- Cəmiyyət, Dil, Manşet, Xəbərlər

Vasif SADIQLI: “Təkliflərimizi yazdıq, vəd verdilər…”


İyunun 24-də Bakı Şəhəri Reklam İdarəsində (BŞRİ) paytaxtın əcnəbi dillər tərəfindən “işğalı”na etiraz edən ziyalıların nümayəndələri ilə görüş keçirilib. Bu barədə “kamilinfo”ya Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı məlumat verib. FADMM sədrinin dediklərinə görə, görüş BŞRİ rəhbərliyinin təşəbbüsü ilə keçirilib.

“Bir neçə gün əvvəl mənə zəng edərək görüşmək istədiklərini bildirdilər. Açığı, elə də həvəslə yanaşmırdım. Çünki indiyədək olan görüşlərin ciddi bir nəticəsi olmayıb. Amma müraciətimizlə bağlı yaradılan komissiyanın sədri, Bakı Şəhəri Reklam İdarəsinin rəis müavini Mehdi Ağayev görülən işlər barədə hesabat vermək istədiklərini bildirdi. Görüşdə Bakı Dövlət Universitetinin  professoru Aida Qasımova və mən iştirak edirdim”, – deyə Vasif Sadıqlı məlumat verib.

Mərkəzin sədrinin sözlərinə görə, müraciətdəki qaldırılan məsələlərlə bağlı yaradılan komissiyanın sədri Mehdi Ağayev Bakıda reklam və lövhələrdə dövlət dilindən istifadə ilə bağlı mövcud mənzərədən narahat olduqlarını bildirib. “Paytaxtda dövlət dilinə məhəl qoyulmayan, ciddi leksik, orfoqrafik, qrammatik səhvlərə yol verilən reklam və lövhələr necə olur ki, icazə verilir?” sualına cavab olaraq M.Ağayev deyib ki, qaydalara əsasən, reklam lövhələrinin eskizləri hazırlanıb Reklam İdarəsinə təqdim edilməli, yalnız təsdiq ediləndən sonra lövhə hazırlanmalıdır. Amma sahibkarların çoxu bu qaydalara etina etmir. Üstəlik, idarənin cəmi 60-a yaxın əməkdaşı olduğu üçün bütün obyektlərə nəzarət etmək çətinliklər yaradır.

Komissiyanın sədri fəaliyyətlərini bizimlə koordinasiya etmək istədiklərini bildirdi və təkliflər gözlədiyini dedi. Hələlik üç təklif təqdim etdik:
1. Bakıda bütün ticarət və xidmət obyektlərində dövlət dilindən istfadə edilməsi təmin edilsin.
2. Dövlət dilində olub, ədəbi dilin leksik, qrammatik, orfoqrafik və punktuasiya normaları pozulan reklam lövhələri sökülsün.
3. Əcnəbi dillərdə olan beynəlxalq və qeyri-beynəlxalq bütün əmtəə nişanları transliterasiya olunsun və dövlət dili haqqında qanunun tələblərinə uyğun olaraq əcnəbi dildə olanlardan əvvəl yazılsın.

Komissiyanın sədri Mehdi Ağayevin də təşəbbüsü vardı: o, əhalinin gur olduğu yerlərdə dövlət dilindən istifadəyə təşviq edən sosial reklamlar yerləşdirilməsinin faydalı olacağını bildirdi.


Bəzən fikir ayrılıqlarının da olduğunu bildirən V.Sadıqlı görüşün ümidverici notlarla bitdiyini deyib: “Görüşün sonunda M.Ağayev yaxın günlərdə BŞRİ-nin fəaliyyətinin intensivləşəcəyini və bunun nəticələrini hər kəsin görəcəyini dedi. Buna inanmaq istərdik”, – deyə Mərkəzin sədri bildirib.


Qeyd edək ki, bir ildən çoxdur, yüzlərlə ziyalı paytaxtın əcnəbi dillərin “işğalı”ndan azad edilməsi tələbi ilə müxtəlif qurumlara müraciət edir. Hələlik nəzərəçarpan nəticə əldə edilməyib.