- Cəmiyyət, Manşet

Vasif SADIQLI. «Orucu tutdum İramazanda» (II yazı)

«Umulur ki, şükür edəsiniz»

(Baqara 185).

Keçən yazıda dedik ki, oruc, demək olar ki, bütün dinlərdə var. Və onun vəhy olunması barədə Quranda açıqca deyilir: «Sizdən öncəkilərin taleyinə yazıldığı kimi…». Onu da vurğuladıq ki, xüsusən Èbrahim dinlərində onun bir ibadət olaraq ruhani tərəfləri önə çəkilir, ruhu tərbiyə, qorunma vasitəsi olması mənimsənilmiş şəkildədir. O ki qaldı orqanizmə olan faydasına, qidadan imtinanın xeyirli olduğunu bitkilər də «bilir». Çoxillik bitkilər qışda qida qəbulunu dayandırır, dincəlir, yaz gəlincə yeni qüvvə ilə inkişafa başlayırlar.

Qidadan imtina ilə müalicə üsulu heyvanlara da tanışdır. İtlər xəstələnəndə bir sutka su və yeməkdən əl çəkir, qabaq ayaqlarını irəli uzadıb günün qabağında uzanırlar (sfinksin pozasında). Pişiklər isə otların içindən lazım olanını tapıb çeynəyir, yediklərini bu yolla qaytarır, sonra bir müddət ac qalmaqla müalicə olunurlar. Qədim misirlilərin bu yolla sağlamlıq əldə etmələri haqda keçən yazıda Herodotdan sitat da gətirimşdik.

On bir ayın sultanı

Ramazan ay təqviminə görə ilin doqquzuncu ayının adıdır. «Rumuz» sözündəndir, günəş, isti deməkdir. Ayların adı dəyişiləndə Ramazan isti vaxta düşdüyündən, ona bu adı qoyublar. İslam inancına görə, Ramazan ayların ən üstünü, on bir ayın sultanıdır. Çünki Müqəddəs Kitabımız bu ayda endirilib: «İnsanlara yol göstərən, doğru nədir, əyri nədir – ayırd edən Quranın nazil olduğu Ramazan ayı ki var, kim o zaman ayı gördü, oruc tutsun. Kim xəstədirsə, yaxıd yol üstədirsə, oruc tutmadığı günlərin əvəzini başqa bir vaxt çıxmalı. Allah işinizi asanlaşdırmaq istər, çətinləşdirmək istəməz. Orucu başa vurub tamamlamağınızı, doğru yol üzrə Onu ucaltmağınızı istəyər. Umulur ki, şükür edəsiniz» (Baqara 185). Peyğəmbərimizin Mədinəyə hicrətinin ilk illərində müsəlmanlar ayda üç gün, bir də aşura günü oruc tutarlarmış. Hicrətdən bir il yarım keçdiyi vaxt, qiblə dəyişməsindən sonra şaban ayının onunda oruc fərz qılınıb. Deyilənə görə, bu, Bədr savaşından sonra olub.

Ramazan Allahın lütf və rəhmət qapılarının açıldığı aydır. Peyğəmbərimiz orucluq vaxtı könüldən edilən dua, ibadət və yaxşılıqların Allah qatında daha keçərli olacağını söyləyib. Əbu Hamid əl-Qəzali orucun üç növü olduğunu yazır. Avamın orucu. Qəzaliyə görə, bu oruc yemək, içmək və intim münasibətdən imtinadan ibarətdir. «Avam» dedikdə adi insanlar nəzərdə tutulur. Xas adamların orucu. Bu tipdə yuxarıdakı yasaqlara əməl edilməklə yanaşı üstəlik göz, qulaq, dil, əl və digər orqanları da günahdan qoruyaraq oruc tutulur. Üçüncü isə peyğəmbərlərin, siddiqlərin, müqərriblərin (yaxınlaşdırılmışların) orucudur. Onlar yuxarıdakı şərtlərə əməl eləməklə yanaşı, üstəlik qəlblərini də dünya ilə bağlı düşüncələrdən təmizləyər, masivanı (Allahdan başqasını) düşünmür, düşündükdə oruclarını pozulmuş sayırlar («Ehyayi-ülumiddin», I cild, səh 602).

