazmış, su təşnəsi yaxın qohumuna oxşayır, ya yox? Öz dilindən eşidək:
Əgər düşmənin obasında olduğunu görsəm belə,
onun yanına gedərəm.
Əgər mən düşmən obasında olsam belə,
o mənim yanıma gələr.
Əgər susuzluqdan yandığını görsəm,
ona su verərəm.
Əgər mənim susuzluqdan yandığımı görsə, o mənə su verər.
Başqa bir şeirində Urva dərdinə ərraf və həkimlərin əlac edə bilməməsindən şikayətlənir:
Əl-Yəməmə ərrafına dedim ki, məni sağalt.
Sağaltsan, bilərəm ki, həkimsən.
Mənim dərdim xəstəlik deyil.
Məni cin də vurmayıb.
Bunları deyən himyərli əmim yalançıdır.
Mən sevgililərin eşqdən ölməsinə təəccüb etmirəm,
lakin aşiqlərin yaşamasına təəccüb edirəm.
Deyilənə görə, ağır xəstəlikdən şəfa tapmadıqda Urva bildirir ki, əl-Bəlqaya gedib Əfranı bircə dəfə görsə, sağalar. Amma Əl-Bəlqada Əfranı görəndən sonra Urvanın halı daha da pisləşir. Urva dünyasını dəyişərkən Əfra ərindən icazə alıb yas mərasimində iştirak edir. Rəfiqələri ilə mərasimə qoşulub ağı deyən Əfra elə oradaca dünyasını dəyişir.
Xeyirli çərşənbələr
Mənbələr:
Prof. Aida Qasımova “”Ərəb ədəbiyyatı, V-XIII əsrlər”,
Prof. А. А. Садыхова “История о Кайсе и Любне в средневековом арабском фольклоре”