- Dil

Vüsalə MƏMMƏDLİ. Azərbaycan dilim – milli kimliyim!

Son illər Türkiyə türkcəsindən dilimizə keçən bəzi sözlər Azərbaycan dilinin leksikasını nəzərəcarpacaq dərəcədə korlayır. Halbuki bizim dilimizdə həmin anlayışları ifadə edən qədim və milli sözlər mövcuddur. Dilimizin saflığını qorumaq üçün bu məsələlərə diqqət yetirməliyik.

Aşağıda bəzi tipik halları izah edirik:

  1. Müraciət etmək, yoxsa başvurmaq?

Türkiyə türkcəsində “başvurmaq” işlədilir. Ancaq Azərbaycan dilində bunun qarşılığı müraciət etməkdir. Bizim dilimizdə”baş vurmaq”  tamamilə başqa mənada işlədilir. Adətən, yolüstü, tez-bazar bir yerə getməyi ” baş vurmaq “ifadəsi ilə bildiririk.

İşdən gələndə valideynlərimə baş vurdum.

Türkiyə türkcəsində deyirlər:

Təqaüd üçün başvurdum.

Biz isə:

Təqaüd üçün müraciət etdim.

  1. Təklif, yoxsa öneri?

“Öneri” sözü əvəzinə bizdə hər zaman təklif işlənib.

Səhv: O, maraqlı bir öneri verdi.

Düzgün: O, maraqlı bir təklif verdi.

  1. Həll etmək, yoxsa çözmək?

Problemləri “çözmək” ifadəsi Türkiyə türkcəsindən keçib. Bizdə isə həll etmək sözündən istifadə olunmalıdır.

Səhv: Onlar məsələni tez çözdülər.

Düzgün: Onlar məsələni tez həll etdilər.

  1. Təsdiqləmək, yoxsa onaylamaq?

“Onaylamaq” deyil, təsdiqləmək deyirik.

Səhv: Layihəni onayladılar.

Düzgün: Layihəni təsdiqlədilər.

  1. Əlaqə, yoxsa irtibat?

Azərbaycan dilində əlaqə sözü işlədilir.

Səhv: Zəhmət olmasa irtibata keçin.

Düzgün: Zəhmət olmasa əlaqə saxlayın.

  1. Tətbiq etmək, yoxsa uygulamaq?

“Uygulamaq” sözünün yerinə tətbiq etmək işlətmək lazımdır.

Səhv: Qanun artıq uygulanır.

Düzgün: Qanun artıq tətbiq edilir.

  1. Lazım olmaq, yoxsa gerekmək?

“Gerekmək” yerinə Azərbaycan dilində lazım olmaq deyirik.

Səhv: Bu sənəd çox gərəkir.

Düzgün: Bu sənəd çox lazımdır.

  1. Fərq, yoxsa ayrım?

“Ayrım” yerinə fərq demək daha düzgündür.

Səhv: İki fikir arasında ciddi ayrım var.

Düzgün: İki fikir arasında ciddi fərq var.

Bəziləri Türkiyə türkcəsindən öyrəndikləri “qondarma” sözləri  işlətməklə  dilimizin lüğət tərkibini ərəb-fars mənşəli sözlərdən “təmizləmək” məqsədi ilə etdiklərini sübut etməyə çalışırlar.1300 ildən artıq tarixi olan bu sözləri hələ də doğma qəbul etməyən insanların bu qədər yeni sözü özününkü etməyə ömrü yetəcəkmi? Həsənoğlunun, Nəsiminin, Qazi Bürhanəddinin, Xətainin, Füzulinin dilindən bugünümüzədək bir yol keçmiş o qədər sözü necə yad hesab etmək olar?

Əmin olun, bu gedişlə bizim – sizin nəvələr nə Abdulla Şaiqi, nə Məmməd Arazı, nə də Əzizə Cəfərzadəni oxuyub anlaya bilməyəcəklər! Necə ki, Türkiyədə 1923-cü ildən əvvəlki türk dili yeni türk dilinə tərcümə olunur.

Azərbaycan dili zəngin və gözəl bir dildir. Biz onun saflığını qorumalı, yad təsirlərdən mümkün qədər uzaq tutmalı, öz ifadə tərzimizə və milli ruhumuza sadiq qalmalıyıq.