«A-zad ruh! A-zad ruh!»

İnsan orucu mədə ilə yemək arasında hicran, iftarı isə həsrətlilərin vüsal dəmi kimi dərk edə bilər. Amma bu cür bəsitləşdirilməsə, daha yaxşıdır. Ramazan oruc tutan adamın il ərzində yol verdiyi bağışlanması mümkün olan kiçik günahların təmizlənməsində mühüm rol oynayır. Bu ayda insan öz ağlını, şəxsiyyətini, şüurunu, həyatını Quran üzrə inşa eləmək üçün fürsət qazanır. Yəni oruc səhər «fəcrin ağ ipliyi qara ipliyindən seçiləndən» axşamacan ac-susuz qalmaqdan, nəfsinə xoş gələn şeylərə «yox» deməkdən ibarət passiv bir ibadət növü deyil. O həm də davranışlarına adi günlərdən fərqli bir gözəllik qatmaqdır. Eyni zamanda introspeksiya – öz daxili aləmini gözdən keçirmə və özünə tənqidi yanaşma zamanıdır. Məşhur təfsir alimi Həmdi Yazır orucun faydaları barədə belə yazır: «Orucun vacib (fərz) olmasının əsl hikməti Allahın əmrinə boyun əyib bəndəlik zövqünü dadmaq, ruhu riya əsərlərindən təmizləyərək qüvvət və ixlasını artırmaq, və özünü Allahın qorumasına təslim etmək üçün nəfsi ilə cihad etməkdir». Təsəvvüf əhli deyir ki, bizim cismani və ruhi qisimlərimiz arasında sürəkli mücadilə gedir. Ramazanda insan il boyu müxtəlif situasiyalardan uğurla çıxmaq üçün öz ruhunu akkumulyasiya edir, pozitiv enerci toplayır. Şəhvani duyğularını ayaqlar altına alır, heyvani və cismani olanı yenir, özündə mələklik keyfiyyətlərini üzə çıxarır. Orucu dərindən yaşayanlar üçün áó, bir zövq mənbəyidir. Şəms Təbrizi «Məqalat» adlı əsərində yazır: «Hələ əryənlik çağına çatmamışdım. Eşq dəryasına daldımmı, 30-40 gün heç bir şey yeməzdim. Arzulardan qurtulurdum, günlərlə aclığa, susuzluğa qatlanırdım. Bir gün atam mənə dedi.: «Oğlum, mən sənin bu halından bir şey anlamıram. Bunun sonu haraya gedəcək? Bu davranışlar səni fəlakətə sürükləyəcək». Mən ona bu cavabı verdim: «Ata, səninlə mənim ata-oğul əlaqəmiz, bilirsənmi, nəyə bənzəyir? Bir toyuğun altına toyuq yumurtaları ilə qarışıq bir qaz yumurtası da qoyublarmış. Vaxtı gəlib və cücələr çıxıb. Onlar analarının dalına düşüb getməyə başlayıblar. Yolda bir göl kənarına çatıblar. Qaz yumurtasından çıxan cücə tez özünü suya atır, üzməyə başlayıb. Bunu görən ana toyuq: «Eyvah, balam boğulacaq» deyə haray çəkir, fəryad eləyirmiş. Halbuki qaz balası nəşə içində suda üzürmüş. Bax, səninlə mənim aramdakı fərq belədir».

«Bir tikə çörəyə baxan ac və tox adam ayrı-ayrı şeylər görür»

