- Ədəbiyyat

Vasif SADIQLI. Üşüyür

Mən özüm çox görmüşəm boz ayları, çillələri,
Ehtiyatla enirəm buz olanda pillələri,
Şükür, tapdım yenə də özümə təsəlli yeri,
Babildə Nəmrud ilə Misirdə fir`on üşüyür,
Budu, qar yağdı yenə, cibimdə telefon üşüyür,
Kimi “Samsunq” üşüdür, kimində “Ayfon” üşüyür…

Bilmirəm kimdi sevən, kim görüb qarın nəfini,
Varlıya romantiksə, pozur kasıbın səfini,
Billə zəng eyləmişdim, sorum halını-kefini
Dedi, Hillari yazıb: “Evdə saksafon üşüyür”,
Budu qar yağdı yenə, cibimdə telefon üşüyür,
Kimi “Samsunq” üşüdür, kimində “Ayfon” üşüyür…

Hər kəs olanın geyib, taxıb üzə maskasını.
Divarın dibindəcə pişik yeyir “viskas”ını,
Biri sürüşən kimi tutub yıxır başqasını,
“Bağışlayın” deyincə ağızda “pardon” üşüyür
Budu qar yağdı yenə, cibimdə telefon üşüyür,
Kimi “Samsunq” üşüdür, kimində “Ayfon” üşüyür…

Aşıq, bir “Ruhani” çal, gözəl avazına şükür,
Ərzurum gədiyində çaldığın sazına şükür,
Hamısı Rəbbimindir, qışına, yazına şükür,
Burda mən üşüsəm də, Parisdə Makron üşüyür,
Budu qar yağdı yenə, cibimdə telefon üşüyür,
Kimi “Samsunq” üşüdür, kimində “Ayfon” üşüyür…

Künci-meyxanə üçün könlüm eyləmişdi qubar,
Dedim bir kabab alım, kakraz elə vəqti-nəhar,
Çox çağırdım: “Ofisiant!”, gəlməyincə mərdimazar,
Baxdım, ocaq dibində büzüşüb qarson üşüyür,
Budu qar yağdı yenə, cibimdə telefon üşüyür,
Kimi “Samsunq” üşüdür, kimində “Ayfon” üşüyür…

2020