Bu gün dünyanın müxtəlif ölkələrində dövlət dili ifadəsi ilə yanaşı “rəsmi dil” ifadəsindən də istifadə olunur. Türkiyə, Finlandiya, Bolqarıstan kimi dövlətlərin konstitusiyasında rəsmi dil bizim dövlət dili ifadəmizi əvəz edir.
Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 27 iyun 1918- ci il tarixli qərarı ilə “dövlət lisanı” kimi qeyd olunur.
Azərbaycan tarixində Səfəvilər dövlətinin böyüklüyü, uca məqamı təkcə qüdrəti və geniş əraziləri əhatə etməsində deyil, ana dilimizə – Azərbaycan dilinə qoyduğu diqqət və dəyərlə ölçülür. Səfəvilər dövlətinin hakimiyyəti illərində Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi dilimizin həmin dövrədək təşəkkül tapmasından xəbər verir. Yaqub Mahmudov “Azərbaycan tarixinin intibah dövrü” kitabında yazır: “Kitabi-Dədə Qorqud” boyları bugünkü nəsillərə həm də yazılı abidə kimi yadigar qalmışdır. Məşhur qəhrəmanlıq dastanımızın hələ o zaman – erkən orta əsrlərdə konkret bir müəllif tərəfindən yazıya alınması Azərbaycan türkcəsinin qədim yazılı ədəbiyyat ənənələrinə malik olduğunu sübut edir”.
XI-XII əsrlərdə yaranmış türkdilli dövlətlərin, eləcə də XII-XIV əsrlərdə mövcud olmuş Eldəgizlər(1136_1225) və Şirvanşahlar (VI -1538) dövlətlərinin rəsmi dili fars dili idi. Poeziya əsasən fars dilində, elmi əsərlər isə ərəb dilində yazılırdı. Ərəb dilində yaranan əsərlərin birbaşa Xilafət mədəniyyətindən qaynaqlandığını başa düşmək çətin deyil, fars dilinə üstünlük verən səlcuq hökmdarlarını anlamaq bir az qəlizdir. Bütün bunlara baxmayaraq, yazılı ədəbiyyatın anadilli nümunələri XIII əsrin ortalarından başlayaraq yaranmağa başladı. Əlinin “Qisseyi-Yusif “i, İzzəddin Həsənoğlunun qəzəlləri, Qazi Bürhanəddinin, İmadəddin Nəsiminin yaradıcılığındakı mükəmməllik türkdilli poeziyanın mövcudluğundan xəbər verir.
XV əsrdə Azərbaycan dilinin mövqeyi ötən əsrlərdən fərqli olaraq müsbətə doğru xeyli dərəcədə dəyişir. Belə ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hakimiyyəti illərində Azərbaycan dili poeziya dili kimi inkişaf edir, saraylarda şeir məclislərində xüsusi hörmət və qayğı ilə qarşılanır. Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqi təxəllüsü ilə Azərbaycan dilində şeirlər yazırdı, Həbibi Ağqoyunlu sarayında Sultan Yaqubun şeir məclisinin Məliküş-şüərası idi. Amma hər iki dövlətin rəsmi dili fars dili idi, məşhur mədrəsələrdə də dərslər ərəb və fars dillərində keçirilirdi…
Şah İsmayıl Xətayi Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltməklə ana dilimizə bugünümüzə çatacaq qədər uzun nəfəs vermiş oldu!
Adam Oleari 1630-cu illərdə Səfəvilərin paytaxtının İran şəhəri İsfahanda yerləşməsinə baxmayaraq, sarayda elçilərin qəbulu zamanı Azərbaycan dilinin işləndiyini yazır.
1930-cu illərdə aşkar edilmiş sənədlərə əsasən, Azərbaycan türkcəsinin Səfəvilər dövründə rəsmi dil olması sübuta yetirilmişdir. Şah fərmanlarından, dövlətlərarası yazışmalardan ibarət olan bu sənədlər ana dilimizdə yazılmış rəsmi üslubun ilk nümunələri hesab oluna bilər. Həmin sənədlərdən bir neçəsini nəzərinizə çatdırmaq istəyirəm.
