- Köşə, Manşet

Vasif SADIQLI. Rusiya neonasistləri və onların Ukrayna ilə bağlı mövqeyi haqqında

Üç gün əvvəl Rusiya Prezidenti yenidən əvvəl dediklərini və rəsmi Moskvanın ikitərəfli danışıqlar zamanı atəşkəs müqabilində Ukraynaya irəli sürdükləri şərtləri təkrar etdi. V.Putinə görə, Rusiyanın Krımı ilhaq etməsinin əsas səbəbi nasistlərin, neonasistlərin mütəmadi olaraq yerli əhaliyə hücum etməsi imiş. Onun sözlərinə görə, daha sonra Donbas bölgəsində əhali eyni mülahizələrlə etirazlara başlayıb, Ukrayna mərkəzi hökuməti orada iki silahlı əməliyyat keçirib, əhali atəş altında qalıb.

Kremlin bu “arqumentləri”nin absurdluğu aydındır. Rəsmi Moskva öz ətrafında olan dövlətlərin suverenliyini həzm edə bilmir, bundan başqa, guya “xarici hərbi təcavüzə qarşı”, əslində isə imperiya iştiyaqını məmnun etmək üçün sərhədləri boyu “marionetka” dövlətlərdən ibarət bufer zona yaratmaq istəyir. Ukraynanın ərazilərinin işğalı, Azərbaycan, Gürcüstan, Moldova, Orta Asiya ölkələrinə olan təzyiqlər də bu səbəbdəndir. Nasist və ya neonasist təşkilatlara gəlincə, Rusiyada da belə təşkilatlar var və maraqlıdır ki, onların bəziləri barəsində tədbir görülmür. Bunlardan biri Rusiya İmperiya Hərəkatıdır (RİH).

RİH bu ölkədə yerləşən və Rusiya imperiyasını bərpa etməyə çalışan ultra-millətçi monarxist təşkilatdır. Bu qrup ölkədə hakimiyyətin iki sütun üzərində bərqərar olmasını hədəfə alır: çarın əlində olan siyasi hakimiyyət (Rusiyanın inqilabdan əvvəlki hökmdarı) və Rus Pravoslav Kilsəsinin əlində olan mənəvi güc. Ağdərililərin başqa xalqlardan üstünlüyü ideologiyasını təbliğ edən Rusiya İmperiya Hərəkatı Rusiyanın ifrat sağçı, yarımhərbi, faşist tipli təşkilatdır. Onun 2002-ci və ya 2005-ci ildə yaradıldığı güman edilir. Təşkilat etnik kimliyə əsaslanan rus millətçiliyinin bir formasını dəstəkləyir və dövləti bütün dünyada etnik rusların yaşadığı ərazilər üzərində təsir və ya nəzarəti saxlamağa çağırır. Təbii ki, bu məsələdə onun mövqeyi Rusiyanın hazırkı hakimiyyətinin mövqeyi ilə üst-üstə düşür. Xatırladaq ki, bu il fevralın 22-də Rusiyanın Federasiya Şurası Donbasdakı vəziyyətlə əlaqədar silahlı qüvvələrin ölkə hüdudlarından kənarda istifadəsinə dair razılıq verib.

Rusiya İmperiya Hərəkatının Sankt-Peterburqda iki hərbiləşdirilmiş təlim mərkəzinin fəaliyyət göstərdiyi bildirilir. Təşkilatın təsisçisi əvvəllər Monarxist Mərkəzin Ümumrusiya Partiyasının tərəfdarı olmuş Stanislav Vorobyovdur. 2008-ci ildə Rusiya İmperiya Hərəkatı Denis Qariyevin rəhbərlik etdiyi hərbiləşdirilmiş “İmperiya legionu” təşkilatını yaradıb. Qrupun Sankt-Peterburqda iki təlim mərkəzinin olduğu bildirilir. Bu mərkəz vasitəsilə RİH-in “Partizan” adlandırdığı təlim kursu təşkil edilir. Təlim proqramına meşələrə və şəhərlərə hücum etmək, odlu silahlarla işləmək və digər döyüş bacarıqları üzrə təlim daxildir.

