- Köşə, Manşet

Vasif SADIQLI. Qara rəng və qaralma haqqında

Yenə bir vertolyot qəzası. Bu dəfə Qaraheybətdə. Bundan əvvəlki isə Qarakənddə
olmuşdu. Qəribə deyilmi? Niyə ikisi də adında “qara” sözü olan yaşayış məntəqələrinin ərazisində baş verdi? Belə sual verənləri qınamaq da olmur.

Qara rəng şərdirmi? Əvvəllər yazdıqlarımıza da nəzər salıb, bəzi qaranlıq məqamlara aydınlıq gətirməyə çalışaq. Fikir verin, qaranlıq və aydınlıq dedim, bunların binar arxetip olması dilimizdə də əksini tapıb. Maraqlıdır ki, qara rəngin uğursuzluq, bədbəxtlik, bədbinlik əlaməti olduğu insan şüurunda anadangəlmə fiksə olunmuş vəziyyətdədir. Psixoloji araşdırmalar göstərir ki, qayğı və sevgidən məhrum olan uşaqlar şəkil çəkəndə, adətən, qara cizgilərə daha çox üstünlük verir, lüzum olmayanda belə ona əl atırlar.

…Ta qədimdən bir sıra rənglər müəyyən rəmzlərə çevrilib. Ağ təmizlik, aydınlıq, xeyir yükü ilə yüklənib, qara isə şərlə. Rəng araşdırıcısı Kristofer Rou yazır: «Bir sıra ibtidai cəmiyyətlərdə zidd qütblərə rast gəlirik. Bunlar xüsusi rəmzi məna yükü daşıyır. Məsələn, yuxarı və aşağı, sağ və sol, işıq və qaranlıq. Bu cütlərdə yuxarı, sağ və işıq xeyir və həyatla, aşağı, sol və qaranlıq isə şər və ölümlə assosiasiya olunub. İşıq və qaranlıqla yaxından bağlı olan ağ və qara da belə cütlərdəndir». Ağ rəng işıq mənası verəndə, qara zülmət, ağ həyat mənası verəndə qara ölüm, ağ təmizlik və sahman mənası verəndə qara çirk və xaos anlamında işlənib.

Qədim yunanlarda da qara rəng şər və ölümlə assosiasiya olunurdu. Yunan cəhənnəmi – Tartar qara rəngdə təsvir edilir. Homerin əsərlərində, demək olar ki, bütün hallarda «qaranlıq», «zülmət» sözləri qəhrəmanların ölümü ilə bağlı işlədilir:

Qəzəblənmiş Odisseyin mis nizəsi o cavanın
Gicgahından dəyib çıxdı bircə anda o tərəfdən.
Demokontun gözlərinə dəhşətli bir zülmət çökdü.

(İliada, 4: 504-506 ).

Qədim yunan filosofları da ağ və qara rənglərin xeyir və şərlə bağlılığına şübhə etmirdilər. Platon yazırdı: «Harada qarşılıqlı münasibətlərdə işıq, nur yoxdusa, orada zülmət hökmranlıq edir, orada heç kəs haqq etdiyi şərəfə, hakimiyyətə, müvafiq hüquqlara nail ola bilməz»

Xalqımız la alxış, qara ilə qarğış edir. Alxış eləyəndə: « günlü, əppəkli olasan», qarğayanda «Qara yerə soxum səni» deyirlər. Qədimdən belədi. Türk babalar şər tanrısı Erliki belə təsvir edirdilər: qulaqlarının dalına keçirilən uzun, qara qıvrım bığları var. Qara və keçəl öküzə, qara yorğa ata və ya qara çəpsiz qayığa minib gəzir. Əlinə qamçı əvəzinə qara ilan götürür. Sarayı qara palçıqdandır. Altaylılara görə, ilk qara (şər ruhlarla əlaqədə olan) şamana cadunu Erlik öyrədib.

«Kitabi-Dədə Qorqud»da da qara rəng neqativdir. «Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun, altına qara keçə döşəyin, önünə qara qoyun ətinin qovurmasını gətirin». Baş qəhrəman Qazan xan bəxtiqara adamdır. Qardaşının adı Qaragünə, qardaşı oğlunun adı Qarabudaq, çobanının adı Qaraca çoban. Evi yağmalananda yuxuda qara qayğulu vaqiə görür. Yuxunu qardaşı Qaragünəyə danışır: «Qara qayğulu vaqiə gördüm. Qara dumanın düşərgəmin üstünü aldığını gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Qara saçımın qarğı kimi uzandığını gördüm».

