- Dil, Köşə, Manşet

Vasif SADIQLI. Postsovet məkanının toponimik landşaftı barədə bir neçə kəlmə

Coğrafi adlar hər bir xalqın tarixinin, mədəniyyətinin bir parçasıdır. Toponimlərdə insanların məişəti və inancı, tarixi təmasları haqda informasiyalar saxlanır. Bəzi toponimlər (xüsusilə hidronimlər) konkret ərazidə yaşamış xalqların substratlarına qədər gedib çıxır. Onlar xalqların tarixi keçmişinin cizgilərini, arxaizm və dialektizmləri qoruyub saxlayır, xalqların yayıldığı ərazilər, coğrafi-mədəni və iqtisadi mərkəzlər, ticarət yolları və s sahələrin konturlarını müəyyənləşdirməyə kömək edir.

Coğrafi adların mədəni və tarixi dəyəri çox böyük olduğu üçün işğalçılar bir qayda olaraq bu və ya digər xalqı assimilyasiya etmək üçün toponimlərin dəyişdirilməsinə xüsusi diqqət yetirirlər. Bu cəhətdən SSRİ də istisna təşkil etməyib. Bilməyənlər üçün xatırladaq ki, Sov.İKP Proqramında gələcək perspektivdə ölkədə milli fərqlərin aradan qaldırılması, vahid sovet xalqının təşəkkül tapması haqda müddəa var idi. Bu isə ayrı-ayrı toponimlərin ayrı-ayrı xalqların dil faktoru kimi əhəmiyyətini arxa plana keçirirdi. Ölkədə müxtəlif yaşayış məntəqələrinin tarixi adlarının dəyişdirilməsi, onlara ümumittifaq və yerli inqilabçıların, kommunist ideologiyasını təcəssüm etdirən ayrı-ayrı şəxslərin adlarının verilməsi siyasəti ardıcıl şəkildə həyata keçirilirdi.

SSRİ dağılandan sonra onun toponimik irsi ilə mübarizə geniş vüsət aldı. SSRİ-dən kənar, amma onun təsir dairəsində olan Şərqi Avropada siyasi-inqilabi toponimlər çox az olub. Ötən əsrin 80-ci illərində onlar artıq dəyişdirilməyə başladı. Məsələn, Şərqi Almaniyadakı Karl-Marks-Ştadt Vilhelm-Pik-Ştadt oldu. Hesablamalara görə, son 30 ilə yaxın müddətdə keçmiş SSRİ ərazisində 190-dək şəhərin adı dəyişdirilib. Əlbəttə, əhalinin sayına nisbətdə götürəndə siyasi-inqilabi adlar daha çox müsəlman respublikalarında, ən az isə Baltikyanı respublikalarda idi.

Postosvet məkanında toponimlərin dəyişdirilməsinə yenidənqurma dövründə, 1987-ci ildən başlanılıb. Qısa zamanda bütövlükdə kommunist ideologiyasına qarşı mübarizə çərçivəsində yerli inqilabçılar Maxaradze və Sxakayanın adı Gürcüstan xəritəsindən, Jdanov Ukrayna xəritəsindən, Stuçka Latviya, Kapsukas Litva, Kirov və Jdanov Azərbaycan xəritəsindən və s silndi. Hələ 1988-ci ildə Kuressaarenin tarixi adı Estoniya Kinqiseppinə qaytarıldı.

Qeyd edək ki, toponimlərdə dəyişikliklərin hamısı ideoloji mübarizə çərçivəsində baş verməyib. Bəzilərində kiçik orfoqrafik dəyişikliklər olub: Çimkənd-Şımkənd, Çardjou-Çardjev. Türkmənistanda Daşhovuzun adının Daşoğuza dəyişdirilməsi isə orfoqrafik korreksiya təsiri bağışlasa da, belə deyil. Çünki sovet dövründə bu toponim “oğuz” sözünə qısqanclıq üzündən Daşhovuz kimi yazılırdı. Bəzi tarixi coğrafi adlar isə derusifikasiya tədbirləri çərçivəsinə dəyişdirilib. Məsələn, Azərbaycanda Puşkin – Biləsuvar, Prişib – Göytəpə dəyişikliyini göstərmək olar.