“Nyu York Tayms” öz mənbələrinə istinadən qeyd edir ki, RİH Ukraynanın cənub-şərqindəki hərbi münaqişədə iştirak etmək üçün könüllülər cəlb edib. Qəzet yazır ki, təşkilat Donbas separatçılarının tərəfində döyüşmək istəyənləri toplayır, öyrədir və Donbasa göndərirdi. “Nyu York Tayms”ın iddiasına görə, Rusiya Federasiyasının rəhbərliyi “Rusiya İmperiya Hərəkatı”na dəstək və sponsorluq etməyib, lakin onun fəaliyyətinə mane də olmayıb. Ukraynadakı müharibə müvəqqəti olaraq Kremllə rus millətçilərinin maraqlarını yaxınlaşdırıb. Amma hərbiləşdirilmiş “İmperiya legionu”nun lideri Qariyevin Ukrayna ilə bağlı fikirləri Kremlin səsləndirdiyi fikirlərdən qat-qat aqressiv və daha ifratdır. O, ukraynalıları “Sovetlər tərəfindən uydurulmuş psevdo-millət” adlandırıb. “Biz ukraynalılığı quduzluq kimi qəbul edirik” deyə təşkilat üzvləri bildirir.

Dəfələrlə istər Rusiya İmperiya Hərəkatının nəşrlərində, istərsə də liderlərinin bəyanatlarında Ukrayna əleyhinə mühakimələrə rast gəlinib. İmperiya Hərəkatının açıq şəkildə qondarma “Novorossiya” yaratmaq ideyasını təbliğ edib. (https://www.radiosvoboda.org/a/30538763.html). 

Təşkilat 2014-cü ildən öz tərəfdarlarını qondarma “İmperiya legionu”nun tərkibində Donbasdakı münaqişədə iştiraka təşviq edib.

Sosial şəbəkələrdə “legionun” və üzvlərinin səhifələrindəki materialları izləyəndə 2015-ci ilin qışında Debaltseve uğrunda döyüşlər zamanı hərbi əməliyyatlarda xüsusi fəallığını görmək olar.

“İmperiya legionu”nun döyüşçüləri 2015-ci ilin əvvəlində Debaltsevenin şimalındakı Novoqriqoriyevkada (foto radiosvoboda.org)

Yaraqlıların sözlərinə görə, onların ilk itkiləri 2014-cü ildə, Slavyansk uğrunda gedən döyüşlər zamanı olub. Daha sonra silahlılar Matvey Yefremov və Vladimir Melnikov həlak olub. 2014-cü ilin payızında Nikişino rayonunda (Donetsk vilayəti) yaraqlı Sergey Markov Ukrayna Silahlı Qüvvələrinin “Kiyevskaya Rus” 11-ci motoatıcı batalyonuna qarşı döyüşdə öldürülüb. Debaltseve bölgəsindəki döyüşlər zamanı “Rusiya İmperiya Hərəkatı” nın döyüş qanadı – “İmperiya legionu” daha böyük itkilər verir. Təşkilatın ölən üzvlərinin anım tədbirlərindən çəkilmiş fotoşəkillərdə ən azı üç ölənin fotoşəkilləri var.


 “İmperiya legionu”nun döyüşçüsü
Loqvinovo bölgəsində Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş artilleriya qurğusu ilə (foto radiosvoboda.org)

Dövlət Departamenti qeyd edir ki, özünü “Rus pravoslav milli-vətənpərvər və monarxiya təşkilatı” kimi təqdim edən hərəkat Rusiyada avtokratik monarxiyanı bərpa etməyə və onu monoetnik dövlət elan etməyə çalışır, rusları, ukraynalıları və belarusları “ruslar” kateqoriyasına aid edir”. Yəni ukraynalı və belarus adlı xalqlar yoxdur, yalnız ruslar var. 

