- Köşə, Manşet

Vasif SADIQLI. Təşəkkür əvəzinə hədə yolunu tutanlara

Başıma zülf qoyub saqqalı yoldurmamışam,
Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam,
Cəddizin vəqf suyun mülkümə saldırmamışam,
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?

M.Möcüz

Niyə təşviş içindəsiniz? Ədəbi dilimizin zənginləşdirilməsi üçün çevik bir orqanın yaradılmasına ehtiyac olması barədə dövlət başçısına müraciət edən dəyərli ziyalılarımıza xox gəlmək istəyirsiniz? Onlar sizdən qorxmurlar, çünki Konstitusiyamızın verdiyi hüquqdan istifadə ediblər.

Yenə təkrar edirik, ildə 5-3 terminin milli sözlərlə qarşılığını yaratmaqla dilimizi alınma söz axınının fəsadlarından qorumaq olmaz. Bir gündə Oksford lüğətinə orta hesabla 16,5 söz daxil olur. Bu, ildə 6 min neologizm deməkdir. 10 ildən sonra dilimizin 60 minə yaxın alınma söz yükü altında əzilməsini istəmirik.

Amma siz, deyəsən, səmərələşdirici təklifi qiymətləndirmək, ondan yararlanmaq əvəzinə, müraciəti imzalayanları qorxutmaq istəyirsiniz və bu zaman böhtandan belə çəkinmirsiniz.

Diqqətli olun. Biz dövlət başçısına təklif yazmışıq. Təkliflə şikayətin fərqini bilmək istəyirsinizsə, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə baxın: “3.0.3. təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət”.

Dövlət başçısına yazılan müraciətdə heç kəsdən şikayət yoxdur, amma tutduğunuz hədə yolundan çəkinməsəniz, növbəti müraciətimiz “tüfeyli arılar”ın fəaliyyətləri barədə ola bilər…

Platon yazırdı: «Dövləti xəyalən üç hissəyə bölək – bu, həqiqətdə də belədir. Bir hissə tüfeyli arılara oxşayanlardan ibarətdir… Demokratiya şəraitində onlar nadir istisnalarla başda dayanırlar: tüfeyli arıların ən zəhərliləri nitq söyləyir və fəaliyyətdədirlər, qalanları isə kürsüyə yaxın yerləşirlər, hay-küy salır və heç kəsin başqa cür danışmasına imkan vermirlər. Yaxşı dövlət başçısı təcrübəli arıçı kimi tədbir görməlidir ki, tüfeyli arıların əmələ gəlməsinə meydan verməsin. Əgər onlar, hər halda, meydana gəlsələr, onları şanları ilə birlikdə kəsib atmaq lazımdır».