Bildiyimiz kimi, “Kitabı-Dədə Qorqud” dastanının elm aləminə iki nüsxəsi məlumdur. Daha mükəmməl və həcmli olduğu üçün (12 boy, bir müqəddimə) Drezden nüsxəsi XX əsrin əvvəllərindən bir çox türkoloq alimlərin tədqiqat mənbəyi olmuşdur. 1815-ci ildə ilk dəfə Fridrix fon Dits Drezden nüsxəsini aşkara çıxardı və bu əsər dünyanın tanınmış şərqşünasları tərəfindən tədqiq olunmağa başladı. İlk dəfə 1916-cı ildə İstanbulda nəşr olundu. Daha sonra 1938-ci ildə yenidən İstanbulda, 1939-cu ildə isə Bakıda nəşr olunmuşdur. Dastanın geniş miqyaslı tədqiqinə isə XX əsrdə başlanılıb.
Mən bu dastanı uşaq yaslarımdan müqəddəs bilmişəm. Evimizdə boz cildli, başqa kitablardan seçilən, daha köhnə və böyük bir kitab vardı. Səhv etmirəmsə, 1962-cı il nəşri idi. Dastanı dönə-dönə oxuyurdum. O zamanlar “İç oğuza daş oğuz asi olub, Beyrək oldüyü boy”a cox təssüf edərdim…
Sonralar universitetdə oxuduğum illərdə, folkloru tədris edən müəllimimiz, professor Vaqif Vəliyevin “Kitabı-Dədə Qorqud” dastanının ilk tədqiqatçısı Əmin Abid haqqında az qala yana-yana danışdığı söhbətlər heç vaxt yadımdan çıxmadı. (Folklorşünas alimin Əmin Abiddən ötrü ürək yanğısının səbəblərini də araşdırdım. Daha çox ədəbiyyatşünaslıq mövqeyindən olduğu üçün bu mövzuya hələlik toxunmayacağam).
Dastan ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən geniş araşdırılsa da, dilçilik baxımından o qədər də qənaətbəxş tədqiq olunmamışdır.Dastanın Azərbaycanda ilk tədqiqi Əmin Abidin adı ilə bağlıdır. O, “Azərbaycan türklərinin ədəbiyyat tarixi” əsərinin I cildinin böyük bir hissəsini “Kitabi-Dədə Qorqud”a həsr etmişdir. Əmin Abid dastanı “Əşirət dövrünə aid ən qədim vəsiqə”, oğuznamə hesab edirdi.
F.Köprülü, B.Çobanzadə, H.Araslı, M.Dadaşzadə, M.Rəfili, Ə.Sultanlı, M.Təhmasib, Ş.Cəmşidov, T.Haciyev, S.Əlizadə dastanın tədqiq edilməsində xidmətləri olan alimlərdir.
“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq dastanı olmaqla yanaşı, ümumxalq Azərbaycan dilinin ilk təşəkkül dövrünü araşdırmaq baxımından da çox qiymətli bir abidədir. Dastanin dilini ilk dəfə sistemli şəkildə dilçi alim Ə.Dəmirçizadə araşdırmışdır.
“Kitabi-Dədə Qorqud” IX-XI əsrlərdə Azərbaycan ədəbi dilinin təşəkkülünun başa çatdığı dövrdə yaranmış ilk və yeganə şifahi xalq ədəbiyyatı nümunəsidir. X-XI əsrlər Oğuz-Səlcuqların hakimiyyəti öz mövqeyini dil üzərində də göstərmişdir.
Danılmaz faktdır ki, dastanın dili ilə bugünkü Azərbaycan milli dilinin lüğətində fərq bəzi leksik vahidlərinin arxaikləşməsindən ibarətdir. İstər arxaikləşmə, istərsə də fonetik, morfo-fonetik fərqlər Azərbaycan dilinin tarixi təkamülünün tərkib hissələridir. Biz bu arxaikliiyi sonrakı mərhələlərdə Qazı Bürhanəddin, Nəsimi, Xətai kimi klassiklərimizin əsərlərində izləyirik. “Dədə Qorqud”un dilindəki sözlərin əksəriyyəti leksik mənası, fonetik xüsusiyyətləri, morfoloji quruluşu baxımından müasir Azərbaycan dili ilə səsləşir.
Diqqətinizi “Kitabi-Dədə Qorqud”un dilində cingiltili samitlə işlənmiş, bu gün isə karlaşmaya məruz qalmış sözlərə yönəltmək istəyirəm. Drezden nüsxəsi üzərində apardığim tədqiqata əsasən, bu sözlərin b-p, d-t, g-k, q-x qarşılıqlı olduğunu müəyyənləşdirdim.
B-P
Mənim avımı bozma .
Qulağı altun kübəli.
Dəpəgözin pəri anası gəlib oğlunun parmağına bir yüzik keçirdi.
Pəs Qazlıq Qoca oğlu Yegnək?
Oğul, sən varacuq yerüstü.
Dolamac-dolamac yolları olur.
Atlu batub çıqamaz
Anuñ balçığu olur.