“İmperiya legionu”nun lideri etiraf edib ki, o və müttəfiqləri daxili siyasətdən yayındıqca, polis reydləri də dayanıb. Legionun üzvü Ruslan Starodubov isə BBC-nin heyətinə bunları deyib: “Biz heç bir dəstək almırıq, lakin eyni zamanda bizə hakimiyyət tərəfindən əngəl törədilmir.

RİH daim beynəlxalq əlaqələrini genişləndirməyə çalışır. Hərəkatın Skandinaviyadakı neonasist qrupları ilə əlaqədə olduğu da bildirilir. 2017-ci ildə İsveçdə miqrantların saxlanma mərkəzlərindən birində partlayış hazırlamaqda ittiham olunan üç nəfərin məhkəməsi keçirilib. İsveç prokurorluğunun məlumatına görə, müttəhimlərin ikisi Sankt-Peterburqa gedib və orada RİH-in təlim düşərgəsində 11 gün təlim keçiblər. Hücum edənlər daha sonra İsveçdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onların işinə cavabdeh olan prokuror Salesə görə, Rusiya İmperiya Hərəkatı həmin şəxslərə təlim keçərək, onları radikallaşdırıb, bu da onlara hücumlar həyata keçirməyə imkan verib.

“İmperiya legionu”nun bir sıra üzvləri Yaxın Şərqdə və Şimali Afrikada muzdlu kimi çalışıblar. 30 yanvar 2020-ci ildə məlum olub ki, əvvəllər Donbas və Suriyada döyüşmüş Vladimir Skopinov Liviyada ölüb. Skopinov Liviyada ölən ikinci RİH üzvü olub. (https://uawire.org/russian-mercenary-who-fought-in-donbas-killed-in-libya)

6 aprel 2020-ci ildə ABŞ Dövlət Departamenti Rusiya İmperator Hərəkatını qlobal terror təşkilatı elan edib və onun üç liderini (Stanislav Vorobyov, Denis Qariyev və Nikolay Truşalov) terrorçular siyahısına daxil edib. Bu hadisədən sonra Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın verdiyi açıqlama maraqlıdır. Onun sözlərinə görə, RİH-in terror təşkilatları siyahısına daxil edilməsi “xarici təbliğat effekti üçün nəzərdə tutulub və terrorizmlə mübarizəyə töhfə vermir” (https://www.interfax.ru/russia/704163) .

29 aprel 2020-ci ildə İspaniya Daxili İşlər Nazirliyi RİH-in İspaniyadakı həmkarlarını terror aktları (infrastruktur, nəqliyyat və əhaliyə qarşı kimyəvi silahdan istifadə) törətməyə təhrik etdiyinə dair kəşfiyyat məlumatı əldə edib (https://www.elconfidencial.com/espana/2020-04-29/informe-interior-alerta-planes-esparcir-coronavirus-atacar-torres-5g_2565723/).

5 iyun 2020-ci il tarixində Almaniyanın “Fokus” jurnalı Almaniya kəşfiyyat orqanlarının alman neonasistlərinin Rusiyada təlim keçməsindən xəbərdar olduğunu bildirib. Lakin formal səbəblərdən hüquq-mühafizə orqanları Almaniya vətəndaşlarının Sankt-Peterburqa getməsinə qadağa qoya bilməyiblər (https://www.dw.com/de/deutsche-neonazis-werden-in-russland-milit%C3%A4risch-geschult/a-53694244).

Terrorizmlə Mübarizə üzrə Beynəlxalq Mərkəz RİH-in Rusiya hökuməti ilə münasibətlərini “rəqiblik simbiozu” kimi xarakterizə edib: nə qədər ki, RİH Rusiya daxilində terror aktları törətmir, onlar yaraqlıları idarə edə və öyrədə, onları xaricə müxtəlif münaqişələrə göndərə bilərlər.

