- Köşə, Manşet

Vasif SADIQLI. “Mən şıxlı, sən incəli; hardan bilim, şiəsən, ya sünni?”

Ötən əsrin 90-cı illəri idi. Xaqani küçəsi, 26 ünvanında redaksiyanın həyətində oturub hovuzda üzən 13 akvarium balığına baxırdıq. Birdən masa ətrafında oturanlardan biri dedi: “Ora baxın, pişik ot yeyir…”. Mən də qayıtdım ki, müxalifət pişiyidir dəə. Qara kürü yeyəsi deyil ki…

Bu vaxt gözləmədiyim halda tanış bir sima gördüm. Bu, keçmiş institut müəllimim idi. Ayağa qalxıb görüşdüm. Stola dəvət etdik. Gəlib əyləşdi. Nə işlə məşğul olduğumu soruşdu, dedim qəzetdə işləyirəm, dindən yazıram. Bir qədər fikrə getdi. Deyə bilmərəm ki, məmnun oldu.

Çünki yadına acı bir xatirə düşübmüş. Sonra “din yaxşıdı, amma çalışın, bölücülük olmasın”, dedi və heç vaxt unutmayacağım bir hadisə danışdı. Müəllimim indi haqq dünyasındadı. Bu əhvalatı isə, bəlkə, əlli dəfə öz-özümə danışmışam.

Hadisə ötən əsrin ortalarında olub. ”İnstitutda oxuyurdum. Son kursda olardım. Qrupumuzda Bakı kəndlərindən olan bir qızdan xoşum gəlirdi. Hiss edirdim ki, o da mənə meyllidir. Bir gün cəsarət toplayıb (o vaxt gənclər indiki kimi üzlü deyildi) fikrimi ona çatdırdım. Soruşdum, valideynlərindən kimin var? Dedi: “Yalnız anam”. Dedim, səninlə evlənmək istəyirəm, anana de, əgər razılıq olsa, elçi göndərim. Səhərisi qız gəlib dedi ki, anam soruşur: siz şiəsiniz, yoxsa sünni? Açığı bu sualın cavabını bilmirdim. Bizim zonada belə şeyə az fikir verirlər.

Qayğılı şəkildə yataqxanaya qayıtdım. İsmayıl Şıxlıdan soruşdum: “Ay İsmayıl, mən şiəyəm, yoxsa sünni?”. İsmayıl dedi: “Ayə, mən şıxlı, sən incəli, nə bilim, şiəsən, yoxsa sünni?”. Bir qədər düşünüb dedi: “And iç görüm necə and içirsən?”. Mən başladım: “Allah haqqı, peyğəmbər haqqı, çörək haqqı, bu yol haqqı, bu suyun Aşafatması haqqı….”. İsmayıl dedi: “Sünnisən, imam haqqı demədin”. Mən də instituta gedəndə qıza dedim ki, sünniyik. Qız da gedib anasına dedi və belə bir cavab gətirdi: “Biz sünniyə qız vermərik”. Beləcə o qızdan həmişəlik ayrı düşdüm.

Pedaqoji İnstirutda yaxşı bir ənənə var. Uzun illər sonra məzunları bir yerə toplayırıq. 40 il sonra (deyəsən, belə dedi – V.S.) biz də toplanmalı olduq. O da gəlmişdi. Pensiya yaşı çatıb, balacalanıb bir büküm olmuşdu. Məni tanıyıb, doluxsundu. Hal-əhval tutduq. Könlünü almaq üçün zarafat eləmək istədim: “Bax, o vaxt mənə gəlmədin, indi professoram”. Çiynini çəkdi: “Nə bilim, anam dedi ki, sünniyə qız vermərik”. İkimiz də ağladıq”.
Özünü toxtaq tutsa da, müəllimim həyəcanlanmışdı. Elə biz də.