- Dil, Köşə, Manşet, Xəbərlər

Vasif SADIQLI. Öküzlər vegetarianlara hücum etmir?

Başıma zülf qoyub saqqalı yoldurmamışam,
Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam,
Cəddizin vəqf suyun mülkümə saldırmamışam,
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?
M.Möcüz

Deyirlər, zaman yaxşı hakimdir, əlahəzrət situasiya da onun kimi. Hər ikisi qeyri-müəyyənlikləri yerbəyer edir, yoluna qoyur, müəmma və mübahisələrdə sirr pərdəsini qovzayır, kimin haqlı olduğuna aydınlıq gətirir, qənaətləri möhkəmləndirir. Hər zaman demişəm və həyat da bunu sübut edib: insanın xarakterinin hətta özünə belə məlum olmayan bir çox detalları ekstremal situasiyalarda üzə çıxır.

Ekstremal situasiya insanın həm güclü, təqdirəlayiq, başqalarında qibtə, hətta paxıllıq doğura bilən, həm də zəif, mənfi, başqalarında təəccüb doğuran tərəflərini üzə çıxarır. Elə özümdən başlayım, təvazödən uzaq olmasın, hətta gənc vaxtlarımdan yaşlı adamlar yanımda arqo sözlər danışmağa, söyüş söyməyə müəyyən dərəcədə çəkinərdi. Amma barmağım avtobusun qapısı arasında qalanda və ya bilmədən barmağıma çəkiclə vuranda dilimdən elə söyüşlər çıxır ki, yaxınlıqdakı hətta həmişəyaşıl ağaclar yarpağını tökür, quşlar uçub gedir, ən yaxşı halda xəcalətdən başlarını qanadlarının altına alır…

İndi gələk mətləbə. O gün Fridrix Nitsşeyə aid edilən bir aforizmə rast gəldim: “Yaxşı insan olduğun üçün hamının səninlə ədalətli davranacağını gözləmək vegetarian olduğun üçün öküzün sənə hücum etməyəcəyini düşünmək kimi bir şeydir”. Adam nə qədər haqlıdır.

Yəqin, siz də həyatda öküz və inəklərin səbəbsiz hücumunun şahidi olmusunuz. 2018-ci ildə yeni orfoqrafiya qaydaları müzakirə ediləndə biz də öz təkliflərimizi yazdıq. Bu barədə geniş danışmaq istəmirəm, o vaxt qaydalarda ən çox narahatıq doğuran bəndlərdən biri ərəb mənşəli sözlərdə qoşa y samitlərindən birinin ixtisarı idi. Ziyalılar dövlət başçısına müraciət edəndən sonra azı 7 akademikin, neçə deputatın lobbiçilik etdiyi bu cəfəng bənd layihədən çıxarıldı. Dərhal hücuma keçdilər, böhtan atdılar: “Əgər o düzəlişi etməsəydik, ölkədə sabitliyi pozacaqdılar…”. Bəli, Nitsşe haqlıdır. Biz heç nə etmədik, kiminsə toyuğuna daş atmadıq, elmi arqumetlərlə bu dəyişikliyin yanlış olduğunu izah etdik… Görəsən, elm camiəsini təmsil edənlərin bəziləri niyə belə zavallıdılar?

Çox maraqlıdır ki, gördüyü işə, demək, həm də özünə hörmətsiz yanaşan insanlar başdansovdu, ala-yarımçıq iş görməkdə daha cəsarətlidirlər. Onlara cəsarət verən təkcə əllərinin böyüklərin ətəyində olması deyil, həm də öz yaramazlıq resurslarının həşəmətinə olan inamlarıdır. Onlar qarşıdakıların kübar davranışını zəif cəhət kimi qiymətləndirir, “bizim kimi düşünməyənlərin fikri hörmətə layiq deyil” qənaəti ilə hərəkət edir, hücuma keçir, təhdid edir, böhtan atırlar…

Bu günlərdə yenə oxşar situasiya ilə üzləşdik. Bəziləri ədəbi dil müzakirələrində səhvlərini etiraf etmək əvəzinə, dostlarımıza hücum etdilər. Onların şərindən qorunmaq üçün kar, kor, kürkü yırtıq olacağımızı düşünürdülər. Yenə yanıldılar, əlahəzrət ekstremal situasiya (yarıtmaz işin tənqidi) isə saxta təbəssümlərinin arxasında gizlənən aqressiya, kin, ədavət və cılızlıqları üzə çıxardı. Bu dil həm də bizim deyilmi? Nə vaxtadək onunla laboratoriya siçanı kimi davranacaqsınız? Cınqırımızı çıxarmayaqmı? Niyə havalanırsınız?

Konkret heç kəsi nəzərdə tutmadan deyirəm: söhbət 50 milyona yaxın soydaşımızın ana dilindən, dəyərlərinin ən birincisindən, dövlət rəmzləri ilə bir tutulan orfoqrafiyadan, ona cəfəng dəyişikliklərdən, başdansovdu münasibətdən gedirsə, səbrimizi sınağa çəkmək məsləhət deyil. Yuxarıda da dediyimiz (ya da demədiyimiz – unutmuşam) kimi, belə situasiyalar yarananda bizim üçün kimin hansı naxırın inəyi, hansı korridanın öküzü olması fərq etməyə bilər…

Xeyirli cümələr…