“Böyük qardaş hələ də baxırmı?”
(Oruellin “1984” əsəri fonunda bu günümüzə baxış)
Totalitarizmin nə olduğunu izah etmək üçün çox uzağa getməyə ehtiyac yoxdur. Corc Oruellin “1984” əsəri bu anlayışı həm ədəbi, həm də fəlsəfi cəhətdən ən dəqiq şəkildə ifadə edən nadir nümunələrdəndir. 1949-cu ildə yazılmış bu distopik roman (antiutopiya) gələcəyin qorxulu bir təsvirini təqdim edirdi. Doğrudur, o “gələcək” artıq çoxdan keçmiş olub, amma əsərdəki bəzi elementlər bu gün də aramızdadır.
Əsərin əsas simvolu olan “böyük qardaş sənə baxır” ifadəsi, yalnız romandakı Okeaniya dövlətinin yox, bütün dünyanın reallığına çevrilib. Müasir dünyada smartfonlarımız, dörd bir tərəfimizdəki kameralar, sosial media alqoritmləri bizim hər addımımızı qeydə alır. Oruellin düşündüyü texnoloji nəzarət artıq gerçəkdir – amma bunu biz könüllü olaraq qəbul etmişik. Hər kəs “öz ekranına” bağlanıb, amma unutduğumuz odur ki, o ekranlar da bizə baxır.
Əsərdəki “düşüncə cinayəti” anlayışı da bu gün olduğu kimi var. İnsan öz vicdanında baş verənləri belə gizlətməyə çalışırsa, artıq təhlükə həddini keçib.
Əsərdə keçmişin davamlı şəkildə yenidən yazılması ilə Oruell bir başqa faciəni göstərir – tarixi yaddaşın silinməsi.Yazıçı “Kim keçmişi nəzarətdə saxlayırsa, gələcəyi də idarə edir” deyir . Bu gün biz keçmişin “rəsmi” versiyalarını dərsliklərdən, müxtəlif yazılı mənbələrdən, təbliğatdan öyrənirik, amma tarix bir deyil – baxış bucağına görə dəyişir. Keçmişi yalnız bir nəfərin və ya bir qrupun nəzərindən təqdim etmək gələcəyi susqun və itaətkar etmək üçün kifayətdir.
Oruellin yaratdığı “yeni dil” (newspeak) anlayışı da diqqətəlayiqdir. Bu dil düşüncənin məhdudlaşdırılması üçün icad olunmuşdu. Bu gün biz texnologiya və trendlərin təsiriylə sadələşdirilmiş və duyğusuz bir dildə danışmağa başlamışıq. Bir çox anlayışlar “cancel culture”, “alqoritm dostu sözlər” kimi filtrlərdən keçir. Heç kimə sirr deyil, artıq insan özü-özünə senzura edilir.
Oruell əsəri ilə bizə bir xəbərdarlıq etdi: Azadlıq yalnız fiziki yox, həm də fikir azadlığı, həqiqəti demək cəsarəti ilə mövcuddur. Əgər “2+2=5” deyilməsinə inanmağa məcbur edilirik və buna boyun əyiriksə, artıq öz azadlığımızı itirmişik. Əsərin qəhrəmanı Vinstonun son səhnədə Böyük qardaşı “sevməsi”, tam məğlubiyyətin simvoludur – insanın içindən gələn üsyanın susdurulmasıdır.
Bəli, bu gün artıq 1984-cü il deyil. Ancaq “Böyük qardaşlar” hələ də baxır və dünyanı daha müasir yöndən “idarə” edirlər. Nəzərinizə çatdırım ki, “soyuq müharibə” terminindən ilk dəfə bu əsərdə istifadə olunmuşdur.
Qeyd edim ki, Corc Oruell tanınmış ingilis yazıçısı Artur Erix Bleyerin təxəllüsüdur.