“Infobae” tərəfindən aparılan araşdırmaya görə, Amerika neonasist terror qruplaşması “Atomwaffen Division” Rusiyada bir hücrə yaradıb və onun üzvləri RİH ilə birlikdə təlim keçiblər. Daha sonra Amerika Terrorla Mübarizə Mərkəzinin direktoru Kristofer Miller təsdiq edib ki, amerikalı neonasistlər RİH ilə əlaqə saxlayır və təlim keçmək üçün Rusiyaya gedirlər.

3 fevral 2021-ci ildə RİH Kanadada terror təşkilatları siyahısına daxil edilib (https://www.ctvnews.ca/politics/canada-adds-proud-boys-to-terror-list-bringing-range-of-legal-financial-implications-1.5293967).

Terrorizmlə Mübarizə üzrə Beynəlxalq Mərkəz (ICCT) “Rusiya İmperiya Hərəkatı  və onun transmilli ağ supremasist ekstremist hərəkatla əlaqələri” adlı hesabatında (David Qartenşteyn-Ross, Samuel Hodqson, Dr. Kolin P. Klark, 24 aprel 2020-ci il) bildirir ki, Rusiya İmperiya Hərəkatı Rusiyanın etibarlı aləti olmasa da (onun çarizmyönlü dünyagörüşü ölkədəki mövcud siyasi reallıqlarla ziddiyyət təşkil edir), Kreml onun fəaliyyəti Rusiyanın xarici siyasət məqsədlərinə yardım edə bildiyi halda bu qruplaşmanı dəstəkləyə və hətta sponsorluq edə bilər. Moskva sui-qəsdlərdən Rusiyanın xarici siyasətinin aləti kimi istifadə etməkdən, həyasızcasına Avropada dissidentləri və keçmiş kəşfiyyatçıları öldürmək üçün zəhərdən istifadə etməkdən çəkinmir. Rusiya ilə NATO ölkəsi arasında münaqişə başlasa, Rusiya RİM kimi təşkilatlardan Qərbi parçalamaq üçün istifadə edə bilər ((https://icct.nl/publication/the-russian-imperial-movement-rim-and-its-links-to-the-transnational-white-supremacist-extremist-movement/ ).

RİH-in rəhbəri Stanislav Vorobyovun Şimal Müqavimət Hərəkatı (NMB) ilə də əlaqələri olduğu deyilir. NMB Şimali Avropa neonasist təşkilatıdır və qarşısına inqilab yolu ilə İsveç, Finlandiya, Norveç, Danimarka, İslandiya və bəlkə də, Baltikyanı ölkələrdən ibarət  Şimali Avropa Sosialist Respublikası yaratmaq məqsədi qoyub. Vorobyov bu təşkilatların lideri Simon Lindberq ilə görüşdə ortaq bir düşmənlərinin olduğunu bildirib. Bu, “Ukraynada yəhudi oliqarxları”dır.
(https://icct.nl/publication/the-russian-imperial-movement-rim-and-its-links-to-the-transnational-white-supremacist-extremist-movement)

Nəhayət, təşkilatın düşmənləri arasında islam da var. RİH-in Xarici əlaqələr üzrə koordinatoru Nikolas Truşalov müsahibələrinin birində Avropa üçün “islam təhdidini” belə ifadə edib: “Avropa nəhayət xristian köklərini itirdikdə İslam onu ​​fəth edəcək”.
(http://www.legitymizm.org/interview-nicholas-truschalov)

Sonda qeyd edək ki, Rusiya İmperiya Hərəkatı ağdərililərin digərlərindən üstün olduğunu iddia edib ABŞ tərəfindən terrorçular siyahısına salınan ilk təşkilatdır.