Deyirlər ki, “insan” sözü “nisyan”dan götürülüb. Mənalarından biri də naşükür, əməyi zay edən deməkdir. Quranda «insan çox nankordur» ifadəsi də keçir. Ürəyi qatılaşmış adamlar məhz oruclu olanda nemətin qədrini bilmək şansı qazanır. Müqəddəs Kitabımızda insan qruplarının dəfələrlə məhz nemətlərin bol olması səbəbindən Allahdan, haqdan uzaqlaşması haqda məlumatlar verilir. Baqara surəsində yəhudilərə verilən gözəl nemətdən danışılır və sonucda onların azması söylənilir. «Üstünüzə kölgə saldıq buludla, qüdrət halvası və bildirçin göndərdik göydən sizə. «Verdiyimiz nemətlərdən yeyin» dedik» (Baqara 57). Amma bu, dua və şükürlə nəticələnmir, əksinə Allaha qarşı çıxırlar: «Ey Musa, eyni yeməyə dözə bilmərik, bizdən ötrü dua elə Rəbbinə, yerin bitirdiyi səbzə, qabaq, sarımsaq, mərcimək və soğan yetişdirsin bizə» demişdiniz. «Düşük şeyləmi dəyişdirmək istəyirsiz sizə xeyirli olanı? Düşün şəhərə, şübhəsiz, tapacaqsız istədiyinizi» dedi. Yoxsulluq, düşgünlük damğası vuruldu onlara, Allahın qəzəbinə düşdülər. Allahın ayələrini danırdılar. Peyğəmbərləri haqsız yerə öldürürdülər. Allaha qarşı çıxmışdılar, düşmənçilik eləyirdilər» (Baqara 61). Burada gözəl nemətlər müqabilində Allaha şükür eləmək əvəzinə etiraz görünür. İlk baxışdan eyni yeməkdən bezməkdən danışılır və bu, təbii sayılmalıdır. Amma bu təkcə polifoniya arzusundan doğan etiraz deyil. Üstəlik, Quran təbiri ilə desək, onlar «düşük şeylər» istəyirlər. Bundan başqa, təfsir alimlərinin doğru olaraq qeyd elədikləri kimi, danışıqlarında naşükürlük və təkəbbür tonu üstünlük təşkil edir. Bu, Quranda çox incəliklə verilib: Onlar «Rəbbimizə dua elə» yox, heç «Allaha dua et» də yox, «Rəbbinə dua et» deyirlər. Burada bir təkəbbür, tərbiyəsizlik var.

Oruc nemətlərin əsl qiymətini insana dərk etdirir. Cəlaləddin Rumi yazırdı: «On gün bir şey yeməmiş bir acla gündə beş öyün yemək yeyən bir tox hər ikisi bir tikə çörəyə baxar. Tox olan çörəyin zahirini, şəklini, ac isə canını, mahiyyətini görər» («Fihi ma fih»). Uca Tanrının tövsiyəsi ilə oruc tutan adam nemətin mahiyyətini görür, nemətin sahibinə şükür edə bilir. Nemətə şükür edəndə isə o artır. Quranda: «Şükür edin ki, artırım sizə olan nemətimi» məzmununda ayə var. Orucla bağlı bir ayədə isə deyilir ki, «Umulur ki, şükür edəsiniz» (Baqara, 185). Yəni oruc həm də nemətin artırmasına nail olmaq üçün insanlara yaradılan fürsətdir. Ac olanda qatılaşmış ürəklər yumşalır, nemətin əsl mahiyyəti dərk edilir, onu verən Allah yada düşür, şükür edilir və əvəzində insan qazanır – ona verilən nemət artırılır.

Az yeyən mələk olar…

Ramazanda tutulan oruc mənəvi sağlamlığa yol açdığı kimi bədən üçün də faydaları var. Əvvəllər belə bir söz olub: «Az yeyən mələk olar, çox yeyən həlak olar». Ramazanda yeməyin miqdarının azalmasının qara ciyər, piylənmə kimi xəstəliklərə tutulanlar üçün faydası var. Orucluq zamanı mədə-bağırsaq sistemi istirahət edir. Tibb mütəxəssislərinin fikrincə, insan nə qədər yeməyinə fikir versə də, əgər arada bir toksinlərdən təmizlənməsə, lazım olan faydanı əldə edə bilməz. Oruc bədəni zərərli toksinlərdən azad etməyin ən yaxşı yoludur. İnsan elə yaradılıb ki, bədəndə yeməyə ehtiyac əmələ gələndə və o olmayanda orqanizm daha çox ehtiyac duyulan maddələri həzm etməyə başlayır. Beləliklə, depolanmış piylər, toksinlər zərərsizləşdirilir. Bu yolla insan revmatizm, ilkin mərhələdə olan şəkər xəstəliyi, piylənmə, miqren və s. kimi xəstəliklərdən qurtulur.