Azərbaycanın son illərdəki ən böyük dərdinin adı Qarabağ idi. Ən böyük terror hadisələrindən biri 1991-ci ildə Qarakənddə olub. Bu faciədə o vaxtkı dövlət katibi, daxili işlər naziri, baş prokukor və digər böyük şəxsiyyətlər həlak oldu. Azərbaycanın yeni tarixində ən kriminal hadisə «Qarabulaq» istirahət kompleksi ilə bağlıdır. Çox maraqlıdır ki, bu cinayətlə bağlı əməliyyat da qaradır: «Qara kəmər» əməliyyatı. İndi isə Qaraheybət faciəsi.

Qara və qaralmanı fərqləndirmək lazımdır?

İbtidai xalqları qoyaq bir kənara, bəs müsəlmanlarda qara rəng niyə belə rəmzləşib? Zənnimizcə bu, Quran ayələrində qara rəngin, bir qədər dəqiq desək, qaralma prosesinin uğursuzluq, məğlubiyyət, pis aqibət kimi verilməsi ilə bağlıdır. Ayələrə nəzər salaq: «Yaxşılıq eləsəniz, özünüzə yaxşılıq eləmiş olursunuz. Pislik eləsəniz də eləcə. Sonuncu olacağın vədəsi yetişən zaman yenə bəndələrimizi göndərdik ki, üzünüzü qaraldaraq pis günə qoyalar sizi…» (İsra 7); «Qat-qat artıq qaytararıq yaxşı işi yaxşı sona çatdıranın haqqını. Nə qara ləkə, nə alçaqlıq ləkəsi götürməz onların üzü» (Yunus 26); «Görərsən qiyamət günü necə qaralır Allahın adına yalan yaxan kimsələrin üzləri. Cəhənnəm deyilmi məgər təkəbbürlü kimsələrin yuvası?» (Zumər 60); «O gün ağarar bəzi üzlər, qaralar bəzi üzlər. Üzüqara olanlara «İman götirəndən sonra kafirlikmi etdiniz? Elə isə dadın əzabı» deyiləcəkdir. Üzüağ olanlarsa Allahın rəhmətində əbədilik qalarlar. Bunlar Allahın ayələridir» (Ali İmran 106-107); «Doğulan çağasının qız olduğu xəbəri müjdə verilən zaman onlardan bir kimsəyə hirsindən qəmə batar, üzü qapqara qaralar» (Nəhl, 58);

Göründüyü kimi, bu ayələrdə daha çox üzlərin, sifətin, rəngin qaralmàsından söhbət açılır. Bu, pis aqibət anlamı verir. Amma adicə qaranın yaxşı anlamı da var. Cənnət əhlində qaragözlülük gözəllik elementi kimi təqdim olunur. Vaqia surəsində hurilər «qara, irigözlü» təsvir edilir: «А черноокие, большеглазые, подобные жемчугу хранимому – в воздаяние за то, что они делали» (Kraçkovskinin Quran məalı).

İslamda bir şəxsin saçının, gözünün və ya dərisinin qara olması onun haqqında pis düşüncədə olmağa əsas vermir. Bəs sadaladığımız ayələrdə qaralma prosesinin uğursuzluq, məğlubiyyət kimi verilməsi nədəndir? Bəllidir ki, Quranda elm, ədalət, iman kimi pozitiv anlayışlar aydınlıq; cəhl, zülm kimi mənfi yönlər isə qaranlıq kimi ifadə olunur: «Hirslənərək gedərkən zənn elədi Biz onu sıxıntıya salmarıq. Və nəhayət, qaranlıqlar içində «Səndən başqa tanrı yoxdur. Ucalardan ucasan. Mən gerçəkdən zalım idim!» deyərək çağırmışdı Rəbbini» (Ənbiya, 87). «İman gətirənlərin dostudur Allah, onları qaranlıqdan aydınlığa çıxarar. Kafirlərin dostlarısa Tağutdur, aydınlıqdan qaranlıqlara sürükləyər onları. Od əhlidir onlar, od içində əbədilik qalarlar» (Baqara, 257). Quran özü isə aydınlıq qaynağı sayılır: «Yolunuzu aydınladan nur göndərdik, Quran göndərdik sizə” (Nisa,174). Bu səbəbdən qaralmanın ilahi nurun itirilməsi anlamına gəldiyini düşünmək olar. Düzünü Allah bilir.

Xeyrili cümələr…