- Dil, Manşet

Vasif SADIQLI. Orfoqrafik (həm də orfoepik) anarxiyaya mühüm töhfə

Dilimizin orfoqrafik normalarına edilən mənasız dəyişikliklər bitib-tükənmir və neçə illərdir, təbii olaraq, ictimai məyusluq doğurur. Bu barədə dəfələrlə yazılıb, yazmışıq, amma şair demiş, “… düzəlmir ki, düzəlmir, baba”.
Bu dəfə sonuncudan bəhs etmək istərdim. ABŞ qısaltması neçə onilliklərdir doğru olaraq söz kimi tələffüz edlən qısaltmalara daxil edilib və buna əmin olmaq üçün ASE də daxil çox yox – ötən 5-6 onilliyə aid ciddi mənbələrə baxmaq yetər. Bu yaxınlarda kimsə hesab edib ki, “dilləri yaxınlaşdırmaq üçün” (çox cəfəng və zərərli ideyadır) bu qısaltma ABeŞe kimi tələffüz edilməli və yazıda bu tələffüzə uyğun şəkilçi qəbul etməlidir.

Bu mənasız qərar daha bir orfoqrafik (həm də orfoepik) anarxiyaya səbəb olub. Orta məktəbdə normal oxuyan şagird də bilir ki, ABŞ akrofonetik abreviaturdur, yəni hərflərin əlifbadakı adı ilə yox, adi sözlər kimi oxunur.  2021-ci ildə heç bir səbəb olmadan kimlərinsə ağlına gəlib ki, bu ixtisar ABeŞe kimi tələffüz edilməli və yazıda bu tələffüzə uyğun şəkilçi qəbul etməlidir. Hətta bu əsassız normanın Nazirlər Kabinetində təsdiq edilməsinə də nail olublar.

Yeni normalar elə 2019-cu və 2020-ci ildə qəbul edilən orfoqrafiya normaları kimi cəmiyyət tərəfindən birmənalı qəbul edilməyib. Artıq ölkənin ən nüfuzli saytları belə çaşqınlıq içindədir. Ona görə bəziləri elə, bəziləri belə, bəziləri isə “balanslı siyasət” yürüdüb, gah elə, gah da belə yazırlar:

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb” (apa.az, 17 mart 2025)
“Tramp TikTok-un ABŞ-da fəaliyyətini daha 75 gün uzadıb” (apa.az, 4 aprel 2025)
“Rəsmi Moskva ABŞ-nin Ermənistana hərbi texnika yerləşdirəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib” (apa.az, 20 mart 2025)

ABŞ-ın Yəmənə endirdiyi zərbə nəticəsində ən azı 70 husi öldürülüb” (apa.az, 5 aprel 2025)

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb” (report.az, 6 aprel 2025).
“Partiya rəsmisi Almaniyanın gələcək kabinetini ABŞ-dən daha az silah almağa çağırıb” (report.az, 6 aprel 2025).
“Netanyahu ABŞ-yə səfər edəcək və Trampla görüşəcək”  (report.az, 6 aprel 2025).

“Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın Hudeydə əyalətinə hava zərbələri endirib”. (525.az, 3 aprel 2025)
“ABŞ-nin mərkəzində daşqınlar” (525.az, 6 aprel 2025)

“O əlavə edib ki, tariflər ABŞ-a danışıqlar aparmaq üçün böyük imkanlar verir” (xalqqazeti.az, 5 aprel 2025)

“ANAMA rəsmisi bununla yanaşı bu istiqamətdə beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ-nın dəstəyini qeyd edib” (xalqqazeti.az, 4 aprel 2025).

“…ABŞ-də fəaliyyət göstərən diplomatik missiyaların, beyin mərkəzlərinin təmsilçiləri, tələbələr və Azərbaycan icmasının üzvləri iştirak ediblər”. (xalqqazeti.az, 4 aprel 2025. Bu isə lap gülməlidir, eyni informasiyada hər iki normaya əməl edilib)

İndi baxdım, elə Azərtac özü bugünkü informasiyada ABŞ-nin yox, ABŞ-ın yazıb: “ABŞ-ın mərkəzində daşqınlar 16 nəfərin həyatına son qoyub” (06.04.2025).

Məncə, bizim üçün ən mötəbər mənbə ölkə Prezidentinin çıxışı və onun saytı olmalıdır. Buyurun, baxın:

“Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik”.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsindən, (president.az, 14 mart 2025)

“Onlardan biri – ABŞ-ın Dövlət Departamenti idi”.
“Biz hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşuq”.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyevin nitqi, (president.az, 13 mart 2025)

Bu, oturuşmuş məqbul normalara zidd və orfoqrafik xaos yaratmağa xidmət edən ilk qərar deyil. Sizi yormaq istəməzdim… Ona görə başqalarını sadalamayacağam.

Bu cəfəng qərarı qəbul edənlərdən soruşmaq istərdim: Siz ədəbi dil normalarını ölkə Prezidentin Administrasiyasında ədəbi dil məsələsinə məsul olan şəxslərdən yaxşı bilirsiniz? Əgər haqlı olduğunuza əminsinizsə, açıq şəkildə bəyan edin ki, Prezident və əhatəsi o abreviaturu o cür deyəndə və yazanda səhv edir.