- Köşə, Manşet

Vasif SADIQLI. Pul sevgisi başa girəndə məsuliyyət tətilə çıxır?

Azərbaycan Respublikasının Prezidenti 12 yanvar 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənəddə deyilir ki, “müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir”. Daha sonra Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurəti qeyd edilir.

Prezidentin Sərəncamında çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq olunması zərurəti də qeyd edilir. Bu siyahıya, təbii ki, Məhəmməd  Füzulinin əsərləri də daxil edilib. Bəli, çox faydalı bir işdir və indi böyük Füzulinin irsini “təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə” görülən işin keyfiyyətinə baxaq.

Təkrar nəşri “Şərq-Qərb” nəşriyyatı öz üzərinə götürüb və aşağıda əmin olacaqsınız ki, başdansovdu bir iş görüblər. Demək, mənim bu nəşri təhlil etmək fikrim olmayıb, şairin qəzəllərinin qısa şərhi üçün mötəbər mənbə kimi, həm də əlçatan olduğu üçün bu nəşrə üz tutmuşdum.

Təəssüf ki, şairin altı cildliyinin I cildində – azərbaycanca divanında çox kobud səhvlərlə üzləşdim. Məlumdur ki, bəzən bircə hərfin səhv yazılması ciddi məna fərqi yarada bilir. Belə də oldu.

“Tilismi-gənc üçün min ismi-ə’zəm yad tutdun, tut!” misrası ilə başlayan qəzəlin 3-cü beytinə baxaq:

Şərabi-nab zövqindən nə hasil, çün degil baqi,
Piyazi-ömrə min gəz su verib, axır qurutdun, tut!

Bir qəzələ şərh yazanda nə qədər vaxtım getdi. Doğrudanmı, Füzuli “ömür soğanı” kimi bir ifadə işlədər? Böyük şairin həyatı çox keşməkeşli olub, amma o bunu belə ifadə etməzdi axı. Türkiyə nəşrinə baxmalı oldum. Məlum oldu ki, “riyazi-ömr” olmalı imiş – “ömür bağçası”.
Demək, qoçaqlarım kitabı kompüter proqramı ilə latına çevirib, sonra isə oxumadan və ya başdansovdu göz gəzdirərək çapa veriblər. Belə səhvlər çoxdur. Neçə dəfə izafət olmayan yerdə defis qoyulub, izafət olan yerdə defis qoyulmayıb, c əvəzinə g yazılıb və s.

Elə həmin cilddə “Ney kimi hər dəm ki, bəzmi-vəslini yad eylərəm” misrası ilə başlayan qəzəlin 5-ci misrasına baxaq:

Incimən hər necə kim, əğyar bidad eyləsə,
Yar gövriçün, könül, bidadə mö’tad eylərəm.

1. Birinci söz “Incimən” yox, “incimən” olmalıdır.
2. İkinci misrada “cövr” əvəzinə “gövr” yazılıb.
3. İkinci mjisrada “könül” sözü xitab deyil, ona görə vergüllə ayrılmamalıdır. Misranın mənası belədir: “könlümü yarın cövrü üçün zülmə alışdırıram)

İndi II cildə baxıram, deyəsən, bu da eyni vəziyyətdədir.
Nümunə üçün bircə qəzələ baxaq.

“Leyli və Məcnun” poemasındakı ikinci qəzəlin mətləsinə baxın:

Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,
Ne’məti-vəsÜN görüb, nazRA çəkərdim can ilə.

Göründüyü kimi, “vəslin” əvəzinə “vəsün”, “nazın” əvəzinə “nazra” yazılıb.
Amma səhvlər bununla bitmir, Elə həmin qəzəlin dördüncü beytinə baxaq:

Yetsə gər aşiqlərin əflakə əfgam, nə sud,
Yetmək olmaz mahvəşlər vəslinə əfğan ilə.

Göründüyü kimi, beytin I misrasında “əfĞanI” əvəzinə “əfGaM” gedib.

Təəssüf ki, qəzəlin məqtəsi də məsuliyyətsizlikdən binəsib qalmayıb.

Ey, Füzuli, əxtəribəxtim müsaid olmadı
Kim, olam bir dəm müqarin ol məhi-taban ilə.

Birinci misrada “ey” nidasından sonra vergül olmamalıdır, “əxtəribəxtim” isə izafətdir və defislə yazılmalıdır: “əxtəri-bəxtim”

Bir qəzəldə bu qədər səhv varsa, kitabda nə qədər səhvə yol verildiyi barədə
ehtimallar etmək olar.

Yeri gəlmişkən, pulu Məcnun Leylini sevən kimi sevən dostlar onun vəslinə yetməyə o qədər tələsiblər ki, “Leyli və Məcnun”un dibaçəsini mətn kimi yığdırmağı da lazım bilməyiblər – bir kompüter  səhifəsindən az olan dibaçəni skan edib səhifəyə atıblar.  Şair demiş, “fəzayi-puli ta gördüm, səlahi-əqldən durəm…”

Xeyirli cümələr…