Yenidən bu mövzuya qayıtmalı oluruq. Çünki indiyədək etdiyimiz cəhdlər hələ də ciddi nəticələr verməyib. Əvvəlcə 200-ə yaxın, sonra 800, daha sonra mindən artıq ziyalının imzalayıb müxtəlif ünvanlara göndərdiyi müraciətlər bibəhrə qalır, onların yaratdığı ictimai rezonans nə qədər böyük olsa da, harayımız ya səhrada imdad diləyənin səsi kimi heç kəsə yetişmir, ya da tədbir görməli orqanların məhkəmə divarı kimi boz sifətinə dəyib çilik-çilik olur.
Çox rahat və arxayındırlar. Sanki pozulan qanunların, ayaq altına atılıb tapdanan dövlət dilinin onlara dəxli yoxdur. Hətta ötən il iyulun 3-də Eldar Əzizovun tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri ilə görüş keçiriləndə məmurlardan biri “sizə kömək edərik” demişdi. Demə, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun icrasını təmin etmək bizə kömək etmək imiş. Bu təfəkkür varlığını sürdürdükcə heç nə düzəlməyəcək və bir dəlinin bir quyuya atdığı daşı yenə yüz ağıllı çıxara bilməyəcək.
İndiyədək müraciətlərimizə verilən şifahi və yazılı cavablardan belə çıxır ki, Bakının mərkəzində əcnəbi dillərdə lövhələrin 70 faiz, bəzi küçələrdə hətta 100 faizə yaxın olması, dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətimizin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu olan ana dilimizin əcnəbi dillər tərəfindən sıxışdırılması qanuni imiş.
Halbuki:
1. Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib (maddə 21). Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmaldır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır.
2. Bu dilin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir (“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 1.2. maddəsi). Bunda başqa, yenə həmin Qanunda (maddə 17) dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının…” adında işlədilməsi tələb edilir. Eləcə də qanunda qeyd edilir ki. “göstərilən təsisatların adını əks etdirən lövhələr… dövlət dilində tərtib olunur”.
3. Həmin Qanunun 7.1. maddəsində açıq şəkildə deyilir ki, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.
4. Yenə həmin Qanuna görə, “… bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır” (maddə 18.1.).
5. ADRA nümayəndələri ticarət və digər xidmət müəssisələrinin lövhələrindəki yazıların əcnəbi dillərdə olmasını həm də Paris Konvensiyası ilə əsaslandırmağa çalışırlar. Bu, yanlış yanaşmadır. 2005-ci il oktyabrın 20-də Paris şəhərində qəbul edilmiş “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya, adından da göründüyü kimi, mədəni müxtəlifliyin qorunması üçün qəbul edilib və sənədin preambulasında “dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğu” xüsusi vurğulanır. Həmin sənədin “Məqsədlər və rəhbər prinsiplər” adlı fəslində (maddə 1 (h)) “dövlətlərin öz ərazilərində mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üçün uyğun hesab etdikləri siyasət və tədbirləri dəstəkləmək, qəbul etmək və həyata keçirmək kimi suveren hüquqlara malik olduqları” təsdiq edilir. Aydındır ki, heç bir konvensiya bu və ya digər dövlətə öz rəsmi dövlət dilində lövhələrin yazılmasını, sahibkarlıq subyekti ilə vətəndaş arasında ünsiyyətin dövlət dilində qurulmasını qadağan edə bilməz və etməyib.
6. Həmin Konvensiyaya qoşulan və bizə yaxın olan postsovet ölkələrində nüfuzlu beynəlxalq əmtəə nişanları qorunsa da, əvvəlcə dövlət dilində və ya transliterasiya edilərək yazılır (bu barədə fotomateriallar ADRA-ya iki dəfə təqdim edilib). Amma qarşı tərəf bunu həmin ölkələrdə (Rusiya və Gürcüstan) fərqli əlifbalardan istifadə edilməsi, azərbaycanlıların isə latın qrafikası ilə olan lövhələri oxuya bilməsi ilə (!) izah etməyə çalışırlar. Bu, çox qeyri-ciddi, gülünc cavabdır.
7. Azərbaycanın dövlət dilinə etina edilməyən ticarət və xidmət obyektlərinin çoxunda təkcə brend və firma adları yox, xidmət növü və s. ilə bağlı digər yazıların da əcnəbi dillərdə yazılması geniş hal alıb və “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanunun icra edilməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı bu pozuntuları aradan qaldırmaq üçün də tədbirlər görmür.