Rusiya. Bu ölkədə toponim dəyişikliyi ardıcıl olmayıb. Rusiyada bir sıra sovet şəhərlərinin adları hələ də qalır: Kirov, Kalininqrad, Krasnodar, Ulyanovsk.
Amma adı dəyişdirilən şəhərlər də az deyil:
Ustinov – İjevsk,
Brejnev – Naberejnıe Çelnı,
Çernenko – Şaripovo,
Andropov – Rıbinsk,
Qorki – Nijni Novqorod,
Kalinin – Tver.
Leninqrad – Sankt-Peterburq və s.

Ukrayna. 2014-cü il inqilabından əvvəl Ukraynanın toponimik siyasəti Rusiyadan çox az fərqlənirdi. Amma 2015-ci ildə dekommunizasiya haqqında qanun qəbul ediləndən sonra 30-dan çox şəhərin adının dəyişdirilməsi qərara alınıb:
Jdanov – Mariupol,
Voroşilovqrad – Luqansk,
Dzerjinsk – Toretsk,
Dneprodzerjinsk – Kamenskoe,
Dnepropetrovsk – Dnepr və s.

Belarus. Bu ölkədə heç bir toponim dəyişdirilməyib və ona görə haqlı olaraq, postsovet ölkələri arasında “toponim qoruğu” hesab edilir.
Qazaxıstan. Burada toponimik dəyişikliklər çox ehtiyatla, amma ardıcıl aparılır:
Nikolski – Satpayev,
Panfilov – Jarkent,
Şevçenko – Aktau.
Quryev – Atırau,
Selinoqrad – Akmola,
Leninsk – Baykonur və s.
Özbəkistan. Bu ölkədə ona yaxın şəhərin adı milliləşdirilib:
Leninsk – Asaka,
Soldatskiy – Askarlik,
İliçevsk – Karasu,
Krasnoqvardeysk – Bulunqur.
Sovetabad – Xanabad,
Ulyanovo – Daştabad və s.

Gürcüstanda əsas dəyişikliklər 1989-1991-ci illərdə olub:

Maxaradze – Ozurqeti,
Tsxakaya – Senaki,
Gegeçkori – Martvili,
Mayakovski – Bağdati,
Siteli-Skaro – Dedoplistskaro

Türkmənistan. Bu ölkədə bir sıra toponim dəyişiklikləri şəxsiyyət kultu ilə bağlı olub. Belə ki, respublikanın keçmiş prezidenti bir sıra şəhərlərə özünün, atasının və anasının adını verib: Türkmənbaşı, Atamurad, Qurbansultan-Ece.

Azərbaycan
da həm ümumittifaq, həm də yerli inqilabçıların adına olan toponimlər dəyişdirilib: Kirovabad – Gəncə, İliç – Şərur, Qasım İsmayılov – Goranboy, Mirbəşir – Tərtər, Stepanakert – Xankəndi, Qazıməmməd – Hacıqabul, Əli Bayramlı – Şirvan  və s.

Bir daha qeyd edək ki, coğrafi adlarda xalqın, cəmiyyətin dil və mədəniyyətinin inkişafının müxtəlf dövlərləri fiksə olunur. Rusiyalı professor V.V Molçanovskinin dediyi kimi, toponimlər ölkə haqqında biliklərin saxlanc yeri, etnos haqqında tarixi-mədəni məlumatların qoruyucusu və transformatorudur. Ona görə də milli toponimlərin qaytarılması müstəqilliyimizin nailiyyətlərindən biri kimi qəbul edilməlidir.