- Dil, Manşet

Vasif SADIQLI “Malorus dili olmayıb, yoxdur və ola da bilməz.. Korlanmış rus dili var”

Rusiyanın ukraynalılara qarşı assimilyasiya siyasətinə dair bəzi qeydlər (I hissə)

Ukrayna dili şərqi slavyan dillərindən biridir. 988-ci ildə Rusiya (Kiyevin cənub hissəsindən Novqorodun şimal hissəsinə qədər uzanan Şərqi Slavyan torpaqları) xristianlığı qəbul edəndə şərqi slavyan dialektlərinin (rus, belarus, malorus) kiçik fərqləri vardı. Ayrı-ayrı dillərdə diferensasiya nəticəsində sonradan bəzi dialektlərin müstəqil dilə çevrilməsi qanunauyğun və qarşısıalınmaz prosesdir. Deyilən ərazidə bu dialektlərin bir-birindən ayrılaraq müstəqil dilə çevrilməsi təkcə linqvistik dəyişikliklərin nəticəsi deyildi. Araşdırıcılar bu məsələdə qeyri-slavyanların basqınları və ayrı-ayrı əraziləri ələ keçirmələri şəklində baş verən siyasi xarakterli hadisələrin də mühüm rolunu vurğulayır.

14-cü əsrə qədər müasir Şərqi slavyanların əcdadları köhnə şərqi slavyan dilində danışıblar. Bu dil ukraynalılar, belaruslar və ruslar üçün ümumi idi. 14-cü əsrin sonunda bu üç dil müstəqil üç dilə “parçalanıb”. Ehtimal olunur ki, 17-ci əsrin sonlarına qədər Ukrayna dili (yкpaiнcькa мoвa) kilsə slavyan dili üzərində qurulub. İndiki dili xatırladan ilk ədəbi nəşrlər XVIII əsrin sonlarına təsadüf edir.

Polşanın parçalanmasından sonra Ukraynanın bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olur və Malorusiya adlandırılır. Bu vaxt Ukrayna dili də malorus dili adlandırılmağa başlayır və bu dilə qarşı təzyiqlər başlayır. Məlum olduğu kimi, assimilyasiya siyasəti milli azlıqların mədəni-etnik dəyərlərini titul etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. Linqvistik assimilyasiya daha çox şovinizmlə bağlıdır və başqa xalqın mədəni və etnik assimilyasiyasının təsirli vasitələrindən biridir. İndi ukraynalıları şovinizmdə, rusdilli əhalini sıxışdırmaqda ittiham edən rəsmi Moskvanın əsrlər boyu davam edən ruslaşdırma siyasəti üzrə əsas aktların xronologiyasına baxaq:

  • 1690. Rus Pravoslav Kilsəsinin o vaxtkı Ukrayna ədəbi dilində çap olunmuş kilsə kitablarına dair anafeması.
  • 1720. Kiyev-Peçorsk və Çerniqov mətbəələrində Ukrayna dilində kitabların çapının qadağan edilməsi haqqında I Pyotrun fərmanı.
  • 1764. Ukrayna, Smolensk vilayəti, Baltikyanı ölkələr və Finlandiyanın ruslaşdırılmasına dair II Yekaterinanın göstərişi.
  • 1769. Rus Pravoslav Kilsəsi Sinodunun Ukrayna primerlərinin və Ukrayna kilsə kitablarının əhalidən müsadirə edilməsi haqqında dekreti.
  • 1784. Ukrayna dilində ibtidai təhsilə tam qadağa qoyulması.
  • 1786. Kiyev-Mogilyan Akademiyasında kilsə xidmətlərində Ukrayna dilindən istifadənin və Ukrayna dilində tədrisin qadağan edilməsi.
  • 1831. Maqdeburq hüququnun ləğvi. Bu, məhkəmə işlərinin Ukrayna dilində aparılmasını qeyri-mümkün edib.
  • 1862. Ukrayna bazar günü məktəbləri bağlanıb. Ukraynanın ədəbi və elmi-siyasi “Osnova” jurnalının nəşri dayandırılıb.

Nəhayət, 18 iyul (30 iyul) 1863-cü ildə Rusiya İmperiyasının daxili işlər naziri P.A.Valiyev Ukrayna dilində çapın dayandırılması haqqında əmr imzalayıb Kiyev, Moskva və Sankt-Peterburq senzura komitələrinə göndərib. Əmrdə Ukrayna dilində (o vaxt malorus adlanırdı) dini, maarifləndirici və ibtidai təhsil üçün nəzərdə tutulmuş ədəbiyyatın çapı qadağan edilib. Sənəddə bu dildə yalnız bədii ədəbiyyatın, həm də senzuradan keçməklə çapına icazə verilirdi.

Sirkulyarın 1863-1864-cü illərdə Polşa üsyanının qızğın vaxtında verilməsinə səbəb guya sırf siyasi şərait imiş: demə, bəzi qüvvələr “savad və təhsili yaymaq bəhanəsi ilə separatçı planları həyata keçirməyə cəhd edirmiş”. http://resource.history.org.ua/cgi-bin/eiu/history.exe?&I21DBN=EIU&P21DBN=EIU&S21STN=1&S21REF=10&S21FMT=eiu_all&C21COM=S&S21CNR=20&S21P01=0&S21P02=0&S21P03=TRN=&S21COLORTERMS=0&S21STR=Valuievskyj_tsyrkuliar

O vaxt mətbuatda və Kiyev senzura komitəsində “malorus ləhcəsinin” (Ukrayna dili) istifadəsi ilə bağlı səsləndirilən fikirlərə əsaslanaraq daxili işlər naziri Valuyev qərarını əsaslandırmaq üçün yazırdı:

“Malorusların əksəriyyəti özləri əsaslı şəkildə sübut edirlər ki, heç bir malorus dili olmayıb, yoxdur və ola da bilməz və onların adi xalq tərəfindən istifadə edilən ləhcəsi Polşanın təsiri ilə korlanmış rus dilidir”.

Maraqlıdır ki, XVIII əsrin birinci yarısında Mixail Lomonosov bu ideyanın carçılarından olub. O, müstəqil Ukrayna ədəbi dilinin mövcud olmadığını, bu dilin “polonizmlərlə çirklənmiş” rus dili olması ideyasını yayanlardan biri olub.

Bir sözlə, Rusiyanın Ukrayna xalqını və dilini məhv etmək siyasətinin bir neçə əsr tarixi var və gələn yazımızda sonrakı dövrlərdə baş verənləri qısaca xatırlatmağa çalışacağıq.

Xeyirli cümə axşamları