Seyid Əzim ŞİRVANİ
Vermənəm könlümü bir dilbərə bundan sonra,
Olmanam aşiq o siminbərə bundan sonra.
Aldı iymanımı əldən, məni bidin elədi,
Aşina olmanam ol kafərə bundan sonra.
Oxşayır mahi-fələk çünki üzari-yarə,
Baxmanam mən bu məhi-ənvərə bundan sonra.
Badənin ləli-ləbi-dilbərə çün nisbəti var,
Tökmənəm badəni mən sağərə bundan sonra.
Ənbərin zülfüvün ol qədr ziyanın deyərəm,
Kimsə rəğbət eləməz ənbərə bundan sonra.
Dəxi ol sərvqədin kuyinə cənnət deyibən,
Gəzmənəm küçələri heyvərə bundan sonra.
Etmənəm zülfuvün ovsafını, şair deməsin,
O pəri Seyyidi-qəmpərvərə bundan sonra.