1.Şah İsmayılın Musa Durğut oğluna fərmanı. 23 iyun 1512- ci ildə imzalanmış bu fərman ana dilində imzalanmış bizə çatan ilk fərman kimi böyük əhəmiyyət kəsb edir.
2.Qaraqoyunlu hökmdarı Cahanşahın nəvəsi Sultan Hüseynin I Sultan Səlimə (1512-1520) yazdığı ərizə.
3.I Şah Təhmasibin türk şahzadəsi Səlimə (II Sultan Səlim) məktubu.
4.Məhəmməd Xudabəndənin Türkiyə sultanı III Sultan Muradın sərkərdəsi Fərhad paşaya məktubu.
5.Sah Səfinin (1629-1649) Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu.
6.Sah Səfinin Rusiya çarı Mixail Romanova məktubu və s.
Bir çox səbəblərdən Səfəvilərin rəsmi dilləri sırasında fars və cığatay dili də müəyyən mövqeyə malik olmuşdur. Buna dövlətin ərazisinin böyüklüyü (3.500.000 km² (1512) 2.900.000 km² 1627 ), etnik tərkibinin müxtəlifliyi səbəb ola bilərdi. Lakin dövlətin etnik tərkibinin əsasını azərbaycanlılar təşkil etdiyi üçün dövlətin siyasi həyatında onlar üstünlüyə malik idilər. Səfəvilər dövləti Ustaclı, Rumlu, Şamlı, Əfşar, Qacar, Təkəli, Zülqədər kimi tayfaların hərbi birliyi nəticəsində ərsəyə gəlmişdir. Bu səbəbdən də hərbi mənsəblər, vilayətlərin idarə olunması, saraydakı yüksək mövqelər azərbaycanlıların əlində idi. Farslar və digər etnik xalqlar ikinci dərəcəli vəzifələrdə çalışa bilərdilər. Ta ki I Şah Abbas hakimiyyətə gələnə qədər…
Səfəvilərin hakimiyyəti dövründə vəzifə və rütbələrin, hərbi terminlərin ana dilimizdə olması da qürurverici haldır. Divanbaşı, eşikağası, elçi adam, cobanbəyi, bağbaşı, çərik (əsgər), qarovul, ayaqçı, bayramlıq, tüfəngçi, çalıcıbaşı, yurt (düşərgə), qoruqçubaşı, süfrəçibaşı, saxlav (kazarma) və s.
Gördüyümüz kimi, Azərbaycan dili sarayda və orduda hakim dil olmuşdur. Əhalinin tərkibindən asılı olaraq fərmanlar əsasən Azərbaycan, bəzən fars dilində verilmişdir.
Yazımın sonunda sizin üçün maraqlı olacağına əmin olduğum üçün Şah İsmayılın Musa Durğut oğluna imzaladığı fərmanı nəzərinizə çatdırıram.
“Bismillahir- rəhmanir- rəhim
Əbdülmüzəffər İsmayıl Bahadır sözümüz
Əmiri-əzəmi-əkrəm Musa Durğut oğlu inayət və şəfqətimizə ümidvar oləndən sonra şöylə bilsün kim, iftixar-ül-əazim vəl əyan Əhməd ağa Qaramanlı ol tərəfə göndərdük və ol hər nə kim ixtiyarlığını kendunə şəfqət etdük. Gərək kim müşarineyh sözündən və məsləhətündən çıxmasun və mütabiət və yardım ona qılsun kim,inşaallahi- təala hər nə kim onun muradi və istəki olsa hasildir. Gündən-günə nə iş vaqe bulsa, Əhməd ağa ittifaqi ilə dərgahi-müəllamizə bildürsinlər kim, hər növ buyuruğumuz olsa əməl etsün, könlünü xoş tutub mərhəmətimizə isdar olsun.
Xətm.
7 rəbiüs-sani 918 (23 iyun 1512)
“Azərbaycan tarixi üzrə qaynaqlar” əsərindən
Yazının ərsəyə gəlməsində istifadə olunmuş ədəbiyyat:
Süleyman Əliyarlı “Azərbaycan tarixi üzrə qaynaqlar” 2007.
Yaqub Mahmudov “Azərbaycan tarixinin intibah dövrü “