“Kitabi-Dədə Qorqud” Ensiklopediyasında bağdama sözünün izahına baxırdım. Bu söz “Qanlı Qoca oğlu Qanturalının boyu”nda işlənib. Ensiklopediyada deyilir ki, bağdama Oğuz qadınlarının, o cümlədən ərgən qızların bellərinə qurşaq əvəzinə bağladığı belbağı imiş. Elə həmin abzasda aşağıda bəhs edəcəyim bir frazeoloji birləşmə diqqətimi cəlb etdi…
Boyun məzmununu bilməmiş olmazsınız. Demək, Qanlı Qoca oğlu Qanturalını evləndirmək fikrinə düşür. Amma gəncin tələbi var: Alacağınız qız “… mən yerimdən durmadın durmış ola! Mən qaraquc atıma binmədin binmiş ola! Mən qanlu kafır elinə varmadm ol varmış, mana baş gətürmiş ola!”.
Oğuz elini ələk-vələk etsələr də, nə Qanturalı, nə də Qanlı Qoca belə bir qız tapa bilir: “İç Oğuza girdi. Qız bulımadı. Dolandı. Daş Oğuza girdi, bulımadı. Dolandı, Trabuzana gəldi. Məgər Trabuzan tekürinin bir əzim-görklü məhbub qızı vardı…”.
Qanturalı da elə-belə gənc olmayıb. Boyda deyilir: “Qanturalı camal və kamal iyəsi yigit idi. Oğuzda dört yigit niqabla gəzərdi. Biri Qanturah, biri Qaraçəkür və oğlı Qırqqınuq və Boz ayğırlu Beyrək. Qanturah niqabın sərpdi. Qız köşkdən baqardı. Daraqlığı boşaldı, kedisi mavladı. Avsal olmış dana kibi ağzının suyı aqdı”.
Bu abzasda “kedisi mavladı” ifadəsi diqqətimizi cəlb etdi. Müasir dilimizə çevriləndə həmin hissə belə veilib: “Qız köşkdən baxırdı. Belbağısı boşaldı, ehtirasdan övsəl olmuş dana kimi ağzının suyu axdı”.
Yəni dastanı müasir dilimizə çevirəndə o ifadənin mənasını açıqlamayıblar, “ehtirasdan” sözü isə “dabaq olmuş dana kimi ağzının suyu axdı”ya aiddir.
Bir qədər araşdıranda məlum oldu ki, bizdə olduğu kimi, müasir Türkiyədə də kedisi mavladı / pişiyi miyoldadı frazeoloji birləşməsi işlənmir.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı Fəridə Kazımovanın “Dədə Qorqud” kitabında heyvan adlarının epik-mifoloji semantikası” adlı araşdrımasında deyilir ki, mərhum Samət Əlizadəyə görə, “qədim Oğuzlarda qız özü üçün gələn elçilərə razılığını bildirərkən pişik səsi çıxarırmış”. Yəni Selcan xatun Qanturalını görəndə pişik kimi miyoldayıb. Amma yuxarıda göründüyü kimi, söhbət Selcan xatunun pişik kimi miyoldamasından yox, məhz pişiyinin miyoldamasından gedir və bunlar fərqli şeylərdir.
Yeri gəlmişkən, “kedi” sözü Drezden nüsxəsində başqa heç yerdə işlənməyib, Vatikan nüsxəsində isə “Qanlı Qoca oğlu Qanturalının boyu” yoxdur. Amma həm Drezden, həm də Vatikan nüsxəsində pişik mənasında çətüg sözü işlənib.
“Məgər Başı açuq Tatyan qalasından, Aqsaqa qalasından kafırin casusı vardı. Bunları görüb, təkürə gəldi. Aydır: “Hay, nə oturarsan, itüni ulatmayan, çətügini molatmayan, Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub yaturlar”, – dedi”.
(“Sən demə, Başıaçığın Dadiani qalasından, Aqsaqa qalasından kafırin casusu bunları görüb, təkura dedi: “Hey, nə oturursan, ay itini ulatmayan, pişiyini miyoldatmayan! Albanların başçısı Qazan öz oğlu ilə sərxoş olub yatır”).
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, Drezden nüsxəsi.
“Məgər Başı açuq Tatyandan Ax Saqadan kafirün casusı gəldi, aydır: “Nə oturarsan. İtüni ulatmayan, çətügün mavlatmayan Alplar başı Qazan oğluyilə sərxoş yaturlar” dedi”.
“Hekayəti-Qazan bəgün oğlı Uruz xan dutsaq olduğıdur”, Vatikan nüsxəsi.
Fəridə Kazımova adıçəkilən araşdrımasında yazır: “Xalq inancına görə, itin ulaması bədbəxtliyə yozulur. O səbəbdən də insanlar həyətlərində saxladıqları iti ac saxlamaz, onu döyməzlər”.
Pişiyi miyoldatmamaq da onu ac saxlamamaq, incitməmək mənasında işlənə bilər. Beləliklə, səltənət sahibi itini ulatmayan və pişiyini miyoldatmayan birisi kimi təqdim edildiyi üçün məlum olur ki, itin ulaması və pişiyin miyoldaması mənfi məna yükü daşıyır.
Amma Selcan xatunun Qanturalını görəndə pişiyinin miyoldaması heç bir neqativ məna yükü daşımır. Eyni zamanda, onun pişik səsi çıxarması haqda deyilənlər də qəbul edilə bilməz. Çünki
1. Trabzon təkurunun qızı Selcan xatunun atasının, yüzlərə kafirin və yanındakı qızların qarşısında tələsik razılıq əlaməti olaraq pişik kimi miyoldaması o qədər də inandırıcı deyil.
2. Boyda deyilir ki, ata qızın “qalınlığı-qaftanlığı” üçün üç heyvan saxlayırmış. “Atası vəd etmişdi ki, hər kim o üç heyvanı basıb qalib gəlsə, öldürsə, qızını ona verəcək . Basa bilməyənin başını kəsirdi”. Beləcə Qanturalıya qədər 32 igidin başı kəsilibmiş. Yəni qızın özü də bilirdi ki, onun razılığı müzakirə predmeti deyil və heç nəyi dəyişmir. Belə olan halda Selcan xatunun “həri” mənasında deyib-deməməsinin nə əhəmiyyəti var?
3. Nəzərə alaq ki, Selcan xatun Oğuz elindən deyil, ona görə elçilərə razılığını bildirmək üçün pişik səsi çıxarması inandırıcı deyil.
Fikrimizcə, Selcan xatunun pişiyinin miyoldaması deyildikdə onun çox həyəcanlanması, hisslərinin cuşa gəlməsi nəzərdə tutulur. Məlumdur ki, pişiklər yazda məlum səbəblərdən fərqli şəkildə miyoldamağa başlayır və Selcan xatunun pişiyinin miyoldaması deyiləndə həmin hisslərin coşqunluğu nəzərdə tutulur: sanki içində elə bir pişik miyoldayır.Ona görə deyilən cümlə müasir dilimizdə belə verilməli idi:
“Belbağısı boşaldı, hissləri cuşa gəldi, dabaq xəstəliyinə tutulmuş dana kimi ağzının suyu axdı”.
Belə…
Xeyirli çərşənbələr