- Köşə

Vüsalə MƏMMƏDLİ. “Ana dili vaksinasiyası”na ehtiyacımız var

Üç-dörd il bundan qabaq rayondakı məktəblərin birində psixoloq işləyən sinif yoldaşım Almaniyada yaşayan azərbaycanlı ilə nişanlandı və iki ilə yaxın nişanlı qaldıqdan sonra ailə qurub Almaniyaya köçdü. Ilk tanışlıqdan kürəkən özünün türk yox, azərbaycanlı və ulu babalarının da Azərbaycandan Diyarbakıra köçmüş insanlar olduğundan söhbət açdı. Insanın ziyalılığı, istiqanlılığı hamımızın xoşuna gəldi.

Nə isə, sinif yoldaşımın alman dilini özünü ifadə etmək səviyyəsində öyrənməyi və bəzi problemlər iki ilə qədər zaman apardı. Artıq iki ildir ki, Almaniyada yaşayırlar. Vatsap da sağ olsun, əlaqələrimiz davam edir. Rəfiqəm yeni gedəndə daha tez-tez hal-əhval tutur, daha çox hansı dildə danışdıqları ilə maraqlanırdım. O da evdə azərbaycanca, işdə, yolda, bayırda yalnız alman dilində danışdığını deyirdi. Rəfiqəmin rus və ingilis dillərində də özünü ifadə etmək bacarığı olduğu üçün, “yəqin ki, bu dillərdən də istifadə edirsən” deməyim mənə dərd oldu! “Ay qız, sən nə danışırsan? Burada alman dilində danışmayana düşmən kimi baxırlar. Ilk günlərdə dillərini yaxşı bilmədiyim üçün kimə ingilis dilində müraciət edirdimsə mənə cavab vermirdi. Sonralar yoldaşım dedi ki, onlar burada yaşayan, dillərini öyrənməyən, dillərində danışmayan insanları sevmirlər. Mənə  də alman dilini yüksək səviyyədə  öyrənəcəyim halda öz ixtisasım üzrə işlə təmin edəcəklərini bildiriblər”.

Müxtəsər, indi mənim psixoloq rəfiqəm alman dili kurslarına gedib ixtisasını “diriltmək”uğrunda çalışır.

Oraların sosial-iqtisadi həyat səviyyəsinə toxunmayacağam. Bu, bir başqa mövzudur. Mənim dərdim dil dərdidir! Hələ XIX-XX əsrin əvvəllərində yaşamış publisist, pedaqoq, “Molla Nəsrəddin” jurnalının təsisçilərindən biri, Cəlil Məmmədquluzadənin yaxın silahdaşı Ömər Faiq Nemanzadənin sözləri ürəyimdən xəbər verir: “Mən inanmıram ki, dilini bilməyən millətini sevsin. Çünki dil millətin tək nişanıdır, millət sevgisinin birinci əlamətidir. Dilini sevməyənin ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözləməyə oxşayır. Milli dilində danışmaq istəməyənin millətpərvərlikdən dəm vurması yalançılığın təzə modasından başqa bir şey ola bilməz”.

Bilirsiniz, nəyə təəccüb edirəm? Bu fikirlər təxminən yüz il əvvəl də olub, indi də var. Deməli, biz bir əsrdir eyni dərdi daşıyırıq. Elm inkişaf edib, dünyanın xəritəsində dəyişikliklər olub, tapılmayan xəstəliklərə çarə tapılıb, ancaq bizim “dil dərdimiz” nəinki sağalmayıb, hətta daha artıq iltihab edib, tibbi dildə desək “aqressivləşib.” Aha, bəlkə bu, heç xəstəlik deyil, həyat tərzidir, sindromdur, nəsə başqa şeydir?!

Bircə onu bilirəm ki, bu xəstəlik həm də yoluxucudur. Qarşısını almaq üçün bir “vaksin” tapılmayınca bizim dilimiz də, milliliyimiz də əldən gedəcək!