- Dil

Vüsalə MƏMMƏDLİ. Dilimiz mənəvi dəyərlərimizin ən qiymətlisidir

Xalqımızın gələcək taleyinin müəyyənləşməsində bir neçə vacib amil var. Bu amillərin içərisində mənəvi dəyərlər mühüm rol oynayır. Mənəvi dəyərlərimizin başında isə dilimiz, doğma Azərbaycan dili dayanır. O dil ki, tarixin keşməkeşli yollarında min bir sınaqla üzləşib, müqayisə etsək, torpaqlarımız qədər tapdağa məruz qalıb, işğalçılarla ölüm-dirim savaşından bu günümüzə gəlib çatıb.

Ana dilinin varlığı o qədər vacib məsələdir ki, onu itirmək bütün mənəvi dəyərləri itirməkdən daha ağırdır. Tarixin məlum mərhələlərində bunun şahidi olmuşuq. Torpaqlarımızı işğal ediblər, mədəniyyətimizi, poeziyamızı yüzillərlə zəbt ediblər, amma ana dilimizi bizdən ala bilməyiblər. O zaman ana dilini xalq, sadə, zəhmətkeş təbəqə, coban-çoluq qorudu və yaşatdı. Xalqımızın görkəmli nümayəndələri saraylarda və əcnəbi hökmdarların himayəsində dünya şöhrətli əsərlərini ərəb və fars dillərində yaratmağa məcbur qalanda xalqımız ana dilimizi şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında yaradaraq yaşatdı. Həm dərdini, həm arzusunu ana dilində oxudu, dastanlar yaratdı.

VII-IX əsrlərdə formalaşan Azərbaycan dili şifahi xalq ədəbiyyatı nümunələrində bu günümüzə çox dəqiq və səlis formada gəlib çatıb.

Apardı tatar məni,
Qul edib satar məni,
Vəfalı yarım olsa,
Axtarar, tapar məni.

Yuxarıdakı bayatının yarandığı zamanı monqol-tatarların XIII əsrin 20-ci illərində Azərbaycana işğalçılıq yürüşlərini nəzərə alsaq, ana dilimizin az qala min il öncəki leksik-semantik quruluşunun, dil xüsusiyyətlərinin bugünkü Azərbaycan dili ilə eyniliyinin şahidi oluruq.

“Kitabi-Dədə Qorqud”dastanının XI əsrdə yazıya alınması, XIII yüzillikdə İzzəddin Həsənoğlunun, XIV yüzillikdə İmadəddin Nəsiminin, Hümam Təbrizinin şeirləri, Qul Əlinin “Qisseyi-Yusif” poeması, müəllifi məlum olmayan “Dastani-Əhməd Hərami” poeması farsdilli poeziyanı arxa plana keçirmiş, ana dilimizdə poeziyanın yaranmasına və inkişaf etməsinə gözəl nümunə olub.

XV_XVI əsrlərdə Şah Qasim Ənvar, Bədr Şirvani, Cahan şah Həqiqi, Kisvəri, Həbibi kimi klassiklərimizin yaradıcılığında ana dilimiz inkişaf edib.

Ana dilimiz Şah İsmayıl Xətayinin hakimiyyəti dövründə və yaradıcılığında ən yüksək məqama yüksəldi. Şah İsmayıl Xətai ana dilimizi dövlət dili səviyyəsinə yüksəltmiş bir hökmdar kimi tariximizdə yer tutur. Onun hakimiyyəti illərində dövlət səviyyəsində yazışmalar, diplomatik sənədlər ana dilində yazılır. Ana dilinə yüksək qiymət verən Şah İsmayil deyirdi: “Ey türk oğulları, Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin!”

Məhəmməd Füzulinin anadilli lirikası Azərbaycan poeziyasının bütün dövrləri üçün ən gözəl nümunələri hesab olunur. Şah İsmayil Xətayinin “Dəhnamə”si, Məhəmməd Füzulinin “Leyli və Məcnun”u ədəbiyyatda fars dilinin poeziya üzərində hökmranlığını süquta uğratdı, ana dilimizin poetik imkanlarını ən yüksək səviyyədə meydana çıxardı.

Səfəvilər dövründə “torki”və ya “qızilbaşi” adlanan ana dilimiz bu gün də Cənubi Azərbaycanda “türk dili” adlanır və məhz Azərbaycan dili nəzərdə tutulur. İran yazıçısı Zəbihullah Səfa yazır: “İranda Səfəvilər dövləti dövründə türk ləhcələri arasında Azərbaycan türkcəsi çox yayılmış və layiqli ədəbiyyata sahib olmuşdur”.

Bu gün biz Azərbaycan və Türkiyə türkcəsinin ləhcə deyil, tarixi təkamül prosesində eyni kökdən ayrılaraq müstəqil dillər kimi formalaşmasının şahidiyik. Halbuki qardaş Türkiyədə türk dil qrupuna aid olan dilləri ləhcə adlandırırlar. Onlar “türk dilləri” əvəzinə “türk ləhcələri ” işlədirlər. Turkiyə türkcəsi, Azəri türkcəsi, özbək türkcəsi və s . hamısı türk dilinin ləhcələri hesab olunur. Məncə, “ləhcə” sözü bizim işlətdiyimiz mənada daha yerindədir. Azərbaycan və türk dilləri bir-birinə çox yaxındır, qohum dillərdir. Bunu danmaq mümkün deyil. Eyni zamanda, dilimizin fonetikasından leksikasına, sintaksisinədək kifayət qədər fərqli məqamlar vardır. Azərbaycan dilinin qrammatikasının minillik tarixi, zəngin lüğət tərkibi onun dünyanın inkişaf etmiş dilləri ilə eyni sırada dayanmasına imkan verir.

Dilimiz qüdrətimizdir! Onu ucaltmaq hamımızın borcudur. Gəlin,ana dilimizin keşiyində dayanaq, yadelli sözləri dilimizə yaxın buraxmayaq. Dilimiz yalnız terminlərə açıq olsun!