Bu barədə dəfələrlə yazmışıq. Ölkədə beyninin koqnitiv funksiyası andıra qalan, yeni bir söz (fikir) deyə bilmədiyi üçün dilimizdəki oturuşmuş sözləri “arzuolunmaz şəxs” elan edib, kənardan sözlər gətirən və bununla özünü xalqa – xəlaiqə vacib, oxumuş, yüksək zümrədən olan birisi kimi sırımağa çalışanların sayı artır.
Yerinə su saldıqları sözlərdən biri də “çöp”dür və onun kimisə yamsılayaraq zibil mənası yükləməyə çalışırlar.
Ay zavallı, heç orta məktəbdə oxumadınmı? Arada məktəbə getmədinmi? Xətainin, Füzulinin sələfi olan Həbibi barədə rəvayət tədris olunanda harada idin? “Çöp”ün mənasını, “çör”lə “çöp” fərqini burnunu köynəyinin qolu ilə silən vaxtından bilməli idin…
Həmin rəvayət belədir: Bir gün Sultan Yaqub bir dəstə atlı ilə Ucarın Bərgüşad kəndi tərəfdən keçirmiş. Bu vaxt görür ki, bir uşaq quzu otarır. Vəzirə deyir ki, gedək onu danışdıraq. Vəzir xəbərdarlıq edir ki, buranın uşaqları çox hazırcavab olur, tanımadığı üçün arzuolunmaz sözlər eşidərsən. Sultan Yaqub ona fikir vermir və atını sürüb uşağa yaxınlaşır. Aralarında belə bir dialoq olur:
– Nə edirsən?
– Çör-çöp yığıram.
– Çör nədi, şöp nədi?
– Çöp yerə yıxılanlar, çör dik duranlardır.
– Bu quzular kimindir?
– Qoyunların.
– Kəndinizin böyükləri kimlərdir?
– Öküzlər.
– O mənada demirəm, kəndinizə getsək, bizi kimlər qarşılayar?
– Köpəklər.
Sultan Yaqub əsəbiləşir və əlini qılıncına aparır?
– Nə çapardım səni?
Uşaq sakitcə:
– Atını çap, yoldaşların gedir.
Sonradan Sultan Yaqub onu Ağqoyunlu sarayına aparıb, öz himayəsinə götürür.
Yaxşı, siz hansı məntqilə “çöp” sözünə zibil mənası yükləyirsiniz?
Sənin ana dilində “çöp” sözünün mənası Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilinin izahlı lüğəti”ndə bu şəkildə verilib:
1. Taxta, ağac, saman və s. parçacığı.
2. Bədənin bir yerinə batmış belə qırıntı, tikan və s.
3. Boğazda (əsasən uşaqlarda) ilişib qalan sümük, tum qabığı və s. qırıntısı.
4. Bakteriya. Çöp şəklində mikrob, basil. Vərəm çöpü.
Yaxşı, onda çöpə atmaq nə olur?
Rəsmi mətbuatda “çöp” sözü heç vaxt “zibil” sözünün sinonimi kimi işlədilməyib. Yalnız bir neçə nümunə verək:
1.“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, öz gözlərində tiri görməyən Avropa dövlətləri bizim gözümüzdə çöpaxtarırlar” (14 oktyabr 2023-cü il).
2. “Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib” (25 noyabr 2022-ci il).
3. “Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər” (28 may 2024-cü il)
Əgər iddia etdiyiniz mülahizələrlə “zibil” sözünü “çöp”lə əvəz edirsinizsə, çöp elə zibildirsə, onda bu cümlələri necə anlayaq?
1.Avropa dövlətləri bizim gözümüzdə zibil axtarırlar?
2.Qədim türk əlifbası nümunələri zibil şəkilli olub?
3.Qulaq təmizləyici zibildən istifadə infeksiyaya səbəb ola bilər?
Sonuncu sual: Allah ağıl paylayanda dislokasiya yeriniz çox uzaqda idi?