Proteinlər aləminə səyahət

Canlıların yaşaması üçün proteinlərin çox böyük həyati əhəmiyyəti var. Onların hüceyrə içində istehsalı heç bir başqa istehsal prosesi ilə müqayisə edilməycək dərəcədə mükəmməldir. Proteinlər hüceyrələrə mesacları daşıyır, onları dəyərləndirir, hüceyrəyə giriş və çıxışları nəzarətə götürən, kimyəvi prosesləri sürətləndirən də onlardır. Proteinlərin çox tanınanlarından biri hemoqlobindir. O, qandakı oksigeni toxumalara daşıyır. Transferin qanda olan dəmiri daşıyır, immunoqlobinlər vücudu bakteriya və viruslardan qoruyur. Fibrinogen və trombin qanın laxtalanmasını təmin edir. Bəzi canlılarda onların həyat şəraitinə uyğun zəruri protein növü olur. Məsələn, bəzi balıqlarda antifriz proteini var ki, o, balıqların qanını donmağa qoymur.

Proteinlərin «attestasiyası»

İnsan bədənində hər hansı bir proteinə ehtiyac olanda, həmin ehtiyac barədə sifariş müvafiq DNT-nin molekuluna çatdırılır. Bu mesacı çatdıran da proteinlərdir. Onlar nə üçün hara müraciət edilməsini yaxşı bilirlər. Hazırlanmış proteinlər bir neçə yoxlamadan keçir. Orqanizm üçün tam yararlı olduğuna qərar veriləndən, yəni keyfiyyət testindən keçəndən fəaliyyətinə icazə verilir. Maraqlıdır ki, keyfiyyət məsələsinə də proteinlər baxır. Əslində orqanizmdə bir keyfiyyət departamenti var. Son tədqiqatlar göstərir ki, hüceyrələrdə bir poçt xidməti də var. 10 ilə 30 arasında amin turşusunun əmələ gələn zəncir şəkilli bir bölmə poçt indeksi rolunu oynayır və proteinin hara gedəcəyini bildirir. Protein inteksdə göstərilən ünvana çatdırılandan sonra indeks hissə ondan ayrılır.

Yuxarıda deyildiyi kimi, bir qrup protein digərlərinin yararlı olub-olmadığını yoxlayır. Standarta uyğun olmayanlar müəyyən ediləndə onların məhvi haqda qərar verilir. Və bu növdən yenisi sifariş edilir. Çünki əks halda orqanizmin işində axsama yarana bilər. Bəs «attestasiya» işini aparan bu proteinlər işinin öhdəsindən gəlməsə, onda nə baş verər? Təsəvvür edək ki, bir ölkədə müəllimlər və ya həkimlər işinin öhdəsindən gəlmir. Yaxud ölkə sərhədini qorumağa məsul olan xidmətlərdə attestasiya düzgün keçirilmir və onlar xarici kəşfiyyat orqanlarına işləyir. Bu vaxt xalqın, dövlətin aqibəti necə olar? Orqanizmdə də yuxarıda sadalanan funksiyalar yerinə doğru yetirliməyəndə toxumalara oksigen çatdırılmaz, qan lazım olanda laxtalanmaz, mikrob və viruslar orqanizmi didib-parçalayar. Ona görə də orqanizmin «attestasiya departamentinin» normal işləməsinin önəmini anlamaq çətin deyil. Bəs «keyfiyyət işinə baxan» proteinlər yarıtmaz olanda nə baş verir? Sıradan çıxmış «attestasiya proteinləri»nin başqa bir protein növü tərəfindən yoxlanması da mümkün deyil. Əks təqdirdə onlara da bir başqa qrupóí nəzarət etməsi lazım gələrdi və s. Burada teoloci terminlə demək, təsəlsül – mənasız silsilə alınır. Amma bunun da əlacı varmış. Son elmi qənaətlərə görə, orucluq zamanı otuz gün ərzindəki imtinalar həmin sıradan çıxmış proteinlərin məhvi ilə nəticələnir və orqanizm «vakansiyalara» uyğun yeni «attestasiya proteinləri» istehsal edir. Onlar isə orqanları təpədən dırnağa ən optimal variantda yoxlamadan keçirib təzələyirlər. Düzünü Allah bilir.