Əvvəl yaşadığım mənzil beşmərtəbəli binanın ikinci mərtəbəsində idi. Eyvanın önü birinci mərtəbədə tikilmiş artırma otaqların damıydı. Oraya pişiklər gəlirdi. Onlara xarakterlərinə görə ad da qoymuşdum: Yaquar Pəncəsi, Narahat Ürək, Dəniz Qulduru, Şahingöz.. Və dəhşət saçan iki bədheybət: Ağ Ölüm və Baskervillərin İti. Son ikisi istənilən pişiyi divara sıxışdırıb ölüm hissi yaşada biləcək qədər qəddar və azğın idi. Ara-sıra artırmaların üstünə gələndə heybətli səslər çıxarırdılar. Bu zaman yanaşı qonşular əllərində bir dolça su çıxıb onlara atır və qovmağa çalışırdılar. Gecələr bəzən parkdan vahiməli çığırtı səsləri gəlir və “Dikanka yaxınlığında xutor axşamları”nı yada salırdı. Çox keçmədi “plebey pişiklərin” bir neçəsi ilə dostlaşdıq. Qışda onlar evə gəlib qızınanda məmnunluq hissi keçirirdim.
…Keçən il yeni mənzilə köçəndə bir müddət pişiklərsiz darıxdım. Arada köhnə məhəllə tərəfə gedir, o pişikləri axtarır, tapanda yemək verirdim. Qışda hardasa bir ay o səmtə yolum düşmədi. Nəhayət, bir dəfə dayanacaqda Şahingözü gördüm. Başını aşağı salıb yatırdı. Bir xeyli başının üstündə durdum. Birdən başını qaldırıb məni görəndə gözləri az qaldı hədəqəsindən çıxsın və qışqırdı. Az qaldı qucaqlaşacaqdıq…
Artıq yeni evdə pişiklər üçün darıxırdım, Kaş burda da elə pişiklər olaydı deyə düşünürdüm. Amma… 9 mərtəbəli evin yuxarı mərtəbəsində pişiyin nə işi var? Bir gün qulağıma pişik miyoltusu gəldi. Yəqin, qulağım səsə düşüb deyə düşündüm. Səhəri gün yenə belə, sonra yenə təkrarlandı. Qapını açanda gördüm ki, bir pişik dayanıb. İçəri çağırdım. …Dostlaşdıq. Sonra hər gün gəlməyə başladı. Özünü ev yiyəsi kimi aparırdı. Amma heç nə unamırdım. Pişiklərin xasiyyətidir, deyə düşünürdüm. Məndə qəribə hisslər yaranırdı: Bu boyda binada bu pişiyin məni tapması təsadüfi olarmı? Niyə məhz mən?… Görünür, boşuna deyil. Pişiklərin dili olmasa da, kimin kim olduğunu intuisiya ilə hiss edirlər, yəqin, deyə yüngülvari təkəbbür də gəlib keçdi və bir türkiyəli imamın danışdığı hadisəni (lətifəni?) xatırladım.
Bir bayburtlu həccə yazılıbmış. Gedənə yaxın məsciddə bunları təlimatlandırırlar. Molla deyir, qardaşlar, həcc məşəqqətlidir, çətindir, bunun Ərəfatı var, Müzdəlifəsi var, şeytan daşlamağı var. Əgər Allahın işinizi asanlaşdırmasını istəyirsinizsə, zikri artırın, Quran oxumağı artırın, gecə namazlarını artırın, görün işiniz necə asanlaşacaq. Bu adam da deyilənlərə əməl edir, hamısını artırır. Həccə getmək vaxtı gəlir. Sadəlövh kişi ilk dəfə şəhərindən kənara çıxır. Hava limanına gəlir, qapı axtarır. Hamısı avtomatik, dəstəyi yoxdur. Yaxına gəlib dəstək axtaranda qapı taybatay açılır.
– Aha, başladı, – deyə kişi düşünür, – Qurban olum Rəbbimə, bu ömrümüzdə bir dəfə döyülmədən üzümüzə qapı açılmamışdı, indi özü açılır, – deyir.
Bir az gedir, pilləkənə yaxınlaşanda eskalator hərəkətə başlayır.
– Allah-Allah, zikrin hünərinə bax…
Bir az da irəli gedir, lampalar öz-özünə yanmağa başlayır.
– Qurban olum Rəbbimə, deyəsən, zikri normadan artıq eləmişəm… Görünür, artıq kamil insan olmuşam: qapı açılır, nərdivan yeriyir, lampalar özbaşına yanır. Heç övliyaların çoxu belə şey görməyib.
Nəhayət, kişi əl-üzünü yumağa gedir, əlini uzadanda su özü axır. Bu dəfə təəccüblənmir: “Təbii ki, gəlməlidir. O boyda gecə namazı, Quran oxumaqlıqlar, zikrlər…”, – deyə özündən razı şəkildə gülümsəyir. Axır gəlir çıxır Peyğəmbər məscidinə. Artıq tamam başqa havada imiş. Adamlara təbəssümlə salam verir, əlini ürəyinin üstünə qoyub: “Əssalamü əleyküm və rəhmətullahi və bərəkətuhu…” deyir.
Mədinədə Peyğəmbər məscidinin üstü gün düşməsin deyə qapanır, gün batanda avtomatik açılır. Kişi namazı bitirib başını qaldıranda görür ki, qübbə yoxdu. Üzünü göyə tutub deyir: “Qurban olum, ya Rəbbim, kəramət də tamam, kəşf də tamam”.
Sonra camaatla birlikdə peyğəmbərin məqbərənin önündən keçirlər. Kişi məqbərənin önündən keçəndə yavaşca deyir:
“Ya Rəsulallah, bir bax kim gəlib eee…”
Az qala mən də oxşar şeylər fikirləşirdim. Bu gün hər şey alt-üst oldu. Blokun girişində ağ pişiklə rastlaşdıq. “Söhbət” əsnasında qonşumuz Rövşən bəy gəldi.
– Bu, sizin pişikdi?
– Hə.
– Ağ balalar da bunun idi?
– Hə, hamısı öldü.
– Çox yaxşı pişikdi. Elə bil adam dili bilir, “Burda məni gözlə” deyəndə gözləyir, gedib yemək gətirirəm. Bu isə (o biri ala pişiyi göstərdim) utancaq deyil, indi liftə minib mənimlə gedəcək…
Rövşən bəy o biri pişiyi süzüb:
– Bu ki, Əlizamin bəyin pişiyidir, – dedi…
Vaxsey. Demə, bu məndən əvvəl bizim evdə yaşayan adamın pişiyi imiş, “öz evinə” gedirmiş, məni tapmağının heç bir mistik səbəbi yox imiş. Mənsə babat fors elədim özümçün: “Pişik uşaq deyil ki. Bilmir kimin evinə getmək lazımdır?”..
…Yaxşı ki, həccə getməmişəm. Yoxsa bayburtlu hacı kimi “Ya Rəsulallah, bir bax kim gəlib…” deyib biabır olardım…