«Bilsəydiniz orucun nə qədər xeyri var sizə».
(Baqara, 184)
Oruc islamın şərtlərindən biridir. Müsəlmanlar orucu bir fayda təmənnasıyla yox, Allahın tövsiyəsi olduğu üçün tuturlar. Ancaq Allahın bütün tövsiyələri kimi, bunun da mütləq bir faydası olduğunun da fərqindədirlər. Oruc nəfsi, iradəni, əxlàqı tərbiyədə mühüm rol oynayır, sosial faydaları da danılmazdır.
Tibbi cəhətdən də çox xeyirlidir. İl boyu durmadan işləyən mədə və həzm sistemi orucluqda sanki məzuniyyətə çıxır, dincəlir. Günün uzunluğu qədər. Çörəyin əsl dadını, gözəl ətrini duyuruq, əsl qiymətini anlayır, ona yavanlığa bir əlavə kimi baxmırıq. Eləcə də başqa nemətlərin zahirini yox, mahiyyətini görür, dərk edirik. İl boyu yavaş-yavaş unutmaq üçün.
«Sizdən öncəkilərin taleyinə yazıldığı kimi…»
Quranda əvvəlki nəsillərə də peyğəmbərlər vasitəsilə orucun tövsiyə edildiyi yazılır. «Ey möminlər, sizdən öncəkilərin taleyinə yazıldığı kimi, sizə də oruc buyuruldu ki, Allaha qarşı çıxmaqdan çəkinəsiniz» (Baqara, 183). Biz bu xalqlara hansı formada və şərtlər altında vəhy edildiyini deyə bilmərik. Bilinən odur ki, oruc bu və ya digər formada dünyanın istənilən dinində var. Bu ibadət dövrü dindarların həyatında vacib bir məqamdır. Orucun əsasında imtina durur – qida qəbulu ya tamamilə dayandırılır, ya da məhdudiyyət qoyulur. Dindarlar bu ibadəti yerinə yetirməklə ruhi və fiziki təmizlənməyi hədəfə alırlar. İnsanlar orucun faydalarını lap qədimdən bilirdilər. Tibbi faydasını da o cümlədən. Herodot yazırdı ki, «Misir sakinləri adamların ən sağlamıdırlar. Onlar ayda üç gün qusma və imalə yolu ilə təmizlənmə aparırlar. Çünki insanın bütün xəstəlikləri qida ilə aldığını düşünürlər». Aclıq müddətləri Hind-Çində də dini reqlamentə salınmışdı. Tibet traktatı olan Çcud-Şidə «aclıq yolu ilə müalicədən» danışılır. Pifaqorla bağlı təfərrüatlar da maraqlıdır. Yazılana görə, o vegetarian olmaqla yanaşı qırx günlük oruc tutar, şagirdlərindən də tələb edərmiş ki, heç olmasa yalnız çörək və su ilə keçinsinlər. Antik dövrün tanınmış simalarından Platon, Herodot, Plutarx da bu üsullara əl atıblar. Bundan başqa, mənbələr əski babillərin, misirlilərin, assurların oruc tutmuş olduqları haqda məlumat verir.