Yuxarıda göstərdiyimiz nümunələrdə həm cingiltiləşməyə, həm də karlaşmaya məruz qalmış sözlər var. Bu gün dilimizdə “p” samiti ilə yazılıb tələffüz olunan sözlər aşağıdakılardır:
boz – poz
kübə – küpə
Dəpəgöz – Təpəgöz
balçıq – palçıq
“b “samiti ilə yazılib tələffüz olunan sözlər isə bunlardır:
parmaq – barmaq
pəs – bəs
D-T
Kül dəpəcik olmaz.
Yedi dərə qoxuların dülki bilür.
Baban dedi keyikleri qovsun gətirsün benim önümdə dəpələsün.
Toqsan başlı ban evlərin qara yeri üzərinə dikdirmişdi.
Saya varsam dükənsə olmaz.
Qazan kəndü dopa dəpdü.
Cingiltili “d”samiti ilə yazılmış bu sözləri kar “t” samiti ilə yazırıq və tələffüz edirik.
dəpəcik – təpəcik
dülki – tülkü
dəpələsün – təpələsin
dikdirmişdi – tikdirmişdi
dükənsə – tükənsə
dəpdü – təpdi
Q-X
Yerli qara dağlarun yıqılmasun.
Sarı donlu Selcan xatun köşkdən baqar.
Kimə baqsa eşqiylə oda yaqar.
Qaza bənzər qız-gəlini aq çıqarıb qara geydi.
Yerli qara dağların yıqılmasın!
Əlləri biləgindən qınalı.
Kafirin gözü qorqdu.
Qazan xatunu qanqınızdır? Qırq yerdən avaz verəsiz.
Qanı dedigim bəg ərənlər?
Ava çıqdı (çıxdı).
Beyrek gedəli Bam-bam dəpə başına çıqdınmı, qız?
Altun yüzikdə çoq nişan vardır.
Dəpəcə böyümüşsən, darıca beynin yoq.
Salqum-salqum dan yerləri əsdiyində.
Hey qırq eşim, qirq yoldaşım, niyə ağlarsız?
Aq çadır dikdilər, ala qalı döşəmələr.
Mərə bəzirganlar, coqmu istədim?
Başın ala baqar olsam, başsız qalım.
Dibün ala baqar olsam dibsiz qalım.
Bol aqçam gətirib durursan, sana xərclik olsun.
Çıqub gəldi.
Ölüm vaqtı gəldiyində arı imandan ayırmasın.
Baqdı bir qala gördü.
Üç oq, boz oq qarşılaşdılar.
Dastanın dilində cingiltili “q” samiti ilə işlənmiş sözlərdə bu gün daha çox karlaşma müşahidə olunur.
yıqılmasın – yıxılmasın
baqar – baxar
yaqar – yaxar
çıqarıb – çıxabrıb
qınalı – xınalı
qorqdu – qorxdu
çoq – çox
yoq – yox
qırq – qırx
salqum-salqum – salxım-salxım
çoqmu – çoxmu
aqçam – axçam
baqdı – baxdı
oq – ox
Bu gün “hansı”, “hanı” kimi tələffüz edib yazdığımız sual əvəzlikləri dastanın dilində və klassik ədəbiyyatda “qansı”, “qanı” kimi işlənmişdir.
Bu gün [y] səsi ilə tələffüz olunan bir neçə sözün dastanda [g] səsi ilə tələffüz edildiyini də görürük.
Qanı ögdügümüz bəg ərənlər?
Qara dağım yüksəgi, oğul!
Övrətiñdənmi ögrəndiñ sən bu işi, qvat!
Qanı dedigim bəg ərənlər?
Ögünən ərləri xoş görmədim.
Bəg baba, xatun ana, əsən qalun.
Bəri gəl, dögüşəlim.
Bəglər bəgi Qazanın əlini öpgil.
Oğul, at üzərindən məni al, döşəgimə çıqar.
Altun taxtın ayası, bəyim yigit!
Göz açıban gördügüm, könül verib sevdigüm!
ögdügümüz – öydüyümüz
yüksəgi – yüksəyi
ögrəndiñ – öyrəndin
dedigim – dediyim
ögünən – öyünən
bəg – bəy
döyüşəlim – döyüşəlim
bəglər bəgi – bəylər bəyi
döşəgimə – döşəyimə
yigit – yiyit
gördügüm – gördüyüm
sevdigüm – sevdiyim
Mətndə tez-tez rast gəldiyimiz “çıqub “sözü 1929-cu ildə latın əlifbasına keçilənə qədər dilimizdə işlənmişdir. Mənası “çıxıb” deməkdir.
Sadaladığımız nümunələr Vll-XI əsrlər Azərbaycan dilinin orfoqrafik dil faktıdır. Nümunələrdən müasir dilimizdə bəzi sözlərin cingiltililəşməyə, bəzi sözlərin karlaşmaya məruz qaldığını görürduk. Qürurverici haldır ki, 1300 il əvvəlki ana dilimiz bugünkü ana dilimiz ilə bütün dil faktorları cəhətdən səsləşir və bizə imkan verir ki, qədim abidəmizi orijinaldan anlayaq.
“Kitabi-Dədə Qorqud” o qədər zəngin, rəngarəng bir abidədir ki, tədqiqatını yekunlaşdırmaq, araşdırıb bitirmək möcüzə olar.
Sonda üzümü ana dilinə yad münasibət göstərən soydaşlarımıza tutub deyirəm:
– “Kitabi-Dədə Qorqud”u oxuyun! Oxusanız, ana dilimizə və onun zənginliyinə vurulacaqsınız!