Yumşaq güc beynəlxalq münasibətlər konsepsiyasında istifadə olunan ikinci vasitədir. “Yumşaq güc” terminini ədəbiyyata XX əsrin 90-cı illərində ABŞ politoloqu Cozef Nay gətirib. O, “Yumşaq güc” (Soft power) adlı kitabında yazır: “Bir ölkənin digər ölkəyə iqtisadi və hərbi güclə deyil, daha cəlbedici təsir edib arzuolunan nəticəyə çatmasına “yumşaq güc ” üsulu deyilir.”
C.Nay xarici siyasət və daxili siyasi dəyərləri, yüksək və populyar mədəniyyəti “yumşaq güc” resursları hesab edir. O, yüksək mədəniyyət deyərkən, incəsənət, bədii ədəbiyyat və təhsili nəzərdə tutur, populyar mədəniyyətə isə kütləvi mədəniyyəti, əyləncəni aid edir. C.Naya görə, mədəni dəyərləri və maraqları digər ölkələrdə tətbiq edilə bilən ölkələr dünyada uğur qazana bilir və təsir dairəsinə aldığı toplumlardan istədiyi nəticəni alır. Sadə və konkret, hamının anladığı formada desək, “yumşaq güc” dövlətin dilinin və mədəniyyətinin təsir gücüdür.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra “yumşaq güc “istiqamətində xeyli inkişafa nail olmuşdur. Ölkəmiz bu gün dünyanın ən tolerant ölkələrindən biri sayılır. Tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir. Yumşaq gücü inkişaf etdirən amillərdən biri ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Son onilliklərdə Azərbaycan siyasi, iqtisadi, idman və müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dövlətimizin beynəlxalq imicini yüksək səviyyədə tanıtmış oldu. Buna 2012-ci “Avroviziya” mahnı müsabiqəsini, 2015-ci ildə keçirilən I Avropa oyunlarını, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi oyunlarını nümunə göstərmək olar.
“Tolerantlığın ünvanı − Azərbaycan” layihəsi dünyanın müxtəlif bölgələrində muzey, kilsə, sinaqoq, abidələr üzərində təmir-bərpa işləri aparmaqla ölkəmizi yüksək bəşəri dəyərlərə malik olan sivil bir dövlət kimi tanıtmağa nail olmuşdur.
Dünya mədəniyyətinin şah əsərlərini, qiymətli incəsənət nümunələrini qorumaq sahəsində Azərbaycan dövlətinin göstərdiyi təşəbbüslər, maddi dəstək müqabilində görülmüş işlər bu gün dövlətimizin “yumşaq güc “istiqamətində apardığı uğurlu siyasətidir. Əgər Vatikanda, Luvrda dəyərli incəsənət nümunələrinin, qədim abidələrin, eksponatların, kitabların üzərində “Azərbaycan dövləti tərəfindən bərpa edilmişdir” kimi məlumatlar varsa, bundan gözəl təbliğat ola bilərmi? Yunan mifologiyasında baş ilah olan Zevsin heykəlini bərpa etmək, Luvr muzeyində İslam incəsənəti bölməsi yaratmaq Azərbaycan haqqında nələr deyir? Azərbaycan Vatikanda mədəni dəyərlərini nümayiş etdirmək üçün sərgi təşkil etməyə nail olan ilk müsəlman ölkəsi olub.
Bütün bunlar Azərbaycan dövlətinin “yumşaq güc “strategiyasının nəticəsidir.
