- Dil

Vüsalə MƏMMƏDLİ. 21 Fevral Beynəlxalq Ana Dili Günüdür

Beynəlxalq Ana Dili Günü − beynəlxalq bayramların ən layiqlisi!

Ana dilimizin qədim tarixi var. Türk dil ailəsinə mənsub olan Azərbaycan dili öz varlığını qorumaq üçün tarixən davamlı mübarizə aparmış, böyük irticaçı dövlətlərin, aparıcı xalqların, hakim millətlərin təzyiqlərinə, düşünülmüş siyasətlərinə mərdliklə sinə gərmişdir. Sözün əsl mənasında, müharibə təkcə meydanlarda olmur! Xalqımız Ana dilini bu günümüzə çatdırmaq üçün mədrəsədən məktəbə, “Kitabi-Dədə Qorqud”dan “Koroğlu”ya, Şah İsmayil Xətaidən Məhəmməd Əmin Rəsulzadəyə, “Əkinçi”dən “Molla Nəsrəddin”ə, Qoridən Bakı Dövlət Universitetinə, Mirzə Şəfidən, Mirzə Fətəlidən, Mirzə Cəlildən, Firudin bəy Köçərlidən, Sabirdən Bəxtiyar Vahabzadəyədək nə qədər şərəfli və keşməkeşli yollar keçmişdir.

Ana dilimizin qüdrətindən söz açarkən, ilk növbədə, yazılı abidələrimiz yada düşür. Nəzərə alsaq ki, “Kitabı-Dədə Qorqud” XI əsrdə yazıya alınıb, ya da üzü köçürülüb, adamı fərəh hissi bürüyür. Yazılı dilimizin yaşı min ildən çoxdur! Böyük-böyük əsarətlərin altından, dünyanı idarə edən xalqların arasından zərifdən-zərif, gözəldən-gözəl, lazım gələndə sərtdən-sərt , düşməni iti qılınc qədər doğrayan dilim baş qaldırıb dikəlməyi bacarıb! Hər dil bunu bacarardımı? Amma mənim Azərbaycan dilim bacardı!

XIII-XIV əsrlərdə İzzəddin Həsənoğlunun, İmadəddin Nəsiminin, Qazı Bürhanəddinin yaradıcılığında ana dilimiz tam təşəkkül tapmışdır.

Bir neçə il əvvəl, əziz müəllimim akademik Tofiq Hacıyevin çox səmimi bir müsahibəsini oxumuşdum. Bir cümləsi yaddaşıma əbədi həkk olundu. “Dünyanın heç bir yerində 1300 il əvvəlki forması bu qədər mükəmməl olan dil yoxdur.” Həqiqətən, “Kitabı-Dədə Qorqud “u oxuyarkən, min il əvvəl yazıya alındığına, 1300 il əvvəlki ana dilimizi əks etdirdiyinə inanmaq olmur! Dilimizin lüğət tərkibi, sintaksisi, ümumiyyətlə, poetikası müasir Azərbaycan dili ilə eynilik təşkil edir.

Şah İsmayil Xətai yaratdığı Səfəvilər dövləti dövründə Azərbaycan torpaqlarını vahid dövlət tərkibində birləşdirməkdən başqa, həm də Azərbaycan dilinə dövlət dili statusu vermiş oldu. XVI əsrin əvvəllərində rəsmi dövlət dili olan dilimiz Azərbaycan Cümhuriyyəti dövründə ikinci dəfə bu məqama yüksəldi. O zaman dilimiz türk dili adlansa da, mahiyyət etibarilə Azərbaycan dili dövlət dili elan edilmişdir. XX yüzillikdə Sovetlərin tərkibində yaşadığımız illərdə biz, digər Respublikalardan fərqli olaraq Azərbaycan dilinə − ana dilimizə o qədər də biganə olmadıq! Xalqını, millətini sevən ziyalıların, Respublikamıza rəhbərlik edən millətçi insanların sayəsində.

1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi ana dilimizi qorumaq üçün bir vasitə oldu. Azərbaycan müstəqillik əldə edəndən sonra ana dilimizə bir başqa qayğı, diqqət göstərildi. Ana dilimiz sözsüz ki, heç vaxt bugünkü qədər mərkəzdə, diqqətdə olmamışdır! Eyni zamanda, bugünkü qədər də yad təsirə, soyuq terrora, biganəliyə məruz qalmamışdır! Kütləvi informasiya vasitələrinin elektron vasitələri, televiziya və radio kanallarının üzdəniraq aparıcı- jurnalistləri sayəsində min illik tarixə malik olan mükəmməl ana dilimiz uçuruma doğru sürətlə irəliləyir, milli mənsubiyyəti şübhə doğuran işbazların, obyekt sahiblərinin əcnəbi dillərə olan sevgisi ucbatından doğma ana dilimizə sağalmaz yaralar vurulur!

Ey mənim müsəlman qardaşlarım! İndi axı, Vll əsr deyil, XII əsr deyil, XIX əsr deyil, XX əsrin əvvəlləri də deyil! Bizim Azərbaycan adlı müstəqil dövlətimiz var! Bizi heç bir ölkə əsarət edə bilməz. Bizim heç bir ölkədən qorxumuz yoxdur, bunu sübut etmişik! Canımız bahasına…

Niyə, dilimizi korlayırsınız? Bəyənmirsiniz, danışmayın bu dildə! Amma heç kim sizə ixtyar verməyib ki, ana dilimizi özgə sözləri ilə “zənginləşdirəsiniz”. Bəxtiyar Vahabzadə sizləri də unutmamışdı:

Ey öz doğma dilində danışmağı ar  bilən, fasonlu ədabazlar,

Qəlbinizi oxşamır, qoşmalar, telli sazlar .

Qoy bunlar mənim olsun,

Ancaq Vətən çörəyi

Sizlərə qənim olsun!

1823-1900-cü illərdə yaşamış alman-ingilis əsilli şərqşünas Fridrix Maks Müller dilimiz haqqında, bilirsiniz, nələr deyib? “Sanki bütün dünya dilçiləri bir yerə yığışıb Azərbaycan türkcəsini yaradıb və deyiblər ki, baxın, dil belə olar! Azərbaycan dili zənginliyinə görə barlı-bəhərli meyvə ağacını xatırladır.”

Mənim sözüm bitmədi, bitmək bilməyən mövzuya toxunmuşam…