- Manşet, Müsahibə

Vilayət QULİYEV: “Bunu xaricilər də görür və ana dilini bəyənməyənlərə heç də hörmətlə yanaşmırlar”

 

Bugünkü qonağımız Azərbaycanın Macarıstanda sabiq fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevdir. Onunla Azərbaycan-Macarıstan mədəni əlaqələri, Macarıstanda yaşayan soydaşlarımızın ana dili ilə bağlı problem və çətinlikləri və s. barədə danışdıq.

– Vilayət müəllim, adətən, müsahiblərimzdən özlərini təqdim etmələrini xahiş edirik. Sizi tanıtmağa ehtiyac yoxdur: tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın sabiq xarici işlər naziri… Polşada və Macarıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi çalışmısınız. Macarıstandan başlayaq. Keçən əsrin sonlarında macarlar bu ölkəyə köç etmələrinin min illiyini qeyd edirdilər. O vaxt xarici mətbuatda maraqlı bir yazı getmişdi. Demə, tarixi araşdırmalar zamanı məlum olub ki, macarların əcdadları köçdən əvvəl indiki Tbilisidən yüz kilometr şərqdə məskun imişlər. İndiki macarlar azərbaycanlılara bir “simsarlıq duyğusu” bəsləyirmi?

– Əvvəla onu deyim ki, mən artıq Azərbaycan Respublikasının Macarıstandakı sabiq səfiri sayılıram. Çünki dövlət başçısının 21 iyul 2021-ci il tarixli sərəncamı ilə səlahiyyət müddətim bitdiyi üçün geri çağırılmışam. İşlərimi başa vurub bir neçə gündən sonra Vətənə qayıdacağam. Amma bu heç bir halda səsləndirdiyiniz maraqlı suallara cavab vermək imkanını aradan qaldırmır.

Macarlar indiki vətənlərinə iki böyük köçlə gəlib. Hunlar (on oqurlar) bizim eranın V əsrində, indiki macarlar isə IX əsrin sonunda. Ona görə də ölkə latın mənbələrində və Avropa dillərində Hungaria adlanır. IX əsrdə Arpadın başçılığı altında gələnlər isə macar tayfasına mənsub olduqlarından ölkəni Magyarorsaq – yəni Macar yeri, yaxud Macarıstan adlandırıblar. Macar folklorunda Hun və Macarın iki doğma qardaş olması barəsində əfsanələr mövcuddur. Hunların bir müddət Azərbaycanın qərb hissəsində (indiki Tovuz, Qazax, Borçalı ərazilərində) yaşaması haqda Bizans impratoru və tarixçi Konstantin VII Baqryanarodnıy “İmperiyaların idarə olunması haqqında” əsərində  məlumat verir.  Yəni hunların Azərbaycanda olması şübhə doğurmayan faktdır. Bunu ölkəmizin ərazisindəki bir sıra tarixi toponimlər də sübut edir. Məsələn, Hun dağı, Qarxun (Qara Hun) kəndi və s. Lev Qumilyovun “Qədim türklər” kitabında macarların da indiki Azərbaycan ərazilərində olmaları barədə məlumatlara təsadüf edilir.  Təbii ki, bunlar hamısı tarixdir. Həm də uzaq tarix…

Sosializm dövrünün rəsmi ideologiyası həmişə macarları fin-uqorlara bağlayıb. Amma elm adamları arasında türk versiyasına üstünlük verənlər də az olmayıb. Bu ənənə XIX əsrin ortalarından – məşhur macar türkoloqu Armin Vamberidən başlanıb. İndi yalnız  alimlər, şairlər deyil, rəsmi şəxslər də macarların türk kökləri barədə açıq danışırlar. Yadımdadır, 2011-ci ilin noyabrında Macarıstanın keçmiş prezidenti Pal Şmitt Bakıya rəsmi səfərə gəlmişdi. Prezident İlham Əliyevlə görüşündə mətbuatın yanında “Biz qohum xalqıq. Ümumi əcdadlarımız avarlar, sabirlər, xəzərlər olub” – dedi.

Onu da unutmaq olmaz ki, macarlar min ildən çoxdur ki, xristiandırlar. Min ildən çoxdur ki, Avropanın mərkəzində yaşayaırlar. Təbii ki, bu da insanlarda müəyyən bir avrosentrizm duyğusu yaradıb. Ona görə də “türk olmaq” fikrinə şərik çıxanlarla bir sırada bu ideyaya ağız büzənlər də az deyil. “Azərbaycanlılarla simsarlıq” məsələsinə gəldikdə isə məşhur macar türkoloqu, akademik  Georq Xazai bir dəfə mənə demişdi ki, macarlar mənşə baxımından Volqaboyu türklərinə – başqırdlara, tatarlara, çuvaşlara daha yaxındırlar.

Bütünlükdə, sıradan olan bir macar da türk, qazax, yaxud azərbaycanlı ilə görüşəndə xalqlarımızın qohum olduğunu deyir. Yəni türk xalqları ilə simsarlıq, əqrəbalıq ideyası cəmiyyətdə tədricən, amma dönməz şəkildə yayılır.

– Səfir olduğunuz müddətdə hər il təşkil etdiyiniz “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” beynəlxalq konfransı mədəni əlaqələrimizə nə kimi töhfələr verib?

Əvvəla qeyd edim ki, ortaya müəyyən maliyyə çətinlikləri çıxdığından, son iki ildə isə koronovirus pandemiyası səbəbindən biz artıq xeyli vaxtdır ki, bu konfransı keçirə bilmirik. Belə tədbirlərin ədəbi-mədəni əlaqələrimizə və elm adamları arasındakı ünsiyyətə, əməkdaşlığa, şəxsi münasibətlərə təsiri və verdiyi töhfələr şübhəsiz, danılmazdır. Həm də konfranslarda yalnız Azərbaycan və macar alimləri deyil, Polşa, Türkiyə, Ukrayna, Almaniya və s. ölkələrdən gəlmiş  elm adamları da iştirak edirdilər və bəzən Budapeştdəki tanışlıq birgə tədqiqat layihələrinin ortaya çıxmasına təkan verirdi. Biz yeddi konfransın materiallarını kitab şəklində çap etmişik. Bəlkə də bir az mübaliğəli görünəcək: amma həmin kitabları Azərbaycan-macar əlaqələrinin ensiklopediyası adlandırmaq olar. Çünki burada tarixə, ədəbiyyata, etnoqrafiyaya, dilə, ədəbi-mədəni əlaqələrə, iqtisadi, siyasi, hüquqi və s. məsələlərə dair ciddi araşdırmalar toplanıb. Kitabları Macarıstanın 150-dən artıq kitabxanasına hədiyyə etmişik. Bu da təkcə Budapeştdə deyil, ölkənin hər yerində Azərbaycan-Macarıstan münasibətləri ilə maraqlanan insanlara mövzunun bir çox aspektləri ilə tanış olmağa imkan verib.

– Qeyri-rəsmi mənbələr dünyada 50 milyona yaxın azərbaycanlı yaşadığını bildirir. Macarıstanda yaşayan soydaşlarımızın sayı barədə səhih məlumat varmı?

-Doğrusu, mən bu rəqəmin doğruluğuna inanmıram. Və bu cür miflərin dövriyyəyə buraxılmasının əleyhinəyəm. Həmin o əlli milyon soydaşımızın hansı ölkələrdə yaşadığı haqda İnternetdə yayılan qeyri-rəsmi məlumata baxmışam. Məsələn, iddia olunur ki, Butanda 3 min azərbaycanlı yaşayır. Yaxud Nepalda 7 min soydaşımız var. Onların hətta təqribi hesabını kim aparıb? Həmin adamlar Butana, yaxud Nepala necə gedib çıxıblar? Hətta əgər söhbət Cənubi Azərbaycandan olan soydaşlarımızdan gedirsə, yenə inandırıcı deyil. Çünki, bir anlığa fərz etsək ki, məsələn Nepalda təbrizlilər, yaxud urmiyalılar yaşayır, onlar aydın məsələdir ki, siyahıyaalma anketinin “milliyyət” qrafasına (əgər siyahıyaalma keçirilibsə və belə qrafa varsa) “azərbaycanlı” yazmayacaq. “İrani” yazacaqlar. Bir sözlə, belə nağıllarla özümüzə aldatmaq lazım deyil. İstinad etdiyiniz həmin o qeyri-rəsmi mənbə Macarıstanda yaşayan azərbaycanlıların sayını 35 min nəfər göstərib. Əslində isə heç 350 nəfər də yoxdur. Həm də unutmaq lazım deyil ki, kəmiyyət yox, keyfiyyət əsas şərtdir. Bəzən bir nəfər mənsub olduğu xalqı yüzlərlə, hətta minlərlə adamdan daha yaxşı təmsil edir…

-Məlumdur ki, dil təkcə ünsiyyət vasitəsi deyil, o həm də gerçəklik, mədəni ənənələr, xalqın tarixi, milli özünüdərki haqda biliklərin qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını həyata keçirir. Bu baxımdan başqa ölkələrdə yaşayan soydaşlarımızı ana dilinə münasibəti bizi çox maraqlandırır. Macarıstanda doğulan azərbaycanlı uşaqların öz ana dilində təhsil ala bilməsi üçün şərait varmı?

– Burada ailələri iki qrupa bölmək lazımdır. Əgər hər iki valideyn azərbaycanlıdırsa, əgər evlərində ana dilində danışırlarsa, təbii ki, övladları macar məktəbində oxusalar da, doğma dili ən azı danışıq səviyyəsində bilirlər. Qarışıq ailələrdə isə vəziyyət kədərlidir. Mən ərin azərbaycanlı, xanımın macar olduğu bir neçə belə ailə tanıyıram. Heç birində uşaqları Azərbaycan dilində danışmır, hətta ölkəmiz haqqında ən məhdud biliklərə belə malik deyillər. Azərbaycan məktəbinə gəldikdə isə belə bir imkan və əslində zərurət də yoxdur. Əgər bütün Budapeştdə vur-tut 10-15 nəfər məktəb yaşlı soydaşımız yaşayırsa, təbii ki, heç kim onlar üçün məktəb açmayacaq. Amma Səfirlikdə bazar günü məktəbləri, yaxud  ana dili kursları təşkil etmək mümkündür. Bir neçə dəfə belə təklif səsləndirmişik, hələ ki, ciddi şəkildə maraq göstərən tapılmayıb.

– Müsahibələrinizin birində demişdiniz ki, Macarıstanda daim bir Şərq ruhu, türk ruhu dolaşır. Eyni zamanda, onu da demisiniz ki, ermənilər öz milli xüsusiyyətlərini qoruyub saxlamaq şərti ilə yerli cəmiyyətə inteqrasiya olunmağı, hətta bir sıra hallarda ictimai fikrə təsir göstərməyi bacarıb. Problem mentalitetimizdənmi qaynaqlanır?

– Mentalitetimizlə bağlı məsələlər də var. Azərbaycandan köçüb xarici ölkələrdə məskunlaşan insanlarımızın bir qismi elə bil vətənlə həmişəlik vidalaşır. Ölkənin maraqları ilə bağlı tədbirlərdə, dəstək, yaxud etiraz aksiyalarında iştirak etmək istəmirlər. İkinci böyük qüsur – çevrələri yoxdur. Məsələn, 30 il Budapeştdə yaşayan bir həmvətənimizdən xahiş edirsən ki, Qarabağla bağlı nümayiş keçiririk, 3-4 nəfər macar dostunu, tanışını da götür, gəl. Məlum olur ki, belə dostları yoxdur. Bu da yerli cəmiyyətə inteqrasiya olmağı bacarmamağın, öz qınına çəkilməyin nəticəsidir. Bizdə (xaricdə yaşayanları nəzərdə tuturam) iki ifrat tendensiya var – ya milli, dini və s. sərhədləri ümumiyyətlə aşa bilmirik, ya da tam şəkildə ruslaşır, farslaşır, fransızlaşır və milli maraqları unuduruq. Əlbəttə, ikisi də yarıtmaz haldır. Həqiqət həmişə olduğu kimi ortadadır. Bu məsələdə ermənilərin üstünlüyü ondadır ki, yaşadıqları ölkənin dilini, adət-ənənələrini, tarixini öyrənirlər, ölkə xalqı ilə daimi təmasda olurlar, onu öz tərəflərinə çəkməyi bacarırlar. Həm də burada təkcə xristian amili ciddi bir rol oynamır. Bədnam qonşularımız xristian Avropada olduğu kimi müsəlman Şərqində məqsədlərinə asanlıqla çata bilirlər. Bizə milli ruhlu, savadlı, vətənpərvər, siyasi proseslərdən baş çıxarmağı bacaran mühacirət lazımdır. Yalnız belə olduqda səsimiz eşidiləcək.

– Qayıdaq dil məsələsinə. İsveçdə yaşayan bir soydaşımız Azərbaycan teatrı açıb, soydaşlarımız dil kursu təşkil ediblər. Macarıstanda Azərbaycan dilində teatr, tv kanallar, radio, kurslar, məktəblər varmı?

– Belə bir köhnə lətifə var. Bir şəhərdə şahı toplardan atılan yaylım atəşi ilə qarşılamalı imişlər. Şah şəhərə varid olur, amma heç bir atəş səsi eşitmir. Valini çağırıb səbəbi ilə maraqlanır. Vali baş endirib deyir:

– Şah sağ olsun, bunun on səbəbi var. Əvvəla, topumuz yoxdur, ikincisi topçumuz yoxdur, üçüncüsü barıtımız yoxdur, dördüncüsü…

Şah əlini  qaldırıb deyir:

– Dayan! Birinci səbəb kifayətdir. Qalanlarını saxla özünə…

Macarıstanda azərbaycanlıların sayı çox az olduğu, həm də soydaşlarımız arasında həmrəylik, ictimai fəallıq, təşəbbüskarlıq çatıışmadığı üçün adını çəkdiyiniz müəssisələrin heç biri hələlik mövcud deyil. Yeri gəlmişkən deyim ki, bu institutlar on minlərlə azərbaycanlının yaşadığı Almaniyada da yoxdur.

– Bəlli bir həqiqətdir ki, millətin, yurdun varlığı ana dilinin varlığına bağlıdır. Əgər biz bu gün dilimizi hansısa dilin içərisində əridirik, itiririksə, demək, xalqı, milləti də əridir və itiririk. Bəzi Avropa ölkələrində yaşayan soydaşlarımız orda böyüyən övladlarının könüllü assimilyasiya riski qarşısında olduğundan gileylənir. Valideynlərin məsuliyyəti öz yerində, bunun qarşısını almaq üçün dövlət xətti ilə nə kimi tədbirlər görmək olar?

– Gəlin razılaşaq ki, dilimizin mövcudluğunu qorumağa, inkişafını təmin etməyə  ilk növbədə Vətənimizdən başlamalıyıq. Son vaxtlar ölkədə rusdilli bağça və məktəblərin sayının get-gedə artması, reklamların əcnəbi dillərdə yazılması ilə bağlı haqlı həyəcan təbili çalınır. Bunu təbii ki, xaricilər də görür və ana dilimizə  laqeyd, saymazyana münasibətimizə görə bizə çox da hörmətlə yanaşmırlar. Müstəqil ölkənin təhsil sistemi milli dildə olmalıdır. Ən azı milliyyətindən asılı olmayaraq hər bir vətəndaş bu dili bilməli və ona hörmətlə yanaşmalıdır. Burada şəxsi məsuliyyət və milli şüur mühüm rol oynayır. Dövlət vətəndaşı zorla rus, yaxud ingilis məktəbinə göndərmir. Əksinə, vətəndaş dövlətdən tələb edir ki, rus dilində tam orta təhsil verən məktəblərin sayını artırsın. Etiraf etmək nə qədər ağır olsa da, rus sektorunu bitirənlərin 70-80 faizi intellektual baxımdan nə Rusiyaya, nə də Azərbaycana bir fayda vermirlər. Mən həmişə təəccüblənirəm: Gürcüstanda rus məktəblərinin sayı çox azdır. Amma rus dilində necə səlis, tarixə bələdlik və vətənpərvərlik mövqeyindən yaza bilən bacarıqlı jurnalistlər, analitiklər var!

Əgər bu qədər rus məktəblərimiz varsa, məşhur tamaşada deyildiyi kimi bəs o əjdahadan bizdə niyə yoxdur?

Dilə hörmət insanın qanında olmalıdır. Macarıstanda çalışdığım 11 il ərzində bir dəfə də olsun iki macarın (hətta hər ikisi Oksfordu bitirsə də!) öz aralarında əcnəbi dildə danışdığını eşitmədim.

Xaricdəki soydaşlarımıza gəldikdə  burada hər şey də olmasa, çox şey yalnız Azərbaycan vətəndaşının milli mənlik şüurundan, vətənpərvərlik və təəssübkeşlik duyğusundan, özünə və mənsub olduğu millətə hörmət hissindən asılıdır. Yoxsa dövlət qurumları Çində yaşayan Əhmədin, yaxud Avstraliyaya mühacirət etmiş Məmmədin övladlarına ana dilini öyrədib-öyrətməmələrini nəzarətdə saxlaya bilməz. Eyni zamanda çoxlu soydaşlarımızın yaşadıqları ölkələrdəki səfirliklər, yaxud Diaspora komitəsi bu istiqamətdə təşviq və həvəsləndirmə işləri apara bilərlər və aparmağa borcludurlar. Amma burada dairə qapanır. Yəni səfirlik və əlaqədar qurumlarda ana dilini bilən, sevən, onun təəssübünü çəkən, varlığı uğrunda mübarizə aparmağı bacaran adamlar çalışmayana qədər hərəkət qapalı dairədə davam edəcək. Hər şey bu qədər aydın və sadədir.

Gülyaz ƏLİYEVA