Klassik kazuistika nümunəsi ilə üz-üzəyik. Bu termin o qədər də populyar olmadığı üçün bir qədər aydınlıq gətirməyə çalışaq. Kazuistika dedikdə bunlar nəzərdə tutulur: 1. Ayrı-ayrı hadisələrin, halların ümumi doqmatik müddəalarla əsaslandırılması (orta əsrlər sxolastikası və ilahiyyatında). 2. Qanunun bir maddəsinin fərqli hüquqi hallara (yurisprudensiyada) tətbiq edilməsi. 3. Mübahisə və dəlillərdə, şübhəli, hətta yalan iddiaların müdafiəsində fəndgirlik, diribaşlıq. Üçüncü tip kazuistika formal olanların, xırdalıqların qəsdən üst-üstə yığılaraq onlardan məkrli məqsədlərlə istifadə edilməsi, bu və ya digər müddəaya yanlış aksent edilməsi ilə də xarakterizə olunur. Biz burada “kazuistika” dedikdə sonuncunu nəzərdə tutacağıq…
Qədim Yunanıstanda hetera Frinanın məhkəməsi sonuncu mənada kazuistikaya klassik nümunə sayıla bilər. … Bir neçə il əvvəl Avropada bəşəriyyət tarixində ən məşhur məşuqələrin reytinqini müəyyən etmək üçün sorğuda birinci yeri tutan hetera Frina yüksək təhsilli, natiqlik sənətini, incəsənəti yaxşı bilən qənirsiz bir gözəl olub. Xristianlığa qədərki Elladada heteralar böyük nüfuz sahibi idi. Yazıçılara, filosoflara, sərkərdələrə, siyasi xadimlərə «rəfiqəlik» edərdilər. Onlar fəlsəfi mövzularda, incəsənətlə bağlı müzakirələrə qatılacaq erudisiyaya malik olardılar. Deyilənə görə, Frina ölkənin bütün say-seçmə kişilərini yoldan çıxarıbmış. Mənbələr yazır ki, onun heyranlarından biri də Lidiya çarı olub. Bu maraq Lidiya xalqına çox baha başa gəlib. Çar Frinaya xərclənən vəsait müqabilində xəzinədə yaranan boşluğu doldurmaq üçün bütün ölkə üzrə vergiləri artırmalı olub. E.ə. 340-cı ildə orator Evtias Frinanı allahsızlıqda ittiham edərək məhkəməyə verir. Frina dövrün məşhur natiqi Hiperidi özünə vəkil tutur. Çox qalmaqallı keçən məhkəmədə Hiperid nə qədər çalışsa da, arqumentləri yetərsiz görünür. Artıq hər kəs düşünürmüş ki, edam cəzası qaçılmazdır. Amma vəkil ona bəraət ala bilir. Birdən o, “Möhtərəm hakimlər, mən hələ sözümü qurtarmamışam», – deyib Frinanın paltarını əynindən çıxarır (bu səhnə sonralar bir çox rəssamlar üçün mövzu olur). Hakimlər Frinanın qüsursuz fiziki gözəlliyini görəndə dilləri tutulur. Məşvərətdən sonra o vaxtın estetikasındakı kalokaqatiya konsepsiyası yada düşür. Buna əsaslanıb belə bir qərar veriblər: “Bu gözəllikdə bədəndə günahkar ruh ola bilməz”. Beləliklə, yunan femidası Frinaya «Afroditaya xidmət edən dindar qadın» statusu verir. O, bəraət alır, şikayətçi Evtias isə cərimələnir.
Bakının mərkəzində meydan sulayan əcnəbi dildə reklam və lövhələr mənə Frinanı, bu lövhələrin əcnəbicə olmasına bu və ya digər müddəaya yanlış aksent etməklə bəraət qazandıranlar isə cinayətkarlığı heç bir şübhə doğurmayan heteraya bəraət verən, iddiaçını isə cəzalandıran hakimləri xatırlatdı…
P.S. Yazımı o gün Könül xanım Hacıyevanın yapon yazıçısı Rünoske Akutaqavadan gətirdiyi bir sitatla tamamlayıram: “Siz avropalı kimi geyinib özünüzü avropalı hiss edirsiniz. Lakin bir avropalı üçün siz, sadəcə, öz dəyərlərinə tüpürmüş yaponsunuz” (pardon – V.S.).
Xeyirli çərşənbə axşamları…