- Köşə, Manşet

Vasif SADIQLI. Tullamağa heyfimiz gəldi və ya üzrü qəbahətindən betər

Bu yaxınlarda Bakı məktəblərinin birində tədbir zamanı şagirdlərin yaxasına “Georgi lenti” taxması ilə bağlı məlumat yayılmış və ciddi etiraz doğurmuşdu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırıb. Məktəbdən bildiriblər ki, “9 May gününə həsr olunan bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Bu dərslərdə əvvəlki illərdə istifadə olunmuş atributlar məktəbdə saxlanılıb və bu il də təkrar olaraq istifadə edilib”. Yəni lentləri atmağa heyfləri gəlib. Bu cavab mənə bir hadisə və iki lətifəni xatırlatdı. Bilmirəm, hansı yerinə düşür? 

HADİSƏ

On neçə il bundan əvvəlin söhbətidir, bir neçə qadın zəhərlənib xəstəxanaya düşmüşdü. Müxbir onlardan birinə yaxınlaşıb soruşur ki, necə oldu, zəhərləndiniz? Cavab: “Toydan bir vedrə ət qalmışdı, ağırlaşmışdı (xarab olmuşdu). Tullamağa heyfimiz gəldi, yedik…”

I LƏTİFƏ

Bir gün görürlər Abram qabağına bir topa dərman qoyub, bir həb götürüb atır, üstündən su içir. Soruşurlar ki, xəstələnmisən? Deyir, yox, bu dərmanların vaxtı keçir, atmağa heyfim gəldi…

II LƏTİFƏ

Bunu da qardaşım Battal danışırdı. Sevimli lətifələrindən idi.
Bir əyyaş kişi varmış. Çox içdiyi üçün ailələrində tez-tez narazılıq olurmuş. Axırda arvadı dözmür, çıxıb gedir atası evinə. Nə qədər minnətçi göndərirlər, qayıtmır ki, qayıtmır. Bir gün kişinin anası ölür. Bu dəfə adam göndərirlər ki, arvad qayıtsın, yası yola versinlər, eldən ayıbdı. Arvad məcbur olub qayıdır. Yeddini verirlər, arvad deyir, bir şərtlə getmərəm ki, içkini atacağına and içəsən. Kişi anasının goruna and içir, arvad buna inanır və ata evinə qayıtmır. Qayınananın qırxı təzə çıxıbmış. Kişi birdən “qeybə çəkilir”. Arvad nə qədər axtarır, tapa bilmir. Axırda zirzəmiyə girəndə görür ki, kişi içib, çaxır çəlləyinin yanına uzanıb. Su töküb bunu oyadır.
– Ay kişi, bəs ananın goruna and içmişdin ki, daha içki içməyəcəksən, nə oldu?
– Neyləyim, arvad, qab yiyəsi qabını istəyir (çaxır çəlləyi başqasının imiş).
Bunun da çaxırı çölə atmağa heyfi gəlib…

Görünür, müəllimlər də lenti atmağa qıymayıblar.

Qeyd edək ki, “Georgi lenti” Rusiyanın imperiya rəmzlərində biridir və ondan istifadə bir sıra ölkələrdə qanunvericiliklə qadağan edilib.  Hazırda “Georgi lenti” Rusiyanın şovinist, “velikorus” və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur.  Krımda baş verən hadisələr zamanı Rusiyapərəst adamlar meydana “Georgi lenti” ilə çıxırdılar.
2014-cü ildə bu rəmz Ukraynanın şərqindəki rusiyayönlü fəalların faktiki rəsmi embleminə çevrilib. Bundan sonra postsovet məkanı ölkələri “Georgi lenti”ni Rusiya təbliğatının simvolu hesab edərək ondan istifadə etməkdən imtina etməyə başlayıblar.

Ukrayna Ali Radası hələ 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinə “Müqəddəs Georgi” lentinin hazırlanmasına, ictimai istifadəsinə və ya taxılmasına görə məsuliyyətlə bağlı dəyişiklikləri qəbul edib. Bu ölkədə kommunist simvollarının hazırlanması və yayılmasına görə cinayət məsuliyyəti də nəzərdə tutulur – beş ilədək həbs.
Ötən ilin noyabrında Latviya Seymi əyləncə və kütləvi tədbirlər, yürüşlər, piketlər və yığıncaqlar zamanı “Georgi” lentindən istifadəyə qadağa qoyulmasını təsdiqləyib.

Analoji qərarlar Litvada da qəbul edilib. Bu ilin aprelində Estoniya və Moldova parlamenti “Georgi lenti”ni qadağan edib. Gürcüstan və Mərkəzi Asiya ölkələrində də bu lentə qeyri-rəsmi qadağa qoyulub.

Doğrudanmı, məktəbin kollektivi fil qulağında yatıb və  bütün bunlardan xəbərsizdir? Məktəbdən verilən açıqlama da maraqlıdır. Onlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə bildiriblər ki, “tədbir sinifdaxili mahiyyət kəsb edib” və “bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etməyiblər”.
Necə deyərlər, üzrü qəbahətindən betər…

Xeyirli bazar günləri

 

 

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova