“Ya bunlar türkcə deyil, ya da mən türk deyiləm”
Necib Fazil Kısakürek
Müasir türk mütəfəkkirini belə yazmağa nə vadar etmişdir?
Bu gün “İngiltərədə Şekspir ingiliscəsini bilməyən insanlar ziyalı kimi qəbul edilmir” deyə eşitsəniz, təəccüblənməyin, çünki bu həqiqətdir. Hərçənd Şekspirlə müasir ingilisləri 400 ildən çox zaman ayırır.
Şükürlər olsun ki, biz ziyalı olaraq İmadəddin Nəsimini, Qazı Bürhanəddini, Şah İsmayıl Xətaini, Məhəmməd Füzulini oxuyub anlaya bilirik. Nümunələrə baxaq:
Necəsən, gəl, ey yüzü ağum bənüm?
Sən əritdün odlara yağum bənüm.” (İzzəddin Həsənoğlu)
Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır (Nəsimi)
Ol göz ki, yüzün görməyə, göz demə ana,
Şol yüz ki, tozun silməyə, yüz demə ana.
Şol söz ki, içində, sənəma, vəsfün yox,
Sən badi-həva tut anı, söz demə ana (Qazı Bürhanəddin)
Sufi isən, alıb satma,
Halalına haram qatma,
Yоlun əyrisinə getmə,
Dоğru yоla nəzər eylə (Şah İsmayıl Xətai)
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər (Məhəmməd Füzuli)
Əslinə qalsa, klassiklərimizin dilini ana dilini bilən hər kəs başa düşər. Bəzi ərəb-fars izafət birləşmələrini çıxmaq şərti ilə. Göstərdiyim nümunələrdən bizi 500-700 il ayırır. Dilimizin leksik-semantik quruluşunun, qrammatikasının mükəmməl özülü bu gün də olduğu kimi qorunub saxlanılıb.
Amma son iyirmi ilə nəzər salsaq, görərik ki, dilimizə Türkiyə türkcəsi adı ilə nə qədər qondarma söz daxil olub? Qardaşlarımızın dili ilə desək “uyduruk sözlər”. Əsası Akop Martayan tərəfindən qoyulan “təmizləmə ” və ya “sadələşdirmə” əməliyyatı Türkiyə türkcəsinin anasını elə ağlatdı ki, bugünkü nəsil qırx il əvvəl yazılmış türkcə ədəbiyyatı anlaya bilmir. Osmanlı dövründə yazılmış kitablar türkcədən türkcəyə tərcümə olunur!
Nə qədər dansaq da, islam mədəniyyətinin – xilafət mədəniyyətinin əsarət altına alınmış xalqların həyatında rolunu dana bilmərik. Bu özünü elm və incəsənətin bütün sahələrində göstərmişdir. Eləcə də, ədəbiyyat. Yüzillərlə hakim dillərin hökmranlıq etdiyi bir ədəbiyyatımız olub. Anadilli poeziyamızın yaranması o qədər keşməkeşlərdən keçib ki! Yad sözlər əsrlərlə həyatımıza, məişətimizə, nəhayət, dilimizə çöküb, yaxşı mənada. Bu gün bəlkə də çoxları bilmir ki, məktəb, kitab, elm, alim, tələbə, şagird, müəllif, müəllim sözləri bizim ana dilimizdə deyil. Əslində, biz bu sözləri öz dilimizin fonetikasına, ahənginə uygunlasdırıb özümüzünkü edə bilmişik.
Dünyada heç bir dilin lüğət tərkibi tam şəkildə milli deyildir. Dunyada “imperator dil”lərdən hesab olunan ingilis dilində ən cox istifadə olunan 20.000 sözü araşdırarkən məlum olmusdur ki, bu sözlərin heç beşdə biri əsl ingilis sozü deyil. Eyni zamanda, hec bir ingilis buna qarşı çıxmamışdı. Eləcə də ərəb, fars, latın, yunan dilləri. Maraqlıdır, Türk Dil Qrumunu idarə edənlər niyə türkcəni bərbad günə saldılar?! Əsrlərin sınağından keçmiş ərəb-fars mənşəli sözləri fransız, yunan, ingilis, latın, erməni sözləri ilə əvəz edib “oztürk”ləşdilərmi?
Dillərin bir-birindən söz almasında qəbahət yoxdur. Məlumdur ki, türk dilləri iltisaqi (aqqlütinativ) dillərə aiddir. Bizim dillərdə şəkilçi kökün sonuna artırılır, sözün kökü dəyişmir (çox az istisnalar var). Bəs “uyduruk “sözlərdə bu qaydalar nə dərəcədə gözlənilib?
Fransız sözü ” onör” onur kimi, “ekol” okul olaraq, ingilis mənşəli “men” şəkilçi kimi istifadə olunaraq öğretmen, yönetmen, yazman, sayman, seçmen və s. sözləri yaradılıb. Türk dillərinə məxsus olan -man şəkilçisi sifətlərə qoşularaq qocaman, şişman kimi sifətlər düzəltdiyi halda necə olub ki, feilə qoşulub işim düzəldib? Er*məni sözü “orinagin” – “örneğin” kimi…
Dilin qrammatik quruluşunu necə dəyişmək olar? Deməli, diqqətli olmalıyıq! “Örnək ” götürməyə tələsməyək…
Corc Oruellin “1984” adlı bir romanı var. Burada millətlərin beynini yumaq üçün dilləri öldürmək, sözləri dəyişmək kimi üsuldan bəhs olunur. Sözsüz qalan nəsillər zaman keçdikcə ölümə məhkum olur…
Milli yaddaşımızı yaşatmaq üçün dilimizə sahib çıxmalıyıq!
Yazının ərsəyə gəlməsində internet materiallarına istinad edilib.