Beynəlxalq arenada güclü mövqe tutmaq üçün ölkəmiz diasporlar ilə daha möhkəm əlaqələr qurmalı, xaricdə yaşayan azərbaycanlıların ana dilindən, milli mədəni dəyərlərimizdən uzaq düşmələrinə imkan verməməlidir. Bu gün çox qürurverici haldır ki ,dünyanın müxtəlif ölkələrində 100-dən çox Azərbaycan dili öyrədən həftəsonu məktəb fəaliyyət göstərir. Heydər Əliyev Fondunun və Diasporlarla iş üzrə Dövlət Komitəsinin birgə layihəsi olaraq nəşr olunmuş Azərbaycan dili kitabı Vətənimizdən kənarda yaşayan balalarımızın ana dilini öyrənməsinə böyük dəstək olmuşdur. Dünyanın Çin, İndoneziya, Pakistan, Rusiya, Belarus, Rumıniya, Serbiya kimi dövlətlərində Azərbaycan Dil və Mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Dünyanın ən böyük təhsil müəssisələrindən olan Pekin Xarici Dillər Universitetində 2016-cı ildə Azərbaycan dili kafedrası yaradılmış, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına 9 tələbə qəbul olunmuş, 4 il ərzində dilimizi öyrənərək, Çinin ilk Azərbaycanşünas mütəxəssisləri adına layiq görülmüşdülər. Bu il isə, 13 çinli abituriyent Azərbaycan dili fakültəsinə qəbul olmuşdur. Çin kimi böyük ölkədə ölkəmizi təmsil edən, xalqımızı layiqincə tanıdan, böyük uğurlara imza atmış Azərbaycan dili kafedrasının rəhbəri Aqşin Əliyevə təşəkkürümü bildirirəm.
Dilimizin yumşaq güc kimi inkişafını təmin etməklə beynəlxalq arenada güclü mövqeyə sahib olmaq üçün ölkə daxilində Azərbaycan dilinə daha həssas yanaşmalı, onu yad ünsürlərdən qorumalı, öz lüğət fondu hesabına inkişaf etdirməliyik.
Bu gün Mərakeş, Əlcəzair kimi ərəb ölkələrində dövlət dili ərəb dili olduğu halda, təhsil dili fransız dilidir. Son günlərdə oxuduğum məlumata görə, artıq ingilis dilinə keçmək istəyirlər! Allah qorusun!
Bizim ana dilimiz dünyanın ən inkişaf etmiş dilləri ilə eyni sırada dura biləcək qədər zəngin və mədəni dildir. Son illər bəzi üzdəniraq qüvvələr ana dilimizi sıxışdırmağa, yersiz əcnəbi sözlərlə korlamağa çalışırlar. Bəzi şirkətlər öz biznes maraqlarını milli kimliklərinə, dəyərlərinə qurban verməkdən çəkinmir, utanmır. Lakin bir şeyi unudurlar. Bu dil heç birimizin şəxsi malı-mülkü deyil! Ədəbi dilə qarşı hörmətsizlik, həm də dövlətçiliyimizə, azərbaycançılıq ideologiyasına ziddir.18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edir: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir.”
Biz Filoloji Araşdırmalar Dil Monitorinqi Mərkəzi kimi Bakı şəhərində və ölkəmizin müxtəlif şəhərlərində ana dilimizdə yazılmayan və ya kobud səhvlərə yol verilən reklam və sərlövhələrə qarşı lazımi orqanlara obyektiv mövqeyimizi bildirmişik, bəzilərindən müsbət münasibət görsək də, bəzilərindən illərlə cavab ala bilməmişik. Təkcə, Bakı metropoliteninin stansiyalarında səkkiz səhvi düzəltməyə, bir neçə məşhur obyektin milli adlarla adlandırılmasına, əcnəbi dillərdə menyu və qəbz verən restoranlara ana dilindən istifadə etmək xəbərdarlığı verməyə nail olmuşuq. Respublikamızın məşhur saytlarında, dövlət əhəmiyyətli xəbər portallarında gedən səhvlərlə bağlı müraciətlərimiz müsbət nəticələr verir.
Məqsədimiz, məramımız Azərbaycan dilini qorumaq və inkişaf etdirməkdir. Millətini sevən, dövlətini qorumaq istəyən hər bir şəxs bu amal uğrunda mübarizə aparmalıdır!