Uşaq vaxtı qoğalı çox sevməzdim. Əlbəttə ki, şəkərbura, paxlava olan yerdə. Məndən fərqli olaraq bizim uşaqlar qoğalı daha çox sevirlər. Özüm də imkan tapan kimi bişirməyə çalışıram, çünki ev qoğalının–öz əlimdən çıxan qoğalın dadı-ləzzəti bambaşqa olur. Əziyyəti, cəfası çox olsa da, sevənlərin, yeyənlər, bir az da tərifləyənlərin xatirinə bişirməyə dəyər…
Təxminən iki ay əvvəl qoğala məhəbbətim, hörmətim, rəğbətim, qısası, simpatiyam daha da artdı. O gündən qoğal mənim üçün tək dadlı bərəkət deyil, həm də bir dostluq, qardaşlıq, xüsusilə də imkansızları birləşdirən bərəkət rəmzinə çevrildi.
Deməli, rəfiqələrimdən birinin atası rəhmətə getmişdi, məktəbə yaxın olduğu üçün yolüstü yas yerinə baş çəkib işə gəldim. Adətən, zənglərdə sinifdən bayıra çıxmıram, telefona baxırmış kimi sinifdəki uşaqları müşahidə edirəm. Uşaqların çoxu zəng vurulan kimi sinifdən çıxdılar. Sinfin ən nadinci, həm də çox imkansız və problemli ailədən olanı özü kimi nadinc, kasıb ailədən olan iki oğlana əli ilə sinifdən çıxmamaq işarəsi verib çantasından dörd hissəyə bölünmüş bir sellofan qoğal çıxarıb 3 yerə böldü.
Bu uşaqlar dərs oxuyan olmasalar da, sinifdəki bütün dələduzluqların başında gəlsələr də, həmişə özümdə onlara qarşı nəsə xüsusi rəğbət hissim olub. Bəlkə də, ailə problemlərinə, kasıblıqlarına bələd olduğum üçün? Gördüyüm mənzərə o qədər cəlbedici idi ki! Bu uşaqları onsuz da imkansızlıq, fərsiz atalar, nənə-baba himayəsi, nadinclik kimi bir çox xüsusiyyətlər birləşdirirdi, ancaq səmimiyyət, qayğı, anlayış bir araya gətirmişdi…Gördüklərimdə pis heç nə yox idi, hətta təqdirəlayiq idi, ancaq çox kədərləndim. Çünki yaxşı bilirəm ki, bu gün qonşunun yas məclisindən verilən boyad qoğal parçalarını bəh-bəhlə yeyən yeniyetmə yaşına yenicə qədəm qoymuş oğullar illər keçəcək, Vətən torpağının keşiyini daha ayıq-sayıq çəkəcəklər…