Xüsusi karantin rejimi şəraitində də Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi öz fəaliyyətini davam etdirir. Bu yaxınlarda qısa müddətli də olsa, Bakının müxtəlif ərazilərində yoxlamalar keçirmişik və nəticələrini təqdim edəcəyik. Hədəflərimizin biri də Şəhidlər Xiyabanının yaxınlığında tikilmiş və bir neçə ildir fəaliyyəti dayandırılmış məscidi oldu. Onun üzərindəki yazı diqqətimizi çoxdan cəlb etmişdi. Nəhayət, həmin yazını çəkə bildik.
Azərbaycan müstəqillik əldə edəndən sonra qardaş Türkiyə ilə siyasi, iqtisadi, hərbi, mədəni sahələrdə əməkdaşlıq genişlənməyə başladı və bu, ölkə əhalisi arasında çox məmnunluqla qarşılanmğa başladı. Haqqında danışacağımız məscid də ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyə Diyanət Vəqfinin vəsaiti ilə tikilib. Amma təəssüf ki, məscidin inşası zamanı bir sıra səhvlərə yol verilib. Məscidin adından başlayaq. Tikilinin üzərində onun adı doğru yazılmayıb. Şəhidlər Xiyabanında yerləşən bu məscidin adı “Şəhidlik” yox, “Şəhidlər” məscididir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında (dqidk.gov.az) oxuyuruq: “Bakının ən hündür yerində, müqəddəs Şəhidlər Xiyabanında yerləşən məscid Türkiyə Diyanət Vəqfi tərəfindən 1993-1996-cı illərdə inşa edilmişdir. Məscidin lövhəsində bu sözlər yazılmışdır: “Bu məscid Azərbaycan torpaqlarının müdafiəsində şəhid olmuş, bu ətrafda yatan qəhrəman əsgərlərin əziz xatirəsini yaşatmaq üçün türk xalqı adından Türkiyə Diyanət Vəqfi tərəfindən tikilmişdir. “Şəhidlər” məscidi Anadolu türklərinin azərbaycanlı qardaşlarına bir hədiyyəsidir”.
Əlbəttə, gözəl hədiyyədir. Amma məscidin adı yazılan lövhə Azərbaycan dilinə hörmətsizlik nümunəsidir: “Bu məscid, (vergül olmamalıdır – V.S.) Azərbaycan torpaqlarının müdafiəsində şəhid oluP, bu civarda yatan qəhrəman əsKərlərin əziz xatirəsini yaşatmaq üçün türk halqı adına Türkiyə Diyanət Vakfı tərəfindən tikTirilmişTir. Şəhidlik məscidi, (vergül olmamalıdır – V.S.) Anadolu türklərinin Azərbaycan xalqına bir hədiyəsidir (iki “y” olmalıdır – V.S.). Əhməd Uzunoğlu`nun (apostrof olmamalıdır – V.S.) başçılığında məscidin layihəsi dr. Aydın Yüksək tərəfindən hazırlanmış və inşaat mühəndisi Hikmət Türk tərəfindən tikilmişTir. İcraatçı təşkilat Gintas A.S dİr (dırnaq işarəsi qoyulmayıb). İbadətə açılış tarixi : 28. iyun (nöqtə olmamalıdır – V.S.) 1996. cı il (nöqtə olmamalıdır – V.S.) cUmA günü”.
Qardaş ölkənin Azərbaycandan olan qardaşlarının ibadət yerinə olan ehtiyacı üçün vəsait xərcləməsi gözəldir, amma bunun müqabilində xalqın ən böyük milli-mədəni dəyəri olan dilinə bu cür hörmətsiz yanaşması heç cür qəbul edilə bilməz. Əlavə etmək istərdik ki, bu nümunə istisna deyil. Hardasa iyirmi il əvvəl Axundov adına Milli Kitabxananın mətbuat zalı Türkiyə səfirliyinin vəsaiti hesabına təmir edilmişdi. Təmirdən sonra şöbənin adını bildirən lövhə Türkiyə türkcəsində yazılmış, əlavə olaraq elə altındaca təmir işlərinin “Türkiye Büyükelçiliyi tarafından” aparıldığı qeyd edilmişdi. Çox xoşagəlməz bir mənzərə idi.
Təəssüf ki, Milli Kitabxananın direktoru ilə həmin lövhənin şəxsi vəsaitimizlə öz ana dilimizdə yazdırmaq barədə danışığımız da nəticə vermədi. Qəribə də görünsə, direktor xanım belə cavab verdi: “Dəyişdirmək olmaz, hər 2-3 aydan bir gəlib həmin lövhəni yoxlayırlar”. Belə təəssürat yaranırdı ki, təmirdən məqsəd oxucuların rahatlığını təmin etmək yox, daha bir obyektin adını başqa dildə yazılmasını təmin etməkdir… Çox təfərrüata varmaq istəməzdik. Yaxşı ki, bir neçə ilə sonra Milli Kitabxana, səhv etmirəmsə, Aİ-nin vəsaiti ilə tam təmir edildi və bir qədər suvaq vurulması müqabilində ana dilində yazılan lövhədən məhrum olan mətbuat zalı sıxıntıdan qurtuldu.
Azərbaycan dili neçə yüz illərdir, ayrıca bir dil kimi formalaşıb, əsrlərdir cilalanıb və dünyanın ən gözəl, melodik dillərindən birinə çevrilib. Heç uzağa getməyək, XIII-XIV əsrlərdə yazıya alınan “Xavərnamə” dini-qəhrəmanlıq dastanlarını oxuyanda o vaxtdan bu günə qədər kar samitlərin cingiltiləşməsi, qalın saitlərin incələşməsi istiqamətində gözəl bir dinamikanı görmək mümkündür.
Hər bir xalq öz təsəvvürlər sistemində bir ardıcıllığa sahib olur, hər bir predmet və hadisə barədə özünəməxsus şəkildə düşünür, bütün bu təfərüatları ana dilinə gətirir, onlar dildə substansiyalaşır və dilin əsirinə çevrilir. Dilin xarakteri onun hər bir söz və ifadəsində bərqərar olur, yuva qurur, onlar bütövlükdə dilə xas olan koloriti əldə edir. Onu bu koloritdən məhrum etməyə yönəldilmiş hər bir cəhd dilə qəsddir.
Dil araşdırıcılarının qənaətinə görə, müasir mərhələdə inteqrasiya və diferensasiya proseslərinin analizi tarixi perspektivi proqnozlaşdırmağa imkan verir: hər bir dil özünün inkişaf yolunu, qloballaşan dünyada yerini tapacaq, inteqrasiya proseslərinin intensivləşməsi isə yalnız dillərin və mədəniyyətlərin diferensasiyasını gücləndirəcək. Yəni əgər kiminsə hədəfi bu cür üsullarla Azərbaycan dilini sıxışdırmaq və substrat dilə çevriməkdirsə, yanılır. Əminik ki, cəmiyyətin də fəal iştirakı ilə gec-tez Azərbaycan dilindən istifadəyə nəzarət mexanizmləri təkmilləşdiriləcək. Sadalanan nümunələr isə məsuliyyətsizlik və ya Azərbaycan dilinə qaşı hörmətsizlik kimi unudulmayacaq.