- Köşə, Manşet

Vasif SADIQLI. Soşəbdə konsaltinq menecerliyi iddiasında olanlar


İyirmi birinci əsrin iyirmi birinci ilinin yeddinci ayının beşinci günündə yenə məni hiddətləndirdilər. Yenə o deməkdir ki, əvvəl də olub və daha olmayacaq mənasına da gəlməz. Dostluq
siyahısı dünyaya dönüb – şair demiş, bir yandan boşalır, bir yandan dolur.

Alimlər deyir ki, baş insan, heyvan, onurğalılar, həşəratlar və s. canlıların bədən üzvlərindən biridir. Orada görmə, eşitmə, lamisə, qoxubilmə orqanları və ağız yerləşir. Bundan başqa, başın içində beyin də olur… Şükür, babat hiddətlənmişəm, göz dəyməsin…
Həri, deyəsən, bəzi unikal vücudlarda latınca kaput (caput) deyilən üzv (baş) ağılla o qədər liməlim doludur ki, aşıb-daşır, məcbur olub məzkur resursu sağa-sola səpələyirlər. İndi onlardan bir neçəsini xatırlayıb hiddətləndim.

Birinci vaqiə. Ötən il olardı, qrupların birində bir lətifə paylaşmışdım. Lətifə belədir:
Bir kişi arvadını öldürmək istəyir, amma bilmir necə? Gedir dostundan məsləhət almağa.
Dostu deyir:
– Axşam yatanda baltayla vur, ölsün.
Nəsə, bu fikir kişinin xoşuna gəlmir. Başqa dostunun yanına gedir. Bu dostu da:
– Axşam yatanda baltayla vur, ölsün, – deyir.
Kişi axırda bir ağsaqqaldan məsləhət almaq istəyir. Axtarır, kəndin ən yaşlı ağsaqqalını tapır, gedir yanına və soruşur:
– Mən arvadımı öldürmək istəyirəm, amma necə oldürəcəyimi bilmirəm. Mənə bir məsləhət verin.
Ağsaqqal buna bir toxum verib deyir:
– Al bu toxumu, o uzaqda görünən dağın başında ək, kol bitəcək, onun gülünü mənə gətir, sonra dəyəcəm…
Nə isə, kişi alır toxumu, bir həftə gecə-gündüz yol gedir, çatır həmən dağa. Toxumu əkir, bir il onun yanında gözləyir, qulluq eləyir. Axırda kol bitir, gül açır. Kişi gülü götürüb gəlir ağsaqqalın yanına…
Qoca gülü götürür və ona deyir.
– Oğlum, al bu gülü, bir stəkan suyun içinə at, qoy arvadının çarpayısının yanına. Gecə arvadın durub bu suyu içəndə baltayla vur ölsün…

Çox sayda gülüş smayliki və stikerlərlə yanaşı, bir sıra canalıcı rəylərə də rast gəldim. Onları imlasına toxunmadan təqdim edirəm:

“Ğülmeli deyil….vuran oqul atasina ğeneşmez..”
“Hecne bawa duwmedim”
“bu ne demak istiyir yazdigini ozu oxuyub goresen”
“Hansı yerində gülək,bir məsləhət”
“Gulmeyine guldum amma coxqaranliq qaldi menasi”
“Məntiq var .. gülün suyunu içdiyinə görə yəqin ki , öldürə bilər”.
“O qədər də məna və diqqət çəkici, düşündürücü məsələ deyil.. daha məntiqli bir şey paylaşın”.

İkinci vaqiə. FADMM yaranandan onun fəaliyyətini alqışlayanlarla yanaşı, çoxlu mənhus çənə sahibləri ilə də rastlaşdıq. Sünbülqıranın biri yazıb ki, təşkilatın adı əcaibdir. Nuri-düçeşmim, sənin zavallı beyninin koqnitiv funksiyası niyə bu günə düşüb? Bəyəm bu, şadlıq evidir ki, adını “Nefertiti” qoyam, ət dükanıdır ki, “Superkörpə buzov” yazam və ya mərasim evidir ki, “Əlvida”, “Çiçəkli yollar” və ya “Çao” yazam? Ədliyyə Nazirliyinin tələbi var, ictimai birliklərin adı fəaliyyətini əhatə etməlidir.

Üçüncü vaqiə.
Yenə FADMM ilə bağlıdır. Birisi yüzlərlə ziyalının dövlət dili haqqında qanunun pozulması ilə bağlı müraciətini oxuyub belə yazmışdı: “İndiyəcən harada yatmışdınız?”.  Adama nə yazasan? Yatdığımız yerlərin siyahısını? Başqa yol tapmadım. Elə isə, eşit: Qazaxda yatmışam, Bakıda yatmışam, Moskvada, Həştərxanda, Çitada, İrkutskda, Almatıda, Ulan Batorda, Çoybalsanda, Erdenetdə, Nyu Yorkda, Riçardsonda, Dallasda, Fort Vordda.. yartmışam. Sənə nə, hörmətli homo sapiyens? Bir çoxları kimi, lal, kar, kor olmaq, bəstəri-rahətdə yayxanmaq yox, qolunu çırmalayıb iş görmək yolunu tutduq, niyə mane olursan?

Dördüncü vaqiə. Bir başqası yenə öz sərçə təfəkkürü ilə guya ağıl öyrədir: Deməzsənmi, müraciətin sonunda imzalar əlifba sırası ilə verilməliymiş. Yəni AMEA Dilçilik İnstitutunun sabiq direktorunun adı əlifba sırası ilə 876-cı, əməkdar elm xadiminin adı 991-ci, tutalım, aqronomun soyadı isə a hərfi ilə başladığı üçün birinci olmalı imiş.
Məzkur vücudun ən canalıcı fikri isə budur ki, demə, 120-si professor, dosent, fəlsəfə doktoru olan şəxslərin dövlət dili haqqında qanuna əməl edilməməsi ilə bağlı haqq səsini ucaltması “populizm” imiş. Arkadaşlar, intellektual resurslarınızı sağa-sola səpələyəndə israfçılıq etməyin, birdən özünüzə bir şey qalmaz.
Əslində adamın xəbəri yoxdur ki, nəfsi-əmmarəsini covlana gətirən, eqosuna diskomfort yaşadan imza edənlərin sırası deyil, ana dili ayaqlar altına atılanda başqalarının onun kimi susqun, etinasız və zavallı olmamasına təhəmmül etməməsidir…
Bir də ki, səhv etmirəmsə, biz konsaltinq (məsləhət) meneceri seçimi üzrə kotirovka sorğusu elan etməmişik…

Oxucu da qəribə adamdır ee, indi mənim yazdıqlarımı səbrlə oxuyur. MaşAllah hövsələ sahibisiniz, elə-belə yazdım, bekarçılıq idi… Yaxşı, deyəsən, tünd oldu, bu hövsələyə bir lətifə düşür:
Təməldən soruşurlar:
Gözəl olmaq istərdin, yoxsa abdal?
-Abdal
-Niyə?
-Gözəllik müvəqqətidir. Bu gün var, sabah yox…

Xeyirli bazar ertələri…