Buddizmdə oruc
Buddizm oruca ən çox əhəmiyyət verən dinlərdəndir. Bu dində oruc özünənəzarətin yeganə yolu sayılır. Buddaya görə, hər kəs iki ayda bir dəfə oruc tutmalı və bu zaman cəmiyyət içində özünü ifşa eləməli – yol verdiyi günahları etiraf etməlidir. Buddanın fikrincə, əbədi qurtuluşa – nirvanaya çatmaq üçün insan buna əngəl olan arzulardan vaz keçməlidir. Arzulardan qurtarmağın ən əsas yollarından biri isə oruc tutmaqdır. Budda mətnlərində bir asket haqqında hekayə var. Qəddar şahın əmri ilə onu vəhşicəsinə döyürlər, sonra əllərini və ayaqlarını qoparırlar, amma o bütün bunları sakitliklə qarşılayır, bir dəfə də olsun qəzəb və ya kin göstərmir. Bunu belə izah edirlər ki, o, öz ruhunu hissi həzzləri məhdudlaşdırmaqla inkişaf etdirib. Hind dinlərindən brahmanizmdə hər ayın 12-ci və 13-cü günlərində oruc tutmaq ənənəsi var. Bu dində nə yaşlılar, nə xəstələr, nə də uşaqlar orucdan azad deyillər. Bəziləri insani istəklərinə qalib gəlmək üçün 15 günlük oruc tuturlar. Bu müddət ərzində bir udum su içmək olar. Başqa nəsə yeymək və ya içmək orucu pozur.
Oruc fəlakətdən qorunma vasitəsi kimi
İbrahim dini olan iudaizm, xristianlıq və islam oruca münasibətdə bir çox cəhətdən oxşardırlar. Bunların hamısında oruc hansısa təqvim gününə bağlıdır. Bundan başqa, oruc təkcə yeməyə məhdudiyyətlə bitmir, insandan saleh əməl, Allaha yaxınlaşmaq üçün düşüncələrini təmizləmə tələb olunur. Bu dinlərin hər birində oruc bitəndə bayramla qeyd olunur və s. Xronologiya ilə bunları nəzərdən keçirək. Əhdi-ətiqdən bəlli olur ki, o vaxt oruca Allaha yaxınlaşmaq vasitəsi kimi baxıblar. Bu ibadətin insanı dəyişdirdiyini düşünüblər. Hesab ediblər ki, ruhun bədənin təsirindən çıxmasına orucla nail olmaq olar. Eyni zamanda, o da məlum olur ki, o vaxtlar fəlakətlərdən qorunmaq üçün kütləvi oruc tutulurmuş. Əhdi-ətiqdə deyilir: «Və ninəvalılar inandılar Allaha və oruc elan elədilər. Və böyükdən kiçiyə cır-cındır geyindilər. Bu söhbət Ninəva çarına çatdı. Və o öz taxtından qalxdı, özünün çar libasını çıxardı, cır-cındır geyindi və külün üstündə oturdu və fərman verdi ki, Ninəva çarı və əyanların adından elan eləsinldər ki: «nə insanlar, nə mal, nə öküzlər, nə qoyunlar otaracağa getməsin, yeməsin, içməsin, və adamlar və heyvanlar cındırla örtülü olsun və Allaha möhkəm yalvarsınlar. Hər kəs özünün şər yolundan və əlinin zorakılığından əl çəksin. Kim bilir, bəlkə Allah rəhmə gəldi, öz qəzəbini bizdən uzaqlaşdırdı və biz məhv olmadıq. Və Allah gördü ki, bunlar şər yolundan döndülər, onlara yazığı gəldi, onlara göndərməyi vəd elədiyi fəlakəti göndərmədi» («Peyğəmbər İonanın kitabı» 3:5-10).
Zahirpərəstlik pislənilir
Kitab əhlinin orucun mahiyyəti haqqında düşüncələri də əvvəlki kitablar əsasında formalaşıb və burada da Quran məntiqinə çox yaxın olan yanaşmalar var. Aşağıdakı örnəkdən bunu görəcəyik. «Mən seçdiyim oruc odumu ki, gündə adam öz ruhuna əziyyət verir, öz başını qamış kimi aşağı əyir, öz altına cındır paltar və ya kül sərir? Bunu sən Allaha xoş gələn oruc adlandırırsan? Budu Mən seçdiyim oruc: yalanın qandalını kəs, əsarət buxovlarını aç, məzlumları azadlığa burax, bütün buxovları qırıb at, öz çörəyini acla böl, sərgərdan kasıbları evə apar, çılpaq görəndə geyindir, öz həmtayfalarından gizlənmə. Onda sənin nurun şəfəq kimi açılacaq, sağlamlığın tezliklə güclənəcək və sənin həqiqətin sənin önündə gedəcək, Allahın cəlalı səni müşayiət edəcək» (Əhdi-ətiq, «Peyğəmbər İsaiyyanın kitabı», 58:5-8). Yəni oruc Allah üçündür. Adamlara göstərmək üçün yox. Allahı sənin qüssəli görünüşün yox, onun xoşuna gələcək, təqdir edəcəyi əməllər razı salar. Və oruc saleh əməllə bütünləşməlidir. O cümlədən, bu ibadətin həyata keçirildiyi zaman kəsiyi sosial yardımlaşma dönəmi olmalıdır.
