- Köşə

Vüsalə MƏMMƏDLİ. Gülhüseyn Hüseynoğlunun əziz xatirəsinə hörmətlə

Biz oxuyan zaman, BDU-nun filologiya fakültəsində Gulhüseyn Hüseynoğlunu tanımayan, ona xüsusi hörmət, rəğbət göstərməyən tələbə yox idi. Müəllimlər də eləcə. Gülhüseyn müəllimin keşməkeşli həyatından, Vətən sevdasından, ailə faciəsindən (gənc tələbə qızı pəncərə silərkən 5-ci mərtəbədən yıxılaraq həlak olmuşdu) hamımızın xəbəri vardı.

Onunla ilk tanışlığımız belə olmuşdu: 1995-1996-cı tədris ili idi. Birinci kursda oxuyurduq. Əlində qara diplomat olan, yaşlı, nurani görkəmli bir kişinin hər gün 1- ci növbənin son saatlarında auditoriyamıza qonşu olan, fakültənin ən iri zalına keçdiyini gorürdük. Artıq Gülhüseyn müəllim olduğunu bilirdik. İşıqlı gözləri dünən görmüşəm kimi yadımdadır. Çox mehriban salamlaşardıq. O, auditoriyaya keçərdi, biz də, əsasən qızlar, qapının gözündən onu izləyərdik. Maraqlı olan bilirsiniz nə idi? Gülhüseyn müəllim qara diplomatı açar, indiki A4 vərəqlərindən fərqlənən saralmış vərəqləri çıxarar, kürsüyə qalxar, auditoriya dolu imiş kimi salamlaşar və “mühazirə”sinə başlardı! O qədər alovlu, o qədər şövqlə çıxış edərdi ki! Əlbəttə, qarşısındakı vərəqələrə baxmadan. Mövzunun nə olduğunu, yəqin ki təxmin edirsiniz: Mikayil Müşfiq! Ondan başqası mümkündürmü?! Bu minvalla hər gün azı iki saat Gülhüseyn müəllim boş auditoriyaya sevimli şairi haqqında mühazirə deyib gedərdi. Bəzən gəlməmişdən əvvəl auditoriyanı zəbt edərdik. O da bizi görmürmüş kimi çıxış edərdi…

Onun Müşfiq sevgisi möcüzə idi. Eşitdiyimizə görə, Müşfiqin həbsində adı hallanan şair və yazıçılari tədqiq edən müəllimləri gorməyə gözü olmazmış.

O vaxtlar məktəbdə onun ” Mücrü”sünü keçirdik, hətta bu mənsur şeiri səhnələşdirmişdilər. Çox gözəl, ibrətamiz bir ekran əsəri alınmışdı. O, çoxumuzun sevimlisi idi… Mən Gülhüseyn Hüseynoğlunu bu qədər tanıyırdım.

Universitetdə tanıdığım, hörmət etdiyim ən əziz simalardan biri idi Gülhüseyn Hüseynoğlu. Onun siyasi fəaliyyəti, Stalin dövründə Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatın_- “İldırım” Milli Azadlıq  hərəkatının başında dayanması, 1948-ci ildə həbs olunub, 1949- cu ildə 25 illik həbs cəzası alması, Stalinin vəfatı ilə əlaqədar cəzasının 8 ilini çəkib bəraət alaraq azadlığa qovuşması, nəhayət doğma universitetinə qayıtması haqqında oxuduqca adamda  bu vətənpərvər insana qarşı o qədər rəğbət hissi yaranır ki!

Ziya Bünyadovun repressiya qurbanlarından bəhs edən “Qırmızı terror” kitabında Gülhüseyn müəllim və gizli təşkilatın digər üzvlərinin dindirilmə zamanı ifadələri maraq doğurur. Onları narahat edən məsələlərdən biri kimi,”Azərbaycan dili nə üçün dövlət dili kimi işlənmir?” olmuşdur. Onun ana dili eşqini mənsur “Ana dili” şeirində duymamaq mümkün deyil.

“Məni bu antisovet təşkilata Abdullayev Gülhüseyn cəlb etdi” kimi ifadələr var. Gülhüseyn Hüseynoğlu doğrudan da, ürəyində millət sevgisi olan tələbələri təşkilata cəlb edirdi. “Hökm”də oxuyuruq: “Abdullayev Gülhüseyn 1942-1945-ci illərdə antisovet təşkilatının başçılarından olmaqla Zeynalov Hacını və Rzayev Kamili təşkilata cəlb etmiş, həmin təşkilata “İldırım” adının verilməsinə nail olmuş, Sovet dövlətinə və ÜİK (b)P siyasətinə qarşı çıxmış və cürbəcür iftira və böhtanlar yaymışdır. Abdullayevin məqsədi Sovet Azərbaycanını SSRİ-dən ayırmaq və Azərbaycanda “burjua milli respublikası” yaratmaq olmuşdur”.

Gülhüseyn müəllim 2013- cü il iyulun 8- də 90 yaşında vəfat etdi. Böyük azərbaycanlının ruhu şad olsun, nurlar içində yatsın!