Nizami Gəncəvi
Əgər kimsə bu barədə yazıbsa, çox gülməli vəziyyət yaranacaq. Deyəcəklər xəbər buna indi-indi çatıb. Amma siz gülməyin. Mən bilirəm, dost-tanışlardan elələri var ki, güləsi gəlsə də, gülməyəcək, çünki arada xətir-hörmət var. Bir də ki hər kəs hər şeyi bilə bilməz axı…
Keçək mətləbə. Birinci şəkildəki gördüyünüz Milon Krotonludur. O, eramızdan əvvəl VI əsrin 2-ci yarısında yaşayıb. İtaliyanın Kroton şəhərindən olan bu yunan idmançısı haqqında Herodot, Pindar, Plutarx və digər qədim yunan və Roma müəllifləri yazıb. Aristotel isə onu Heraklla müqayisə edib.
Qədim müəlliflər Milonun gücü haqqında müxtəlif rəvayətlər yazıb. Deyilənə görə, o, Olimpiya Oyunlarında dörd yaşlı öküzü çiyninə qaldırıb və onunla dörd dəfə Olimpiya arenasını dolanıb. Bir başqaları axırda öküzü kəsib elə meydandaca yediyini yazırlar. Əsas məsələ – Krotonlu Milon əfsanəvi gücə tədricən nail olub. O, əvvəlcə hər gün körpə bir buzovu çiyninə alıb təpəyə çıxarırmış. Sonradan müəlliminin tapşırığı ilə bunu 4 il sərasər davam etdirib. Milonun bənzərsiz məşqi əfsanəyə çevrilib və Yunanıstanda bir atalar sözü yaranıb:
“Buzov qaldıran öküzü də qaldırar”.
Milonun müəlliminin Pifaqor olduğu deyilir. Həm də Milonun Pifaqorun qızı ilə evləndiyi bildirilir.
Deyilənə görə, Milon həm də yaxşı güləşçi olub. Yeddi dəfə Olimpiya çempionluğuna yüksəlib. Onun müasiri, Keoslu şair Simonides (556-467), Milonun Olimpiyadakı heykəli üçün aşağıdakı epiqramı yazıb:
Pisadakı bu heykəl şanlı Milonundur,
O, yeddi qələbə qazandı və heç məğlub olmadı.
İnternet mənbələrinə görə, Aleksandr Dümanın “İyirmi il sonra” romanında “Güc və zəka” simvolik başlıqlı fəsildə Porthos krotonlu Milondan heyrətlə danışır:
“Eşitdiyimə görə, – Porthos dedi, – krotonlu Milon heyrətamiz işlər görürmüş. O, başını kəndirlə bağlayır və baş əzələlərinin hərəkəti ilə onu parçalayır, yumruğunun zərbəsi ilə bir öküzü yerə yıxır və çiyinlərində aparır, qaçan atı arxa ayaqlarından tutub saxlayırmış”.
Bu real şəxsin həyatı xeyli əfsanələşdirilib. Roma yazıçıları Böyük Plini (eramızdan əvvəl 23-79) və Qay Julius Solinus (3-cü əsr) yazır ki, Milona yarışlarda xüsusi bir talisman da kömək edirmiş:
“Onun talisman kimi toyuğun bağırsağında olan alektorium adlı daşdan istifadə etdiyi barədə etibarlı mənbələrdən məlumatlar var. Bu daş kristala bənzəyir, lobya boydadır və güləşçilərə kömək etdiyi deyilir”.
Pliniy yazır ki, Milon bu daşı özü ilə götürüb. Pəhləvanlar tamamilə çılpaq mübarizə apardıqları üçün o, həmin talismanı yalnız ağzında saxlaya bilərdi.
Nizami Gəncəvinin “Yeddi gözəl”dəki “Fitnə” hekayəsini isə hər kəs bilir. Fitnə təzə doğulan buzovu qucağına alıb 60 pilləkanla yuxarı qaldırımış. Altı il belə davam edir, buzov böyüdükcə o da güclənir. Nəhayət, öküzü o pilləkanlarla qaldırır. Böyük şairimiz bu əfsanədən istifadə edərək bir kənizin dili ilə Bəhram şaha heç vaxt unutmayacağı dərs verir.
Belə. Əvvəl haradasa oxumusunuzsa, gülməyin. Mən onu ya oxumamışma, ya da unutmuşam.
P.S. Pifaqor məsələsində bəzi mübahisələr var. Bəzi müəlliflər yazır ki, Milonun qaynatası başqa Pifaqordur, o, məşqçidir. Digərləri isə deyir ki, söhbət elə həmin Pifaqordan – metafizika, riyaziyyat, musiqi, etika, siyasətə dair araşdırmalar müəllifi, Herodotun böyük Ellin müdriki adlandırdığı şəxsdən gedir. Onu hətta möcüzə sahibi, peyğəmbər sayanlar da olub. Yəni Pifaqor həm də Milonun məşqçisi ola bilərdi.
Xeyirli cümə axşamları