Yəhudilikdə oruc praktikası
Yəhudilikdə uşaqlar on iki yaşından oruc tuta bilərlər. Vacib sayılan əsas oruc Yom kippur (bağışlanma günü) adlı kəffarə orucudur. Yom Kippur yəhudi təqviminin ilk ayı olan Tişrinin onuncu günüdür. Bu tarix Məhşər günü də adlanır. Yəhudilər bu günlərdə günahlarından peşmançılıq bildirir, tövbə edir, bağışlanmalarını istəyirlər. Belə izahlar var ki, Musa peyğəmbər Tur dağına Allah taaladan buyruqlar almaq üçün çıxanda o vaxtkı yəhudilər qızıl bir buzova tapınıblar. Bağışlanma tədbirləri də məhz bu səbəbdəndir, Bu zaman oruc belə tutulur: imsaq əvvəlki axşam gün batanda başlayır. Yəni gün batandan oruc başlayır və səhəri gün ilk iki ulduz çıxana qədər davam edir. Bu müddətdə yeyib-içmək yasaqdır. Bu, haradasa iyirmi beş saat sürür. Xəstələr istisna olmaqla on iki yaşından yuxarı hər kəs oruc tutmalıdır. Oruc zamanı intim əlaqə, dəri ayaqqabı geymək, dişləri təmizləmək, pul xərcləmək, ətir, sabun, makiyacdan istifadə yasaqdır. Hamilə qadınlar adi adamlar kimi bütün günü oruc tuturlar. Əgər südəmər körpəsi olan ananın uşağı xəstədirsə və süddən başqa heç nə istəmirsə və uşağın hyatı üçün təhlükə ola bilərsə, o, oruc tutmamalıdır. Əgər hamilə qadın hansısa yeməyin qoxusunu duydusa və «Mən yemək istəyirəm» dedisə, onun qulağına pıçıldayırlar ki, bu gün Yom Kippurdu. Deyirlər ki, bəzən bu, kifayət edir ki, sakitləşsin. Xeyri olmasa, barmağını şorbaya batırırlar. Bu da kifayət eləməsə, azca yemək verilir. Birinci gecə və demək olar ki, bütün növbəti gün ərzində yəhudilər sinaqoqa toplanır, bu gün üçün hazırlanmış olan duaları oxuyurlar. Təmizlik simvolu olan ağ rəngli paltar geyinirlər. Axşam yeməyi üçün toyuq supu hazırlanır. Misir yəhudiləri oruc qabağı yumurta ilə limon supu yeyirlər. Oruc qabağı bütün yeməklər yüngül olmalı, nə çox duzlu, nə də şirin olmalıdır ki, susuzluğa səbəb olmasın. Xəstə adama yuyunmağa icazə var. Bir də əgər qadının gəlin gəldiyi gündən otuz gün keçməyibsə, ona üzünü yumağa icazə verilir ki, öz ərinə çirkin görünməsin.
