– Satmıram, satmıram, canım! Nə ingilisə satıram, nə də qızıla.
Sona xalçanı çəkib aradan yığdı. İngilisin rəngi ağardı. Alt çənəsi laxladı. Tacir onun dediyini Sonaya tərcümə etdi:
– Görürsən? Deyir hara getsə, onu mən alacağam.
Sona daha da açıqlandı. İti və həyəcanlı nəzərlərlə həm taciri, həm də ingilisi süzüb əli ilə rədd işarəsi verdi:
– İtə ataram, yada satmaram!
Mənim yaşıdlarım Mir Cəlal Paşayevi orta məktəbdə oxuyanda keçdiyimiz “Bir gəncin manifesti “povesti ilə tanıyıb sevdi. Bu əsərin ideyası, özünəməxsus missiyası Azərbaycan insanının əxlaqi dəyərlərinin formalaşmasında misilsiz rol oynayıb. Əsərin qəhrəmanlarından biri olan Sona xala o gündən bu günə hamımızın doğma xalası oldu. Ehtiyac içində boğulsa belə, öz əli ilə toxuduğu “Yusif və Züleyxa”xalçasinı yadlara satmayacağını əminliklə elan edən Sona xalanın cəmi dörd kəlmədən ibarət cümləsi o qədər qüdrətli səslənmişdi ki, indiyə qədər zərb-məsəl kimi xalq arasında işlənir.
Əsərdə 1918-1920-ci illərdə ingilislərin Azərbaycanda yürütdüyü doqquz aylıq müstəmləkəçilik siyasətinin məlum bir zaman kəsiyi əksini tapıb. Bu siyasətin nəticəsi idi ki, onlar təkcə Azərbaycanın neftini deyil, dəyər-dəyməzini, gözünə sataşan nə varsa, qənimət götürmək istəyirdi. Böyük yazıçı özünün vətəndaş mövqeyini Sona xalanın dili ilə nə qədər kəsərli ifadə edib!
Gördüyünüz şəkil dünya şöhrətli Luvr muzeyidir. Əslində bu şəkil ürəyimdə, beynimdə sıziltıyla dolaşan fikirləri qələmə almağa səbəb oldu. Orta məktəbdə Azərbaycan dilində “Şeyx Səfi məqbərəsi necə talan oldu” başlıqlı bir mətn var. Mövzunu keçərkən azərbaycanlı olaraq o qədər təəssüf, o qədər üzgün hisslər keçiririk ki. Bunu həmkarlarım daha yaxşı bilir. Əsrlər boyu ən zərif, ən qiymətli, ən qədim, milli mədəniyyətimizi özündə əks etdirən abidələrimiz daşındı, satıldı, yağmalandı. Bizim sahib çıxa bilmədiklərimiz isə baxın indi haralardadır: Ermitajda, Viktoriya Albertdə, Vatikanda, Drezdendə və nəhayət, Luvrda!
Nəzərinizə çatdırım ki, Azərbaycanın ən qiymətli xalçaları Luvr muzeyindədir. Xalçalarımiz muzeyin daimi ekspozisiyasinda sərgilənir. Qarabağ və Şirvan xalça məktəblərinin “Xanlıq”, “Çələbi” və “Əjdahalı” xalçaları bir neçə il əvvəl Bakıya gətirilərək nümatiş olunub. Şəki, Şamaxı, Gəncə, Təbriz, Naxçıvan parçaları bu muzeyin nəfis eksponatları sayılır… Muzeyin birinci mərtəbəsində Şərq incəsənətinə aid edilən salonun tən ortasında bürüncdən hazırlanmış 1190-cı il tarixli orijinal fiqurlu qabın üzərində Osman Salman oğlu Naxçıvaninin adı qeyd edilib. Qarşımızda başqalarının mədəni mirası ilə özünü zəngin və mədəni hesab edən Qərb var. Bəs, görəsən, vaxtı ilə Şərqdən – bizdən apardıqlarını qaytarmaq məcburiyyətində qalsalar, özlərinə yarısı qalar? Kaş zamanında Sona xala kimi qeyrətli insanlarımız çox olaydı, maddi-mənəvi dəyərlərini qızıla dəyişməyəydilər…