Yom Kippurda həm də ölənləri xatırlayıb dua oxuyurlar. Çünki düşünürlər ki, ölənləri xatırlama insanın ürəyini yumşaldır. Bunu bir də ona görə edirlər ki, ölənlərin də tövbəyə – günahlarını yumağa ehtiyacı olduğunu düşünürlər. Hazırda yəhudilikdə başqa oruclar da var: Nə vaxt öldüyü məlum olmayan qohumların xatirəsinə tutulan oruc. Bu oruc faşizmin öldürdüyü yəhudilərin xatirəsinə hörmət olaraq qəbul olunub. Bir gündür. Səhər başlayır və axşam qurtarır. Şiva asar: Yerusəlimin dağıdılması ilə bağlı orucdur. Tişabe-av: Ciddi orucdur. Eramızın yetmişinci ilində Yerusəlimdə məbədlərin dağıdılması ilə bağlıdır. Bu günlərdə ət yeyilmir və şərab içilmir. Bu oruc da Yom Kippurda olduğu kimi, axşam başlayır və bir sutka davam edir. Yəhudilikdə oruclar ay təqvimi ilə olduğundan il boyu dəyişir.
Xristianlıqda oruc
Xristianlaqda oruclar il ərzində iki yüz gün əhatə edir. Bunların dördü uzunmüddətlidir. Pasxadan əvvəl böyük oruc – 7 həftə, Pyotr orucu – 8-42 gün, Uspensk orucu – iki həftə, mövlud və ya Filip orucu 15 noyabrdan yeni ilə qədər. Bundan başqa birgünlük oruclar da var – çərşənbə və cümə günləri. Katolisiszmdə orucların müddəti daha azdır, amma bir günlük oruclara şənbə də əlavə olunur. Protestantlıqda orucun reqlamentasiyası yoxdur. Amma bəzi konfessiyalarında günlük oruc tutulur, o da hər bir fərdin şəxsi işi kimi. Xristianlıqda oruc fərzdir və kilsənin üçünücü əmridir. Orucun vaxtı və qaydaları məsələsində xristian məzhəbləri arasında fərqlər var. İyirmi bir yaşı tamam olan adamın oruc tuta biləcəyi deyilir. Və altmış yaşına qədər tutulur. Xristianlıqda orucun iki çeşidi var. Şükran orucu və kilsə orucu. Çərşəmbə, cümə və şənbə günləri, bəzi bayram ərəfələri oruc üçün təşfiq edilir. Bu, İsa peyğəmbərin çərəşəmbə günü ələ keçməsi, cümə günü çarmıxa çəkilməsi, şənbə günü isə basdırılması ilə əlaqələndirilir. Pasxa öncəsi iki gün oruc tutmaq da xristianlarda yayılmış bir ənənədir. Hesab edirlər ki, pasxa günü İsa peyğəmbər dirilib və göyə yüksəlib. Xristian orucu ciddi ola bilər, amma tam aclıq bu oruclarda olmur. Adətən, heyvani mənşəli qidalardan uzaq durur, bitki mənşəli qidalar qəbul edirlər. Bəzi oruclarda balıq və balıq məhsulları yeməyə icazə var. İndikindən fərqli olaraq qədimlərdə xristianlar bir neçə həftə (qırx günə qədər) hər cür yeməkdən imtina edərdilər.
Xristianlıqda inanılır ki, oruc insanı təkcə fiziki cəhətdən təmizləmir, onun biosahəsini də arındırır. Öz iştahını nəzarətə alan adam ruhani cəhətdən də təmizlənir. Xristian ilahiyyatçılarına görə, oruc nuru zülmətdən ayırmaq üçündür. Varlıq kitabında deyilir ki, Allah əvvəlcə nuru zülmətdən ayırıb, sonra yaradılışa başlayıb. Buna görə İsa peyğəmbər də qırx gün oruc tutub. Məqsədi bu olub ki, ilahi sözü şeytani sözdən ayıra bilsin. Xristianlar düşünür ki, Allah nuru zülmətdən ayıra bilməyən adamın üzərinə mükəlləfiyyət qoymaz.
2005 (təxminən)